Milli Qəhrəmanlarımız

Milli Qəhrəman Elşad Yəhyayevin anadan olmasının 50 illik yubileyi qeyd olundu

Отправлено 26 апр. 2016 г., 23:03 пользователем Murad Nabibekov   [ обновлено 26 апр. 2016 г., 23:21 ]

Elxan ABDULLAYEV,
Şəki Şəhər Təhsil Şöbəsi
müdirinin müavini








        Dünən - a
prelin 26-da Şəki şəhər S.Vurğun adına folklor evində Azərbaycanın Mİlli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayevin anadan olmasının 50 illiyi münasibətilə xatirə gecəsi keçirilmişdir.

        Azərbaycanın 
Dövlət Himni səsləndirildikdən sonra Şəki şəhər Ə.Abdullayev adına 21 nömrəli tam orta məktəbin kollektivi tərəfindən yüksək səviyyədə hazırlanmış səhnələşdirilimiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Qarabağ uğrunda döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Xatirə gecəsində Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri cəmiyyəti Şəki şəhər təşkilatının sədri Məmmədnuru Əzizov, Milli Qəhrəmanın ibtidai təhsil aldığı Şəki şəhər 12 nömrəli tam orta məktəbin təqaüdçü müəllimi Güllər Salamova, ADPU-nun Şəki filialının kafedra müdiri, pedaqoji elmlər doktoru Firədun İbrahimov, Elşad Yəhyayevin dayısı, həkim Akif Əsədullayev və Şəki Şəhər İcra Hakimiyyətinin məsul işçisi Mayis Səlimov çıxış edərək erməni işğalçılarının xalqımıza qarşı törətdiyi təxribatlardan, Azərbaycanın igid oğullarının ərazi bütövlüyümüz uğrunda mübarizədə göstərdikləri şücaətdən danışmış, Elşad Yəhyayev haqqında xatirələrini bölüşmüşlər. 
        
Şəkidə yerləşən müxtəlif hərbi hissələrin əsgər və zabitlərinin də iştirak etdiyi tədbirdə videoçarxlar və slaydların müşayiəti ilə aprelin əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin düşmən təxribatlarına cavab verərkən əldə etdiyi uğurlardan,xalqımızda və gənclərimizdə yaranmış böyük ruh yüksəkliyindən ətraflı söhbət açılmış, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlükəısizlik Şurasındakı çıxışından fraqmentlər alqışlarla qarşılanmışdır. Sonda Milli Qəhrəman Elşad Yəhyayevin anası Elmira xanım çıxış edərək oğlunun xatirəsinin əziz tutulmasına və bu cür gecənin təşkilinə görə minnətdarlığını bildirmişdir.
 
  
  
  
  
  
   
  
  
 











Çingiz Fuad oğlu Mustafayev

Отправлено 12 дек. 2014 г., 4:38 пользователем Murad Nabibekov   [ обновлено 12 дек. 2014 г., 4:39 ]

Mustafayev Çingiz Fuad oğlu — jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı.


        Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçmüşdür. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirmişdir. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. 1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirmişdir.
        1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.
        Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi.
        Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı.
Döyüşlərdə iştirakı[redaktə]
        Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
        Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
        Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi.
        Evli idi, bir övladı yadigar qalıb.
        Milli Qəhrəman.
        Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
        Bakıda şəhidlər Xiyabanında dəfn edilib.
        DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanımızın adını daşıyır.
        Yaşadığı binanın önündə barelyefi vurulub.
        C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.
        2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.

Allahverdi Teymur oğlu Bağırov

Отправлено 12 дек. 2014 г., 4:28 пользователем Murad Nabibekov   [ обновлено 12 дек. 2014 г., 4:29 ]

        
Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. İdmana böyük həvəsi olub. Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həmdə, Qarabağ Ağdam futbol klubunun yadda qalan üzvlərindəndir. 1976-cı ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

        Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan birinə, Vətən oğulları batalyonuna, Allahverdi Bağırov rəhbərlik edib. Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağkəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. O, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və
əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Ən böyük hərbi uğuru 1992-ci il 12 iyundə Aranzəmin kəndi, Naxçıvanlı kəndi döyüşlərində olmuşdur. O zaman Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, döyüşçülər Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov minaya düşərək şəhid olmuşdur.
        Ailəli idi, bir oğlu iki qızı var.
        
Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

        Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir.






Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov

Отправлено 12 дек. 2014 г., 4:01 пользователем Murad Nabibekov   [ обновлено 12 дек. 2014 г., 4:02 ]

Vətən mənə oğul desə!..

        Vətən uğrunda şəhid olan qəhrəmanların həyatı və mübarizəsi hər bir Azərbaycan vətəndaşı üçün örnək və əzmkarlıq rəmzidir. Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərən və şəhidlik zirvəsinə yüksələn oğullarımızdan biri də Mikayıl Əhmədiyyə oğlu Cəbrayılov olub. 90-cı illərdə erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü zamanı Mikayıl Cəbrayılov erməni faşizminə qarşı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərib.

        Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxut kəndində anadan olmuşdur. Onun atası Əhmədiyyə Cəbrayılov - II Dünya Müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən Fəxri Legion ordeni ilə təltif olunmuşdur. 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRI-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır. 1966-cı ildə Fransa prezidenti Şarl de Qollun SSRI-yə gəlişi Əhmədiyyə Cəbrayılovun həyatının dönüş nöqtəsi olur. Keçmiş dostu Şarl de Qolla Moskvada görüşən Əhmədiyyə bu tarixdən sonra Sovetlər Ittifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır. 1968-ci ildə Sovet hökuməti “vətən xaini” adını onun üstündən götürür və ona bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı Institutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur. 1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr Inqilabı Ordeni” ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRI-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.
        1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür - Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, Igidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Rene Rassel Əhmədiyyə Cəbrayılova Fəxri Legion ordenini təqdim edir. 1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir.
1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur.
1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir...

