Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov

Отправлено 12 дек. 2014 г., 4:01 пользователем Murad Nabibekov   [ обновлено 12 дек. 2014 г., 4:02 ]
Vətən mənə oğul desə!..

        Vətən uğrunda şəhid olan qəhrəmanların həyatı və mübarizəsi hər bir Azərbaycan vətəndaşı üçün örnək və əzmkarlıq rəmzidir. Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən və şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov olub. 90-cı illərdə erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü zamanı Mikayıl Cəbrayılov erməni faşizminə qarşı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərib.

        Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxut kəndində anadan olmuşdur. Onun atası Əhmədiyyə Cəbrayılov - II Dünya Müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən Fəxri Legion ordeni ilə təltif olunmuşdur. 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRI-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır. 1966-cı ildə Fransa prezidenti Şarl de Qollun SSRI-yə gəlişi Əhmədiyyə Cəbrayılovun həyatının dönüş nöqtəsi olur. Keçmiş dostu Şarl de Qolla Moskvada görüşən Əhmədiyyə bu tarixdən sonra Sovetlər Ittifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır. 1968-ci ildə Sovet hökuməti “vətən xaini” adını onun üstündən götürür və ona bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı Institutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur. 1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr Inqilabı Ordeni” ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRI-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.
        1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür - Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, Igidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Rene Rassel Əhmədiyyə Cəbrayılova Fəxri Legion ordenini təqdim edir. 1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir.
1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur.
1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir...

Qəhrəman oğul Qarabağda

        Mikayıl Cəbrayılov səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir.1971-ci ildə Şəki Şəhər Daxili Işlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib.
        1978-ci ildə leytenant rütbəsi alıb və sahə müvəkkili vəzifəsinə təyin edilib.ÿ1990-cı il dekabrın 15-də əsir düşür, döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur.
Şəki rayonunun Oxut kəndində dəfn edilmişdir. Adına Şəki şəhərində küçə var. Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.
        1990-cı il dekabrın 12-də baş leytenant Mikayılı 4 nəfər polis əməkdaşı ilə birgə Qarabağa ezam edirlər. Onlar Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə tez-tez hücum edir, əhaliyə dinc yaşamağa imkan vermirdilər. Mikayıl Cəbrayılov öz dəstəsi ilə Ağdama gəlir və orada müvafiq tapşırıqlar aldıqdan sonra Əsgəranın Cəmilli kəndinə gəlmək üçün Şuşaya qalxdılar. Onlar Xankəndinin üstündən dövrə vurub Kosalar yolu ilə Cəmilliyə çatdılar. Mikayıl və onun paqon yoldaşları burada yerli sakinlər və milis işçiləri ilə görüşdülər. Onlar burada erməni quldurlarının mühasirəsində qalmış Cəmillinin təhlükəsizliyini təmin etməli idilər.
        Mikayıl kəndin müdafiəsi üçün kifayət qədər qüvvə olmadığını başa düşsə də Cəmillinin müdafiəsi üçün əlindən gələni etdi. Kəndin ətrafında postlar qoydu, müşahidə məntəqəsi yaratdı. Cəmilli beş-on milis işçisinin ümidinə qalmışdı. Əksəriyyəti ruslar olan hərbçilər də Cəmilli camaatına qənim kəsilmişdi. Onlar kəndi deyil, silahlı erməniləri əliyalın azərbaycanlılardan qoruyurdular. Azərbaycanlılara qarşı cinayətlər törədiləndə qeybə çəkilir, ermənilərə kömək lazım gələndə quduzlaşırdılar. Hamı kimi Mikayıl da bunu dərk edir, taleyi tükdən asılı olan Cəmilli camaatını ayıq-sayıq olmağa çağırırdı.Cəmilliyə çörək Şuşadan gəlirdi. Yolları nəzarətdə saxlayan hərbçilər bütün ixtiyarı erməni yaraqlılarına verdiyindən Şuşaya gedərkən hər dəfə ölümlə üz-üzə gəlirdilər. Erməni quldurları quduzlaşdıqca Cəmillinin çörək təminatı çətinləşirdi. Cəmilli camaatı son ümidlərini milis işçilərinə bağlamışdılar. Haydı oğlum, haydı get, ya qazi ol, ya şəhid!
Şuşadan gələn yol təhlükəli və uzaq olduğundan kənd camaatının çörəklə müntəzəm təminatı sual altında qalırdı. Çıxış yolu yaxınlıqdakı Kosalar kəndindən taxıl gətirməyə qalırdı. Bu yol da təhlükəsiz deyildi.
        Dekabr ayının 15-i. Kosalar kəndində olan dörd ton taxıl Cəmilliyə gətirilməli idi. Bu işi Mikayıl öz öhdəsinə götürdü. Yük maşını təşkil olundu. Bir milis işçisi və yeddi nəfər kənd sakini götürüb Mikayıl Kosalar kəndinə yola düşdü. Cəmillidən çıxan maşın Kosalara çathaçatda güllə yağışına tutuldu. 70-80 nəfərə qədər erməni qulduru maşını dövrəyə aldı. Onlar Cəmillidən gələnləri əsir tutmaq istəyirdilər. Azğın quldurlar maşını hərəkətdən saxlamaq üçün benzin bakına, təkərlərə atəş açdılar. Maşın dayandı. Sonradan açılan atəş polis işçisinin başına dəydi. Atışmada Mikayıl da qolundan yaralandı. Maşındakıların hamısının taleyi təhlükə altında qaldığından Mikayıl qolunun yarasına məhəl qoymadan yerə düşdü və maşındakılara qışqıraraq onların tez aradan çıxmalarını tələb etdi.
Mikayıl özünü maşının altına verdi, avtomatı sinəsinə sıxıb düşmənə cavab atəşi açaraq onu irəliləməyə qoymadı. Ölüm-dirim mübarizəsi davam edirdi. Mikayılın sərrast atəşləri erməni quldurlarını susdurdu. Artıq kənd adamları xilas ola bilmişdilər. Cəsur döyüşçü düşmən əhatəsində qalmışdı. O, son damla qanına qədər döyüşərək qəhrəmanlıqla həlak oldu.
“Ot kökü üstə bitər”- deyiblər. II Dünya müharibəsində öz əfsanəvi qəhrəmanlığı tanınan Əhmədiyyə Cəbrayılovun şücaətini onun oğlu Mikayıl Cəbrayılov Qarabağ uğrunda döyüşlərdə bir daha göstərdi. Vətən üçün, Vətən övladı üçün Qarabağ torpağında şəhid oldu. Qanı ilə suvardı Vətən torpağını, əyilmədi düşmənə. Qəhrəmanlığı ilə əbədiyyətə qovuşdu.
Mikayıl Cəbrayılov ailəli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir...

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir