Məqalələr‎ > ‎

BİR ŞƏKLİN TARİXÇƏSİ

Отправлено 27 февр. 2016 г., 1:29 пользователем Murad Nabibekov   [ обновлено 27 февр. 2016 г., 1:34 ]
Xankəndinə yürüşümüzün qarşısı alınmasaydı...   


Şəhid şagirdlərinin şəklindən albom düzəldən Əkbər müəllim: 

Mühasirəni yarıb, adamları xilas etdik”

* * * 

Hər şey bir zənglə başladı. Adətim üzrə hər dəfə gecə Lent.az-a yazı göndərəndən sonra, səhər zəng edib xəbər verirəm. Bu dəfə hər zəngimi “Əfəndim” deyərək açan, xoş əhvalda olan Qabil Abbasoğlunun səsi titrəyirdi:

 

- O adamları tapmaq lazımdır, Vüsalə...

 

- Hansı adamları, abi?

 

Səhər hələ indi açılmışdı, bu tezliklə yazını oxuyacağı ağlıma da gəlməzdi.

 

- O adamları deyirəm, o adamları... Gecə göndərdiyin “Əsir düşərgəsi”ndəki şəkil dəhşətdi... O qadın... Onu qollarında aparan adamın halı da heç ondan yaxşı deyil, ağladığı hiss olunur... O adamları tapmaq lazımdır... Onlar qəhrəmandır...

 

Müsahiblərim hamısı onların dəyişdirilməsində Allahverdi Bağırovun rolu olduğunu deyiblər. Buna görə də özümə təxmini bir “yol xəritəsi” cızdım. “Qarabağ” Futbol Klubunun “İmarət” Azad Azarkeş Klubu ilə əlaqə saxladım: “Mənə Allahverdi Bağırovun yaxınlarından kimsə lazımdır”. Taleh adlı adamın telefon nömrəsini verdilər: “Bacısı oğludur, bütün döyüşlərdə yanında olub...”

 

Zəngləşdik:

 

- Əlimdə Xocalı girovları dəyişdirilərkən çəkilən bir şəkil var, oradakı döyüşçünü axtarıram.

 

- Şəkli “whatsapp”la oğluma göndərin, baxım, deyim.

 

Bir neçə saniyə sonra zəng etdi:

 

- Yadıma sala bilmədim. Bizim batalyonda belə adam olmayıb. Böyük ehtimalla, Xocalıdandır...

 

- Şəkildəki qadın onu Allahverdi Bağırovun dəyişdiyini dedi, orada ancaq sizin döyüşçülər ola bilərdi...

 

- Sizə bir adamın telefon nömrəsini verəcəyəm, o hər şeyi dəqiqliyi ilə bilir. Əkbər Rüstəmov – dayımın müavini olub. Orada baş verənləri Əkbər müəllim kimi yadında saxlayan adam çətin tapıla. Onda əsl müəllim yaddaşı var, heç kimi unutmur... Sizə hər şeyi olduğu kimi danışacaq...

 

Əkbər Rüstəmovla söhbətə qədər çox adamla görüşmüşdüm, yalanları dinləməkdən o qədər yorulmuşdum ki... Hər şeyi olduğu kimi danışacaq adama elə ehtiyacım var idi ki...

 

Ümumiyyətlə, son on beş ayda üzərində çalışdığım mövzular psixoloji cəhətdən elə ağırdır ki, dostlarımın da, oxucuların da qayğısını həmişə hiss etmişəm. “Sən ağır mövzular işləyirsən, sarsıntın çoxdur, sənə görə narahatıq” deyib musiqi göndərən kim, lətifə göndərən kim...

 

Yalandan qəhrəmanlıq etməyin mənası yoxdur, niyə gizlədim, “Əsir düşərgəsi”ni işləyərkən ciddi problemlər yaşamışam. Büruzə verməməyə çalışsam da, gecələr qarabasmalarım olub, yuxum qarışıb... Amma nə dinlədiyim, nə də yazdığım hekayələr əlimi işdən soyutmayıb...

 

Bu dəfə isə həqiqətən həyat mənim üçün bütün əhəmiyyətini itirmişdi. Nəyə tutunub yaşaya bilərəm, ağlıma gəlmirdi. Bir şəklin tarixini araşdırarkən o qədər adamla görüşmüşdüm ki, onların yarısı fırıldaqçı, yalançı, Qarabağ uğrunda gedən döyüşlərdə olmayan uğurlarımızı öz adına yazan, bununla mətbuata yol tapmağa çalışan dələduzların müharibənin üstündən bir belə vaxt keçdikdən sonra da onunla alver etməsi məni özümdən çıxardırdı...