Qəhrəman oğul Qarabağda

        Mikayıl Cəbrayılov səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir.1971-ci ildə Şəki Şəhər Daxili Işlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib.
        1978-ci ildə leytenant rütbəsi alıb və sahə müvəkkili vəzifəsinə təyin edilib.ÿ1990-cı il dekabrın 15-də əsir düşür, döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur.
Şəki rayonunun Oxut kəndində dəfn edilmişdir. Adına Şəki şəhərində küçə var. Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.
        1990-cı il dekabrın 12-də baş leytenant Mikayılı 4 nəfər polis əməkdaşı ilə birgə Qarabağa ezam edirlər. Onlar Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə tez-tez hücum edir, əhaliyə dinc yaşamağa imkan vermirdilər. Mikayıl Cəbrayılov öz dəstəsi ilə Ağdama gəlir və orada müvafiq tapşırıqlar aldıqdan sonra Əsgəranın Cəmilli kəndinə gəlmək üçün Şuşaya qalxdılar. Onlar Xankəndinin üstündən dövrə vurub Kosalar yolu ilə Cəmilliyə çatdılar. Mikayıl və onun paqon yoldaşları burada yerli sakinlər və milis işçiləri ilə görüşdülər. Onlar burada erməni quldurlarının mühasirəsində qalmış Cəmillinin təhlükəsizliyini təmin etməli idilər.
        Mikayıl kəndin müdafiəsi üçün kifayət qədər qüvvə olmadığını başa düşsə də Cəmillinin müdafiəsi üçün əlindən gələni etdi. Kəndin ətrafında postlar qoydu, müşahidə məntəqəsi yaratdı. Cəmilli beş-on milis işçisinin ümidinə qalmışdı. Əksəriyyəti ruslar olan hərbçilər də Cəmilli camaatına qənim kəsilmişdi. Onlar kəndi deyil, silahlı erməniləri əliyalın azərbaycanlılardan qoruyurdular. Azərbaycanlılara qarşı cinayətlər törədiləndə qeybə çəkilir, ermənilərə kömək lazım gələndə quduzlaşırdılar. Hamı kimi Mikayıl da bunu dərk edir, taleyi tükdən asılı olan Cəmilli camaatını ayıq-sayıq olmağa çağırırdı.Cəmilliyə çörək Şuşadan gəlirdi. Yolları nəzarətdə saxlayan hərbçilər bütün ixtiyarı erməni yaraqlılarına verdiyindən Şuşaya gedərkən hər dəfə ölümlə üz-üzə gəlirdilər. Erməni quldurları quduzlaşdıqca Cəmillinin çörək təminatı çətinləşirdi. Cəmilli camaatı son ümidlərini milis işçilərinə bağlamışdılar. Haydı oğlum, haydı get, ya qazi ol, ya şəhid!
Şuşadan gələn yol təhlükəli və uzaq olduğundan kənd camaatının çörəklə müntəzəm təminatı sual altında qalırdı. Çıxış yolu yaxınlıqdakı Kosalar kəndindən taxıl gətirməyə qalırdı. Bu yol da təhlükəsiz deyildi.
        Dekabr ayının 15-i. Kosalar kəndində olan dörd ton taxıl Cəmilliyə gətirilməli idi. Bu işi Mikayıl öz öhdəsinə götürdü. Yük maşını təşkil olundu. Bir milis işçisi və yeddi nəfər kənd sakini götürüb Mikayıl Kosalar kəndinə yola düşdü. Cəmillidən çıxan maşın Kosalara çathaçatda güllə yağışına tutuldu. 70-80 nəfərə qədər erməni qulduru maşını dövrəyə aldı. Onlar Cəmillidən gələnləri əsir tutmaq istəyirdilər. Azğın quldurlar maşını hərəkətdən saxlamaq üçün benzin bakına, təkərlərə atəş açdılar. Maşın dayandı. Sonradan açılan atəş polis işçisinin başına dəydi. Atışmada Mikayıl da qolundan yaralandı. Maşındakıların hamısının taleyi təhlükə altında qaldığından Mikayıl qolunun yarasına məhəl qoymadan yerə düşdü və maşındakılara qışqıraraq onların tez aradan çıxmalarını tələb etdi.
Mikayıl özünü maşının altına verdi, avtomatı sinəsinə sıxıb düşmənə cavab atəşi açaraq onu irəliləməyə qoymadı. Ölüm-dirim mübarizəsi davam edirdi. Mikayılın sərrast atəşləri erməni quldurlarını susdurdu. Artıq kənd adamları xilas ola bilmişdilər. Cəsur döyüşçü düşmən əhatəsində qalmışdı. O, son damla qanına qədər döyüşərək qəhrəmanlıqla həlak oldu.
“Ot kökü üstə bitər”- deyiblər. II Dünya müharibəsində öz əfsanəvi qəhrəmanlığı tanınan Əhmədiyyə Cəbrayılovun şücaətini onun oğlu Mikayıl Cəbrayılov Qarabağ uğrunda döyüşlərdə bir daha göstərdi. Vətən üçün, Vətən övladı üçün Qarabağ torpağında şəhid oldu. Qanı ilə suvardı Vətən torpağını, əyilmədi düşmənə. Qəhrəmanlığı ilə əbədiyyətə qovuşdu.
Mikayıl Cəbrayılov ailəli idi. Bir övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir...

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

1-4 of 4