Şəhidlərimiz‎ > ‎

Mahmud Əlibəy oğlu Əlibəyov

Отправлено 11 янв. 2015 г., 11:06 пользователем Murad Nabibekov   [ обновлено 11 янв. 2015 г., 11:07 ]
AĞ ATLI OĞLAN

        Əlibəyov Mahmud Əlibəy oğlu 1974-cü il noyabr ayının 13-də Şəki rayonunun İncə kəndində anadan olmuşdur. 1994-cü il yanvar ayının 17-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid kimi torpağa tapşırılmışdır. 1974-cü ilin 13 noyabrı idi. İncə kəndində Əlibəyovlar ailəsi ömürlərinin ən xoş günlərindən birini yaşayırdı.

        Tanrı gənc ata-anaya oğul bəxş eləmişdi. Körpənin adını Mahmud qoydular. Kənd camaatı gözaydınlığına gəldi. Hamı: “Adı ilə böyüsün”, -dedi. Mahmud da böyüdü. İncə-Zunud kənd orta məktəbinin birinci sinfinə getdi. On il oxudu. Ləzgi balası inadkar idi, qətiyyətli idi, sözündən dönməz idi. Gözünü açıb kəndlərində torpaq görmüşdü. Bu torpağın istisi, hərarəti Mahmudun canına, qanına hopmuşdu. Mahmud kitablardan oxumuşdu, müəllimlərindən eşitmişdi ki, torpaq müqəddəsdir. Vətənin, xalqın qeyrətli oğulları bu torpaq uğrunda canlarından keçiblər, şəhid olublar. Amma Mahmud bütün bunları sehrli, şirin nağıl kimi qavrayırdı. Mahmudun yuxuları da qəribə idi, sehrli idi. Tez-tez özünü ağ geyimdə, ağ atın üstündə, əli qılınclı görürdü. Mahmud röyalarda düşmənlərlə vuruşurdu, özü də cəsarətlə, hünərlə vuruşurdu. Bu döyüşlərin, bu savaşların baş qəhrəmanı da Mahmudun özü olurdu. Və Mahmudun ağlına gəlmirdi ki, günlərin birində o da torpaqlarımıza hücum edən yağı düşmənlə döyüşmək üçün Ağ atlı oğlan kimi şücaət göstərəcəkdir.
        Bəli, nağıl dili yüyürək olur, - deyiblər. Mahmud da kəndin təmiz suyu, halal çörəyi ilə böyüyüb, boylu-buxunlu, yaraşıqlı bir igid oldu.
        Doxsanıncı ilin gözəl yaz günlərindən biri idi. Kəndə səs yayılmışdı. Hamı Mahmudu cəbhəyə yola salmaq üçün yol üstünə çıxmışdı. Elin ağbirçəyi Pəri nənə anasındasn öncə Mahmudu bağrına basdı, üz-gözündən öpdü, xeyir-dua verdi: - Get, oğlum, get, zəfərlərlə qayıt, - dedi.
        Mahmudun odlu, atəşli baxışları qız-gəlinlərin içərisində bir gözələ tuş gəldi. Mahmud o baxışlarda aydınca oxudu: “Səni ta qəbrə qədər gözləyəcəkdir bu könül. Eşqinə olmayacaq zərrə xəyanət məndə”.
        Əlibəyov Mahmud Əlibəy oğlu beləcə elin xeyir-duası ilə əlinə çanta götürüb üzü cəbhəyə yollandı. O gedən Mahmud birdə 1994-cü ilin qarlı-şaxtalı yanvarında kəndə qayıtdı. Dostları Vətənin şəhid oğlunu çiyinlərində, əlləri üstdə, ürəklərinin başında kəndə gətirdilər, ehtiramla torpağa tapşırdılar. Və bütün kənd camaatını başlarına yığıb dedilər ki, Əlibəyov Mahmud Əlibəy oğlu cəbhədə kişi kimi döyüşüb. Son dəfə 1994-cü il yanvar ayının 17-də Ağdamın Güllücə kəndi uğrunda döyüşlərdə şəhid olub.
Allah rəhmət eləsin.
Nərmin QƏDİROVA, 
“Milli Qəhrəman” qəzeti