 

Həqiqi döyüşçülərin isə gözünə baxa bilmirdim. Bu, doğrudan dəhşət idi. Onlar o birilərindən fərqli olaraq həyasızlıqla qəhrəmanlıqlarından danışmır, tavana baxır, döşəməyə baxır, gözlərinə baxmağıma imkan vermirdilər. Həyatda məğlub kişinin gözlərinə baxmaqdan dəhşətli heç nə yox imiş...

 

Onlarla danışanda məlum oldu ki, mənim kimi neçə-neçə insanın, o cümlədən gəncliyini səngərdə keçirən bu döyüşçülərin həyatı nələrin uğrunda məhv olub. Müharibənin oyun olduğunu bilirdim, amma bu qədərini düşünməmişdim...

 

Həyat o qədər əhəmiyyətsiz olmuşdu ki... Onların baxışları, danışdıqları qarşısında özümü o qədər mənasız işlə məşğul olan biri kimi hiss edirdim ki... Bir neçə görüşdən sonra qərar verdim – bundan sonra heç nə yazmayacaqdım. Nə “Əsir düşərgəsi”, nə “İnternat dramı”. Artıq görüşlərə sırf maraq üçün gedirdim. Onlardan heç bir yerdə yazılmayan hadisələr haqqında eşidirdim, istəyirdim ki, bu haqda daha çox məlumatım olsun...

 

İki ay heç nə yazmadım. Amma axı Qabil müəllimə o şəklin tarixini araşdıracağıma söz vermişdim...

 

...Bu gündən Lent.az-da sizə məni həyatdan küsdürən bu görüşlərdən yazacağam. Amma yazılması mümkün olanları... Oxucumun da küsməsini istəmirəm...

 

* * *


 I yazı

 

Mən Qarabağ qazisi Əkbər Rüstəmovu Sənanın atası kimi tanıyırdım. Heç müəllim olduğunu da bilmirdim.

 

Sənanı isə Rey Kərimoğlunun Lent.az-da yayımlanan “Kəşfiyyatçının xatirələri”ndən tanımışam. Əminəm, siz də unutmamısınız:

 

“...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyinin əzabla çırpındığı aydınca görünür. Tozla qan qarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür... Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə düz gözlərimin içinə baxır. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram...”

 

Bu sətirləri oxuyanda məni sarmış duyğular o vaxtdan ruhumu tərk etmir. Sanki atası da bunu bildiyindən, darısqal otağa girən kimi bizi tanış edir:

 

- Sənandır...

 

Divardakı şəklinə çevrilirəm. Sanki şəkildən də Reyin təsvir etdiyi kimi tozla qan qarışıq “palçığa” bulaşmış ürəyinin necə çırpındığını görürəm. Fotoqrafımız tez şəklini çəkir. Qonşu otaqdan tar səsi gəlir. Yəqin nəvələrdən biridir. Amma mənə elə gəlir ki, Sənan qonşu otaqda tar çalır... Axı o həm tar çalırdı, həm də idman ustası idi. Bütün bunları “Kəşfiyyatçının xatirələri”ndən bilirəm. Sonra Sənan haqqında onun dostu Muraddan da soruşmuşdum:

 

- Reyin “Kəşfiyyatçının xatirələri”nin girişində haqqında yazdığı oğlanı unuda bilmirəm... – demişdim. Murad uzaqlara baxıb:

 

- Yaxşı oğlan idi Sənan... Baxmayaraq ki, atası müəllim idi, amma biz dərsdən qaçanda, o da bizə qoşulub qaçardı, dostlarını çətin vəziyyətdə qoymazdı... Az danışardı, danışanda da utanardı... – demişdi.

 

Başqa nə desin ki... On doqquz yaşlı insan arxasınca danışılacaq hansı həyatı yaşamağa, xatirəni buraxmağa macal tapmışdı ki...

 

İndi Sənanın ruhu dolaşan evdə mən də heç nə danışa bilmirəm. Elə bilirəm ki, onun “palçığa” bulaşmış ürəyi hələ də döyünür və o nəsə demək istəyir. Mən danışıb, az danışan əsgərin son sözlərinə mane olmaq istəmirəm...

 

Əkbər müəllim danışır:

 

- Təkcə Sənanı deyil, neçə bala itirdim. Bilirsiniz necə tələbələrim şəhid oldu? Müharibə bizim gənclərə həddindən artıq ziyan vurdu. Tələbələr təhsilini yarımçıq qoyub, qayıtdı, həyatını səngərdə davam etdi, təhsil ala bilmədi... Zaman keçdikcə ürəkdə müəyyən istəklər ölür... ailə haqqında düşünə bilmədilər... Böyük bir nəsil məhv oldu.

