Xəbərlər‎ > ‎

Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın xatirəsi yad edildi

Отправлено 25 мар. 2015 г., 6:29 пользователем Murad Nabibekov   [ обновлено 25 мар. 2015 г., 9:11 ]
        
Qarabağ döyüşlərində qəhrəmanlıqla həlak olmuş -
Tovuzun ilk xanım şəhidi Rəhilə Qarayevanın martın 22-də 45 yaşı tamam oldu.
        Martın 14-də isə Bakıda Rəhilə xanımın anım mərasimi keçirilib. 

        Gənc vətənpərvər Leyla Fərhad qızı Həsənovanın təşəbbüsü, Almaz Zeynalovanın rəhbəri olduğu “Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin dəstəyi ilə keçirilən tədbir “Unutmadıq, unutmarıq, unudulmayacaq!” adlanırdı. Elşən Sabiroğlu tədbirin açılışını sədr və layihə rəhbərinə həvalə etdi. Leyla Həsənova Şəhid Rahilə Qarayeva haqqında gələn qonaqlara məlumat verdi. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Şəhid xanımın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edən Qarabağ döyüşçüləri Rahilə Qarayevanın döyüş şücaətindən danışdılar. İbrahim İbrahimov və Mələk Müzəffərova şəhidin xatirəsinə şeirlər söylədilər. Milli konservatoriyanın tələbələri “Qarabağ şikəstə”sini ifa etdilər. Milli qəhraman Fired Asifin qardaşı Ədalət Məmmədov Rahilə Qarayevanın cürətinin, cəsarətinin gənclər üçün bir örnək olduğunu dedi: “Rahilə xanımın döyüş yoldaşı olaraq demək istəyirəm ki, o, mərd idi. 1992-ci il dekabrın 10- da Qubadlı rayonu Yuxarı Cibihli kəndi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Həmin döyüşdə biz cəsur komandirimiz Həsənqulu Qasımovu, döyüşçü yoldaşlarımız Sirac Mehdiyevi, Əhmədi, Tərlanı, topçumuz Rafaeli itirdik. Bu qanlı döyüş zamanı Rahilə Qarayeva adını çəkdiyim heç bir igiddən geri qalmırdı. Özünə söz vermişdi ki, şəhidlərimizin qisasını alacaq. Çox təəssüf ki, 1993-cü ilin iyununda Rahilə Qarayevanı da itirdik. Onun adı da ucalan şəhidlərlə bir sırada çəkildi.”
        
Anım mərasimində bir çox təşkilatların nümayəndələri də iştirak etdi. Bilik Fondundan Səlim Mirqafarov, “Qürur”-Şəhid ailələri birliyinin sədri Naibə Behbudova, kapitan Gülnarə Musəliyeva, Əlillər cəmiyyətinin sədri Salman Xudaverdiyev, Qaradağ rayonu polis mayoru Aidə Şirinova, Müharibə veteranı Nigar Həmidli, Qarabağ qazisi Təranə Mürsəlqulova, döyüşçü Sevda Səfərova, bacıları Savad və Xanımzər də öz çıxışlarında Rahilə xanımın həyat yolunun qürur mənbəyimiz olmasından danışdılar. Şəhid xanım haqqında olan film də iştirakçılara təqdim olundu. Leyla Həsənova daha sonra çıxış edərək bildirdi: “Belə tədbirləri keçirməkdə məqsədimiz gənclərə vətəni sevməyi aşılamaq, şəhidlərimizin unudulmasına izn verməməkdir.” Almaz Zeynalova isə çıxışında qeyd edib ki, Tovuz Rayon İcra Hakimiyyətindən Rahilə Qarayevanın adının əbədiləşdirilməsi üçün müvafiq addımların atılmasını xahiş edirik.
Mənbə: Newsbaku.info

   
   

        QISA ARAYIŞ

        Rəhilə Qarayeva 1970-ci il martın martın 22-də Tovuz rayonunun Qədirli kəndində dünyaya göz açıb. O, məktəb illərində dalaşqan olmasa da, haqsızı, ədalətsizi cəzalandırmağa hər an hazır idi. Qayğısız çağları isə bir göz qırpımında ötüb keçirdi. Daha sonra Sumqayıt şəhərinə köçən Rəhilə peşə məktəbində təhsil alır. O vaxt yurdsevərlər Azərbaycan adlı bir məmləkəti xilas etməyə, Vətənin başı üstünü almış təhlükəni sovuşdurmağa çalışırdılar. Rəhilə də yurdun layiqli övladları kimi, azadlıq, müstəqillik arzusu ilə alışıb yanırdı. Qarabağ müharibəsi başlayanda isə qəti qərar vermişdi: cəbhəyə gedib düşmənlə ölüm-dirim savaşına qalxmalı. Rəhilə Qarayeva 1992-ci ilin aprelində döyüş bölgəsinə yola düşür və Qubadlıdakı “N” saylı hərbi hissənin ikinci taborunda qulluq etməyə başlayır.         
        Rəhilə Komsomol qızı Qarayeva əvvəlcə tibb məntəqəsində çalışırdı. Yaşıdları Simarəİlhamə kimi, o da tibb bacısı Dilşaddan ilk yardım göstərməyin incəliklərini öyrəndi. Təlim meydanında avtomatdan atəş açmaq da Rəhilə üçün çətin olmadı, atdığı güllələr hədəfə dəyirdi. Bir qədər sonra Rəhilənin sorağı igidlikdə adı dilbər əzbəri olmuş Həsənin bölüyündən gəldi. Həmin bölüyün komandirinin adı da erməni quldurların “qara” siyahısında idi. Günlərin birində xəbər yayıldı ki, düşmənin silahlı dəstələri Yuxarı Cibikliyə hücum edib. Hiyləgər yağılar Əyin kəndində qarışıqlıq salıb bizim döyüşçülərin diqqətini bura yönəltmiş, daha böyük canlı qüvvəsini və texnikasını Yuxarı Cibikliyə yeritmişdi. Ermənilər kəndə girib evlərə od vurmuşdular. Həmin döyüşdə Rəhilə də iştirak edirdi. Qəhrəmanlıqda digər yoldaşlarından heç də geri qalmırdı. Amma Rəhilə Qarayevanın döyüş yolu 1993-cü ilin yayınadək davam etdi. İyulun 31-də Qubadlı torpağında, qanlı döyüşlərin birində 23 yaşında şəhidlik zirvəsinə yüksəldi. 
        Şəhid Rəhilə Qarayeva Tovuz rayonunun Qədirli kəndində dəfn olunub. 
        Allah rəhmət eləsin.