Şəhidlərimiz‎ > ‎

Asim Rəcəb oğlu Rəfiyev

Отправлено 11 янв. 2015 г., 11:29 пользователем Murad Nabibekov   [ обновлено 11 янв. 2015 г., 11:30 ]
ÖMRÜ YARIMÇIQ QALSA DA...

        Rəfiyev Asim Rəcəb oğlu 1975-ci ildə Şəkidə anadan olmuşdur. 1993-cü ildə Milli Ordu sıralarına yola düşmüş, 1994-cü il yanvarın 20-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.

        20 yanvar faciəsi baş verəndə Asim şəhərdəki 20 saylı orta məktəbin səkkizinci sinfində oxuyurdu. Bütün sinif yoldaşları kimi o da xalqımızın tarixinə qara gün kimi yazılmış həmin faciəni törədənlərə nifrətini bildirmiş, torpaqlarımızın müstəqilliyi uğrunda şəhid olanların qəhrəmanlığına həsəd də aparmışdır. Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasının odlu misraları onun da dilinin əzbəri olmuşdu:
İnsan insan olur öz hünəriylə,
                Millət millət olur, xeyri şərilə.
                Torpağın bağrına cəsədləriylə
                Azadlıq tumunu əkdi şəhidlər.

        Lakin onda kimin ağlına gələ bilərdi ki, cəmi dörd il sonra Asim də Vətənimizin müdafiəsinə qalxacaq, cəmi 19 yaşında ikən şəhidlik qisməti olacaq.
        Qardaşı Aydının dediklərindən:
        - Asim ailəmizin ən kiçik oğlu olsa da, bacarıqlı idi, qabiliyyətdə hamımıza nümunə göstərərdi. Hələ orta məktəbdə oxuyarkən avtomaşınlara xüsusi marağı vardı. Ona görə də səkkizincini bitirdikdən sonra 43 saylı peşə məktəbinə daxil oldu. Orada avtomobil təmiri çilingəri ixtisasına yiyələndi. Təhsildən ayrılmadan həm də işləyir, ailəmizə kömək edirdi. Hələ qəlbində çox arzuları vardı. Amma atalar demişkən, sən saydığını say, gör fələk nə sayır...
        Ustası Vaqifin dediklərindən:
        - Asim bacarıqlı, iş yönü bilən, canlara dəyən oğlan idi. Hər gün dərsdən sonra yanıma gələr, peşəsinin sirlərinə dərindən yiyələnərdi. Avtomaşının bütün hissələrinə bələd idi. Bacarıqlı təmir ustası, gözəl sənətkar olacaqdı.
        Amma Qarabağ müharibəsi başlanandan Asim torpaqlarımızın müdafiəsində iştirak etməyi üstün tutdu. Düşmənə qarşı kişi kimi vuruşdu, kişi kimi də şəhid oldu. Allah ona qəni-qəni rəhmət eləsin.
        Beləliklə, texniki peşə məktəbini bitirdikdən az sonra Asim Rəfiyevin sorağı Bakıdakı “N” saylı hərbi hissəsindən, bir müddət sonra isə Qarabağdan gəldi. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak etdi. Xalqımızın 20 yanvar faciəsinin dördüncü ildönümünü qeyd etdiyi gündə Rəfiyevlər ailəsi daha bir ağır kədərlə üzləşdi. 20 yanvar şəhidləri sırasına bir Qarabağ şəhidi də əlavə olundu.
        A. Rəfiyevin ömrü yarımçıq qalsa da, xatirəsi doğmalarının, onu tanıyanların qəlbində özünə əbədi yurd saldı.
Fəxriyyə ƏHƏDOVA,
“Milli Qəhrəman” qəzeti