 

Əkbər Rüstəmov döyüşlərə üç oğlu ilə qatılıb. Sənan ikinci oğludur. Üçüncüsü – Kənan isə səngərdə gecələyəndə lap uşaq olub. Bu haqda danışır:

 

- O yurdun yiyəsi biz idik, qızım. Bu gün də müharibə olsa, ailəlikcə gedəsiyik. Neçə yaşında olursa-olsun, oğuldur, döyüşməlidir. Tək biz deyildik, qohumlarımın çoxu orada idi. Sənandan bir ay sonra da qardaşım Xosrovun oğlu Yusif şəhid oldu. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən şəhərdir və onların səksən faizi mənim tələbəm olub. Mən bir bala itirməmişəm ki...

 

1988-ci ilin fevralında Ağdamda keçirilən böyük mitinqdən danışır. İkimiz də o günlərə qayıdırıq. Sənan tar çalır, o “on minlərlə adam yığılmışdı” deyir, mənsə babamın iri, güclü barmaqlarını xatırlayıram. Həmin günü babam ildə bir dəfə - axır çərşənbədə havaya atəş açdığı köhnə tüfəngini çıxardıb, təmizləyirdi. Həmişə sərtliyi ilə seçilən babamın üzündə heç vaxt görmədiyim ifadə var idi. Bu, sərtlikdən də o yana idi. Qorxumdan gəlinciyim də qucağımda qaçıb stolun altına girmişdim. Atamın nənəsi isə qırıq-qırıq xatirələrini danışıb, tez-tez “Allah, biz görənləri balalarımıza göstərmə” deyirdi... Bədənim gizildəyirdi, üşüyürdüm. MÜHARİBƏ BAŞLAMIŞDI.

 

- Dedik ki, hökumət bu işə qarışsa lap yaxşı, qarışmasa, biz ermənilərə özümüz öz gücümüzü göstərəcəyik. Tezdən əliyalın Xankəndinə yürüş etdik. Aramızda hər yaşda adam var idi. Qarqar çayı tərəfdə uşaqları saxladım ki, siz hara gedirsiniz? “Əkbər müəllim, biz də gedəcəyik” dedilər. Əlində şlanq parçası tutan uşağın biri dedi ki, “Əkbər müəllim, biz də öz yaşıdlarımıza cavab verəcəyik”. Bax, onda gözlərim doldu. Həm qürur duydum, həm də uşaqdır axı... İki balamız orada şəhid oldu. Bəxtiyar Quliyev – 50 saylı peşə məktəbində tələbəm idi, I kursda oxuyurdu... Əli Hacıyev – yaxın dostum Arifin qardaşı idi... Yaralananlar da çox idi.

 

Qarşısına tökdüyü fotoların arasından onların – Qarabağ müharibəsində verdiyimiz ilk şəhidlərimizin şəkillərini çıxardır. Talehin onun haqqındakı sözü yadıma düşür: “Əsl müəllim”. Şəhid tələbələrinin şəklini ailə albomunda gəzdirən müəllim... Mən döyüşçü ilə görüşə gəlib, həm də şərəfli bir müəllimlə tanış olmuşdum...

 

- Həmin hadisədə bizim insanlarda olan gücə baxıb, heyrətə gəldim. Yolda KaMAZ maşını saxlamışdılar ki, kütlənin yolunu kəssin. İnsan izdihamı o KaMAZ-ı necə qaldırıb kənara çəkdisə, elə bilərdin balaca qutu tərpədirlər. İnsan gücünün hər şeydən qüvvətli olduğunu mən orada hiss etdim. Əsgəranda qabağımızı kəsdilər... Həmin gün bizə mane olmasaydılar, hadisələr bu yerəcən gəlməzdi. Nə torpaq itirərdik, nə də bir belə şəhid verərdik... Heç Xocalı faciəsi də yaşanmazdı...

 

Xocalı hadisələri gözlənilirdi, qızım, amma nə vaxt, o bilinmirdi. Bunu heç ermənilər də bilə bilməzdi. Bu axı birbaşa rus ordusunun təcavüzü idi. Vaxtı da onlar müəyyən edirdilər...

 

Bizə gecə saat 11-də xəbər gəldi. Xocalıdan rabitəçi qızlar xəbər etdilər. Bizdə də elə güclü silah yox idi. Onlarda isə tank, ZTR, PDM... nə istəyirsən var idi. Sovetdən güc almış rus ordusudur də, qızım. Biz, yalın əlimizlə rus ordusuna qarşı vuruşmuşuq...

