Şəhidlərimiz‎ > ‎

Nurəli Mirəli oğlu Əzizov

Отправлено 11 янв. 2015 г., 11:13 пользователем Murad Nabibekov   [ обновлено 11 янв. 2015 г., 11:19 ]
QƏM YEMƏ, ŞƏHİD ANASI!

        Əzizov Nurəli Mirəli oğlu 1975-ci ilin iyul ayında Şəkidə anadan olmuşdur. 1993-cü ilin iyul ayında Milli Ordu sıralarına yola düşmüş, 1994-cü il yanvarın 13-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Şəhərimizdəki “Şəhidlər xiyabanı”nda torpağa tapşırılmışdır.

        - Nurəli ailəmizin ilki, üç övladımızdan birincisi idi, - deyə şəhid anası Katya Əzizova yana-yana danışdı:
        - Evimizin dirəyi idi. Hər işdə, hər sahədə qardaşları ondan nümunə götürərdilər.
        Hələ məktəbdə oxuyarkən “İpək” şirkətinin “Ulduz” icarə müəssisəsində çilingər işləyən atasının peşəsinə xüsusi maraq göstərirdi. 1989-cu ildə şəhər 2 saylı məktəbin səkkizinci sinfini bitirən kimi Nurəli atasına fikrini açıq bildirdi:
        - İstəyirəm mən də sənin kimi çilingər olum.
        - Lap yaxşı olar, oğul. İstəyirsən səni avtomobil təmiri çilingəri işləyən dostum Akifin yanına qoyum. Ertəsi gün Mirəli kişi oğlunu Akiflə tanış etdi. Nurəli az vaxtda təcrübəli ustanın peşəsinin sirlərini öyrəndi. Ustası bir yerə gedəndə öz yerini ona arxayınlıqla tapşırar, Nurəli də sifarişçilərin hər bir istəyini yerinə yetirməyə, onları razı salmağa çalışardı.
komissarlıqdan çağırış vərəqəsi gəldikdə N.Əzizov da digər yaşıdları kimi Vətən qarşısında xidmət borcunu yerinə yetirməyə yollandı. Bir müddət Bakı yaxınlığındakı “N” hərbi hissəsində döyüş hazırlığına yiyələndi. Əsgər yoldaşlarının, komandirlərinin hörmətini qazandı.
Sonra isə onun sorağı Qarabağdan eşidilməyə başladı. Torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda döyüşlərə inamla girdi, cəsarətlə vuruşdu.
        1994-cü ilin şaxtalı qış günləri idi. Ağdam ətrafında gedən döyüşlər getdikcə kəskinləşirdi. Məhz belə qızğın vuruşmalardan birində - yanvarın 13-də Nurəli düşmən gülləsinə tuş gəldi. Bir gün sonra isə cənazəsi evlərinə - şəhərimizin Vidadi küçəsindəki 15 saylı mənzilə gətirildi. Nurəlinin anası Katya ananın urəyinə dərddən çalın-çarpaz dağ çəkildi. Kədərdən atası Mirəlinin saçları bir gecədə tamam ağardı.
        Qəm yemə, şəhid anası, başını dik tut, şəhid anası! Nurəli Vətən yolunda canından keçmiş, şəhidlik zirvəsinə yüksəlmişdir. O, öz qəhrəmanlığı ilə təkcə sizi deyil, bütün xalqımızın qəhrəman övladına çevrilmişdir.

Fəxriyyə ƏHƏDOVA,
“Milli Qəhrəman” qəzeti