 

...Ağdamın Şelli kəndindəki Mantar dağından baxanda Xocalı ovuc içi kimi görünürdü. Xocalının təhlükə altında olduğunu, hər an hücumun gözlənildiyini bilən Ağdam Könüllü Özünümüdafiə Batalyonunun üzvləri Mantardan Xocalıya baxırdılar. Rusiyanın 366-cı motoatıcı alayının qarşısına çıxa biləcək texnikaları yox idi. Avtomatları belə kifayət qədər deyildi. Qısası, bu əsgərlər yalnız torpaq sevgisi ilə təpədən-dırnağa silahlanmışdılar. Başqa silahları yox idi...

 

Davamını Əkbər müəllimin gündəliklərindən oxuyuram:

 

“Sulu qar yağırdı. Erməni-rus hərbi birləşmələrinin Xocalıya hücum xəbəri Ağdama bir anda yayıldı. Düşmən dinc, silahsız, əliyalın xalqa divan tutmuşdu. Zavallı, köməksiz insanların ah-naləsi ərşə qalxmışdı. Xocalılara kömək lazım idi. Kimin ayağı yer tuturdusa, Şelliyə - cəbhə xəttinə yollanırdı.

 

Hamını bircə fikir narahat edirdi: sağ qalanları necə qurtarmaq? Bu vaxt Allahverdi Bağırov dedi:

 

- Müəllim, sən adamlarınla soldan, biz isə sağdan hücuma başlayaq. Düşmənin fikrini yayındırıb, xocalıları xilas etməliyik.

 

Biz ayrıldıq. Şahbaz, Zahid, Elman, Məzahir, Sarvan, İlham... hamımız irəliyə atıldıq. Hər yanı od-alov bürümüşdü. Tank, ZTR, avtomat və pulemyot səsindən qulaq batırdı. Güllə səsləri insanların harayına, yalvarışlarına qarışaraq sərt qayalara dəyib əks-səda verir, qorxulu səhnə yaradırdı. Havanın soyuq olmasına baxmayaraq, hamımız tərləmişdik. İsti geyimləri çıxarıb atmaq istəyirdik.

 

- Dayanın, diqqətli olmaq lazımdır, bizimkilərin yerini müəyyənləşdirməliyik, - deyə əmr etdim.

 

İrəliyə diqqət etdik, payızlıq taxıl zəmisinin içində 70-80 nəfərin uzandığını gördük. Bir az da irəlilədik. Birini tanıdım, Xankəndli Rəşiddir. Uşaqları səslədim:

 

- İrəli! Kömək etməliyik!

 

Məzahir, Elman, Sarvan, İlham, hamı “İrəli!” deyərək, hücuma keçdik. Düşmən çaş-baş qaldı. Düşmən əsgərləri bir-birinin ardınca yerə sərildi. Mühasirəni yarıb, adamları xilas etdik.

 

Xankəndli Rəşid qollarını açıb, ağlaya-ağlaya məni bağrına basmaq istədi:

 

- Müəllim, sizə qurban olum, bizi yaxşı qurtardınız.

 

Bir az sərtləşdim:

 

- İndi qucaqlaşmaq vaxtı deyil, qalanların yerini göstərin, heç olmasa, səmtini deyin, onları da xilas etmək lazımdır axı.

 

- Başda ağıl qalıb ki, - deyə Rəşid kişi əli ilə adamlar olan səmti göstərir: - Oğlum Ceyhun da orada yaralı qalıb.

 

Şahbaza, oğlum Sarvana və İlhama adamları Şelliyə aparmağı əmr etdim. Elə bu vaxt bizi hər tərəfdən atəşə tutdular. Güllə yağış kimi yağırdı. Cavab atəşi açdıq.

 

Allahverdi ilə Asifin dəstələrinin Qaraqaya tərəfdən irəliləyərək, xeyli Xocalı sakinini xilas etməsi xəbəri qolumuza qüvvət verdi, döyüş davam etdi. Ancaq əhvalımızı pozan acı bir xəbər də gəldi – Xosrov və Canpolad qəhrəmanlıqla döyüşüb, həlak olublar. Onlar neçə-neçə günahsız insanı xilas edib, özləri düşmən gülləsinə tuş gəlmişdilər.

 

Əmr etdim:

 

- Yaralıları, ayağını don vuranları, qadınları və uşaqları arxaya – Şelliyə aparmaq lazımdır.

 

Mantar dağının ətəyində dayanan avtobuslar, köməyə gələn xüsusi maşınlar yaralıları və xocalıları Ağdama daşıdı. Bu proses bir neçə saat davam etdi. Gün ərzində bir  “PAZ” markalı avtobus və bir “Niva” maşını düşmən minası ilə partladıldı. Hamı yorulsa da, geriyə çəkilmək istəmirdik. Bir neçə dəfə irəliyə gedib adamları, ayaqlarından güllə yarası alan qadınları kürəyimizdə gətirdik. Növbəti dəfə oğlum Kənanın arxamca gəldiyini gördüm. Soruşdu:

 

- Ata, yaralanmısan?

 

- Boş şeydir, keçib gedər. Narahat olma.

 

Birdən inilti səsi eşitdim. İrəlidə nəsə qaralır. Kənanla qaraltıya sarı atıldıq. Cavan bir oğlanın ayağından yaralanaraq, yerə sərildiyini gördük, yanında da bir it var idi. İt ayağımdan çəkib, məni ona sarı aparır, sanki dil açıb yalvarırdı ki, sahibinə kömək edək. Oğlanı kürəyimə atıb, geri döndüm. Bir qədər gedəndən sonra Kənan onu məndən aldı:

 

- Ata, sən çox yorulmusan, ver, mən götürüm, sən silahları götür.

 

Qaranlıq olduğundan səmti müəyyənləşdirmək çox çətin idi. Hər tərəfdən də atəş səsi gəlirdi, hərdən irəliyə keçir, yol tapır və Kənana “Arxamca gəl” – deyərək, göstəriş verirdim:

 

- Deyəsən, yaxınlaşırıq, irəlidəki dağa çıxıb, o üzə aşsaq, hər şey yaxşı olacaq.

 

Artıq qar kəsmişdi, bir az oturub, dincəldik. Fürsətdən istifadə edib, oğlandan adını soruşdum:

 

- Adım Ceyhundur. Xankəndli ağbaş Rəşid kişinin oğluyam. Ancaq bilmədim atamgil harda qaldı...

 

Gözləri dolmuşdu. Ona bir az əvvəl atasını azad edib, Şelliyə göndərdiyimizi dedim...”

 

26 fevral 1992-ci il. Ağdam.

 

- Qızım, kürəyimizdə çıxardığımız adamlar qorxularından boynumuzu elə sıxırdılar ki, aylarla boğazımızın ağrıları getmədi... Yüzlərlə elə adam çıxartmışıq...

 

Bir qadın var idi, 70 yaşı olardı, güllə dəyməmişdi, amma ürəyi partlamışdı... Nə görmüşdüsə... Onu da orada qoymadım, onu orada atıb gəlmək mümkün deyildi...

 

Bir gəlindən soruşdum ki, içəridə gözlərinlə nə gördün? “Bir gəlin var idi, onu vurdular, balası da yaralanmışdı... Uşağı da götürüb xaç kimi pəncərəyə vurmuşdular. Uşaq o qədər çığırdı ki, axırda anasının döşünü kəsib, əmzik kimi ağzına verdilər” dedi...

 

- Allahverdi Bağırovla Vitali Balasyan girovları dəyişmək üçün görüşürdülər. Siz bu görüşlərində iştirak edirdiniz?

 

- İki dəfə iştirak etdim, sonra xoşuma gəlmədi. Çünki biz torpaq uğrunda mübarizə aparırdıq, adamları meyitlərə dəyişmək uğrunda yox. Onlar bizim adamları öldürüb verirdilər, biz isə sağ verirdik. Ürəyim bunu götürmürdü.

 

- Amma Allahverdi Bağırov Xocalı hadisəsindən həmən sonra 1003 nəfəri dəyişə bildi...

 

- Əvvəllər mümkün idi. Sonra isə onlar eləmədilər. Bilirsən, qızım, erməninin xislətini bilmək olmur. Bir dəfə Allahverdi dedi ki, Vitali deyir biz tərəfdə ruslardır... Rəhmətlik Allahverdi heç kəsin görmədiyi bir işi görüb, qızım. Heç dövlətin də görmədiyi işi görüb. Bunu danmaq mümkün deyil. O komandir idi, mən müavini. Görürdüm bütün bunlar nələr bahasına başa gəlir...

 

Xocalı ilə bağlı danışanda Allahverdi ilə yanaşı mütləq Seyidağanın da adını çəkmək lazımdır. Seyidağa Mövsümlü çox əziyyət çəkib. Mənim nəzərimdə o qəhrəmandır. Bax, hamını o çəkib, amma onu heç kim çəkməyib. Heç bir kadrda görünmür. Hətta bir dəfə onun kadrlarında özümü də gördüm. Bir oğlanla əlimizi birləşdirdik, bir kişi oturdu qolumuzun üstündə, çıxartdıq. Üzümün yarısı düşmüşdü, mənə çox maraqlı oldu...

 

- Heç geri qaytarmadığınız əsir olub?

 

(I yazının sonu)

 

II yazıda:

 

- Qadınları da, kişiləri də çox eybəcər bir formaya salmışdılar. Elə bir vəziyyət idi ki, mən həmin günü papağımı başımdan götürüb, tulladım.

 

- Bizdə dəqiq məlumat var idi ki, bütün girovları Əsgəranda saxlayırlar. Buna görə də martın 6-da ora geniş miqyaslı hücum planlayırdıq. Tankları gətirib Şellidə düzmüşdülər, hazırlıq gedirdi. Bir həftə sonra gördük ki...


* * *


Əkbər Rüstəmov: “Şelli dağını aşıb, hücuma keçdik, 

ölüm-dirim savaşı başladı” 

 

II yazı

 

- Heç geri qaytarmadığınız əsir olub?

 

- Olub. Bir nəfər tutmuşduq, bizə xeyli lazımlı məlumat verdi. O məlumatlar çox işimizə yaradı. Amma xahiş etdi ki, məni geri verməyin, öldürərlər. Biz də üçüncü ölkəyə göndərdik. Yəni bizə çox kömək etdi, tək xahişi o idi, razılaşdıq.

 

- Xocalıda körpələrə təcavüz olunduğu deyilir...

 

- Nə eşitmisinizsə, düzdür.

 

- 3-5 yaşlı qız uşaqlarına təcavüz edildiyini eşitmişəm...

 

- Onu görməmişəm, amma yetkinləşmiş qızlara... Qadınları da, kişiləri də çox eybəcər bir formaya salmışdılar. Elə bir vəziyyət idi ki, mən həmin günü papağımı başımdan götürüb, tulladım. 1992-ci il, fevralın 26-da... Allahverdi sonra dedi ki, qardaş, səhv elədin, gərək papağını tullamayaydın. O vaxtdan 1997-ci ilə qədər, hərbidən tərxis olunana qədər generallarla da bir yerdə olmuşam, polkovniklərlə də. Bir xahişim olub – papaq məsələsi olmasın. Mən onu tullamışam... Dostum Ədib hər Novruz bayramında zəng edib deyir ki, Allah eləsin sənin başında papaq görüm...

 

Gördüm ki, insanlar var-dövlətə aludədirlər, Vətəni qorumağa yox.

 

Vərəqlərə yazılan gündəlikləri oxuyuram. Martın 6-da Əsgərana hücum edilib. Dürdanə Ağayevanın hekayəsini xatırlayıram...

 

- Bu döyüş haqda bilmək istəyirəm...

 

- Bizdə dəqiq məlumat var idi ki, bütün girovları Əsgəranda saxlayırlar. Buna görə də martın 6-da ora böyük miqyaslı hücum planlayırdıq. Tankları gətirib Şellidə düzmüşdülər, hazırlıq gedirdi. Bir həftə sonra gördük ki... tanklar... yoxdur... Çarəmiz kəsildi, saat 4-də məcbur olub öz qüvvəmizlə hücuma keçdik. Hamımız – Allahverdi Bağırovun, Fred Asifin dəstəsi. Əsgərana girdik, amma rus ordusunun texnikası qarşısında dayanmaq qeyri-mümkün idi. Qarqarın içindən keçmişdik, suyun içi ilə, o qarda, şaxtada... Qızım, ordu indi gördüyün ordu deyildi, indiki hərbi texnikamızın yarısı bəs idi ki, biz rus ordusu qarşısında dayana bilək. İndi gənclik ittiham edir, deyir döyüşmədiniz... Biz hələ əliyalın 2 saat 40 dəqiqəyə 5 kəndimizi ermənilərdən azad etmişdik – Aranzəmin, Pircamal, Naxçivanik, Ağbulaq, Dəhraz. 84 gün oturduq orda...

 

6 mart döyüşü haqda onun gündəliklərindən oxuyuram:

 

“Xocalı faciəsinin 10-cu günüdür.

 

Bir həftədir ki, tanklar, BTR Şelli dağının ətəyinə yığılıb gözləyir. Biz elə bilirik ki, Əsgərana hücum olacaq. Xocalı yolu açılacaq, girovlar azad ediləcək. Rus ordusuna məxsus olan hərbi texnika əmr gözləyir, biz isə... Birdən texnika geriyə dönür və gəldiyi istiqamətə qayıdır.

 

Allahverdi üzündə qəmgin bir hisslə dillənir:

 

- Deyəsən, ruslar qayıdır, deməli, bizi ağır döyüş gözləyir, özü də texnikasız girişməli olacağıq savaşa. Ancaq nəyin baha-sına olursa-olsun, yol açılmalıdır. Özünüzü qoruyun!

 

Elə bu vaxt Fred Asif döyüşçüləri ilə özünü yetirir. Qucaqlaşıb görüşdükdən sonra deyir:

 

- Bu gün məqsədimizə nail olmasaq, sonra bizim üçün çox çətin olacaq. Gərək gücümüzü bu nankorlara göstərək.

 

Allahverdi yana-yana “Niyə birləşə bilmirik, niyə vaxtında ordu yaratmadıq ki, düşmən gücümüzü görə” - deyə hamıdan soruşurmuş kimi deyinir. Hər ikisi eyni vaxtda üzlərini mənə çevirirlər:

 

- Ay müəllim, biz elə özümüz ordu deyilikmi? Birləşsək, nələr edə bilmərik? Ancaq ümumi rəhbərlik lazımdır, vahid komandanlıq olmasa, heç nə edə bilməyəcəyik.

 

Bu arada jurnalist Rəhbər Bəşiroğlu döyüşçüləri fotoaparatının yaddaşına köçürür. Başımızın üstündən rus ordusunun zirehli vertolyotları uçur. Qırmızı lentli əsgərlərimiz döyüşə tam hazır vəziyyətdə gözləyirlər. Hamısının gözündə qisas hissi duyulur.

 

Saat 16:00-da qar yağmağa başlayır. Döyüşçülərlə yanaşı dayanmış silahsız igid oğullarımız da az deyil. Ağdamın əli silah tutan oğullarının hamısı buraya toplaşıb. Darda qalan soydaşlarımıza kömək etmək, Xocalı yolunu açmaq, düşməni susdurmaq üçün əllərindən gələni etməyə çalışırlar. Hamı “hücum” əmri gözləyir.

 

Çox keçmir ki, əmr verilir. Şelli dağını aşıb, hücuma keçirik. Ölüm-dirim savaşı başlayır. İlk güclü həmlə ilə Qaraqayanı (mən ora “Qanlı qaya” deyirdim) aşırıq. Heç bir itki olmadan bu yüksəkliyi ələ keçirməyimiz düşməni çaş-baş salır.

 

Döyüş davam edir. Döyüşdən əvvəl tanıdığım və o gündən həmişə bir yerdə olduğumuz Barat müəllim saçının ağlığına baxmayaraq (elə buna görə hamı ona “Baba” deyirdi) gənclərdən geri qalmır. Biz irəliləyirik. Döyüşçülərimiz mərdliklə vuruşurlar. Elə bil ölümün özü də bu igid oğlanlardan qorxub düşmənin arxasınca qaçır və haqladığı ermənini ayaqlayıb üstündən keçərək özünü düşmən səngərinə atır.

 

Arxaya baxıram. Şelli dağı, Mantar artıq bizdən çox-çox uzaqda qalıb.

 

...Şiddətli döyüş davam edirdi. Hər an güllə kimisə yaxalaya bilər. Ancaq buna heç kəs fikir vermir. Məqsəd birdir - yalnız irəliyə! Ətrafda nə varsa, od tutub yanır. İgid oğullarımız nəyin bahasına olursa-olsun düşməni əzib, Xocalını azad etməyə can atır.

 

Bu vaxt oğlum Kənanın, Vüqar Novruzovun, Nizami həkimin nifrətlə dolu simaları diqqətimi cəlb edir!

 

Nizami həkim hadisələr başlayandan bizimlədir, həm həkim kimi yaralılara elə döyüş xəttindəcə ilk yardım göstərir, həm də əldə silah düşmənlə döyüşürdü. Dəfələrlə onun geridə qalmasını təkidlə bildirmişdim. Ancaq Nizami həkim fürsət tapan kimi ön cərgəyə atılır, Vətən qarşısında övladlıq borcunu həm həkim kimi, həm də döyüşçü kimi yerinə yetirməyə çalışırdı.

 

Vüqar Novruzov sovet ordusundan yenicə tərxis olunmuşdu. Rayona qayıdan kimi əlinə silah alıb Vətənin müdafiəsinə qalxmışdı. Yorulmaq bilmir, rayonun digər gəncləri kimi gecəli-gündüzlü səngərlərdə, döyüşlərdə olurdu. Bu igid, qorxmaz oğlanın vətənpərvərliyi məni heyran etmişdi. Nə isə...

 

Döyüş davam edirdi. Mübariz və Nazimin açığa çıxıb döyüşdüklərini və irəliyə can atdıqlarını görən kimi aşağı yatmalarını əmr edirəm.

 

- Ehtiyatlı olmaq lazımdır. Ağılsız ölüm heç nə verməz.

 

Ancaq həm onların, həm də bütün başqa əsgərlərin gözlərində parlayan qisas hissini görəndən sonra başa düşdüm ki, bütün əmrlər yersiz görünəcək. Ani sükutdan sonra onların artıq Qar-qar çayını keçdiyini gördüm. Mənə yalnız onların ardınca getmək qalırdı. Elə də etdim, atəş aça-aça irəliləməyə başladım.

 

Çayı keçib tut bağında özümüzə mövqe tutduq. Hamımızda belə fikir yaranmışdı ki, tez bir zamanda Əsgəranı ələ keçirəcəyik.

 

Düşmən güclü müqavimət göstərsə də, əsgərlərimizin həmlələrinə tutarlı cavab verə bilmirdi.

 

Artıq anlamışdılar ki, Xocalı faciəsi “yatmış şirləri” oyadıb və bu qisasdan yaxa qurtarmaq olmayacaq. Bütün texnikanı işə salmışdılar, tankların, PDM, ZDM-lərin uğultusu, top və “qrad”ların qulaqbatırıcı gurultusu, avtomat və pulemyotların şaqqıltısı hər yanı bürümüşdü...

 

Döyüş getdikcə şiddətlənirdi. Budur, əsgərlərimizin bir çoxu Əsgəran qalasının beş addımlığındadır. Güllə yağış kimi yağır. Bu vaxt Fred Asifin batalyonundan olan bir döyüşçü yaralanır, lap elə mənim yanımdaca “məni vurdular” deyib yerə yıxılır. Onu arxaya göndərməyə macal tapmamış daha bir əsgərimizin başından yaralandığını gördüm. Bu, Neftçaladan gəlmiş cəsur, igid, gənc Əfsər idi. Onun da yarasını sarıyıb döyüş xəttindən çıxarırlar.

 

Döyüşlər səngimək bilmir, getdikcə daha sərt müqavimət göstərən düşmən bütün gücünü işə salıb. Bayaqdan bəri yağan qar da ara vermir. Ancaq bütün bunlara baxmayaraq əsgərlərimizin irəliləmək, Xocalını azad etmək əzmi tükənməyib. Bu vaxt əsgərlərimizdən birinin yaralandığını xəbər verirlər. Nizami həkimlə Kənan ona ilk yardım göstərdikdən sonra arxaya aparırlar.

 

Döyüş isə davam edir. Nazim, Mübariz, Şərif, Rasim (matros Bakıdan), Natiq, Vüqar, Nurəddin, Yaşar (Nizaminin qardaşıdır), Şahmar (usta), Sarvan, Taleh, Rövşən, Rizvan, Əli, Qərib, Sabir, Tahir, Elçin, Muxtar, Bakir, Zahid (qara Zahid), Şahin, Vahid (irəvanlı), daha kimlər, kimlər düşmənə qarşı amansız döyüşə girişənlər arasındadırlar. Bəlkə də adlarını çəkə bilmədiklərim məni qınayacaqlar. Ancaq müəllimi bağışlamaq olar, hamının adı yadımda qalmır, axı. Döyüş isə davam edir...

 

Yaxınlıqda qəfil partlayan mərmi torpağı göyə sovurur. Nazimin gözlərinə dolan qum onu dayanmağa məcbur edir. Düşmən pulemyotçusu bizi atəşə tutur. Ancaq Natiq qumbaraatanla onu susdurur. Nazimi arxaya göndərmək mümkün olmur, o, qalıb döyüşəcəyini bildirir:

 

- Yox, gözlərim kor olsa belə, arxaya getməyəcəyəm, yaralı dostlarımın qisasını almayınca, düşməni məhv etməyincə geriyə gedən yolum bağlıdır.

 

Əsgəran qalasında özünə mövqe tutmuş daha bir düşmən pulemyotçusu irəliləməyimizə mane olur. Burada yenə Natiq köməyimizə çatır. O, qumbaraatanla düşməni susduran kimi əsgərlərimiz irəliləməyə başlayırlar.

 

Elə buradaca qeyd edim ki, Nazim, Natiq, Mübariz, Vüqar, Zahid hücumun əvvəlindən igid döyüşçülər kimi daha çox fəallıq göstərirlər. Zahid pulemyotu ilə düşmənə divan tuturdu. Əsgəran pivə zavodu istiqamətində öz dostları ilə birlikdə zavodun hasarlarınadək irəliləyirlər. Bu, bizə əsas məqsədlərimizdən birinə çatmaq milis idarəsi binasını almaq üçün yaxşı şərait yaradır.

 

Eşitmişik ki, Xocalı əsirlərinin bir qismi Əsgəran rayon milis idarəsində saxlanır. Ona görə də ilk öncə onları azad etməyə çalışırdıq.

 

...Artıq Əsgərana daxil olmaq üzrəyik. Ancaq düşmənin müqaviməti getdikcə güclənir. Elə bil göydən mərmi, güllə yağışı yağır. Vəziyyətin həddindən artıq ağır olmasına baxmayaraq, döyüşçülərimizin irəliləmək əzmi hər şeydən üstün gəlir.

 

Ədalət, Səxavət, Kamaləddin, Camaləddin, Valeh, Yaqub, Eyvaz, Elman, Nadir Cəfərov, Haqverdi, Akif Nağıyev, Şahbaz, daha kimlər hərəsi bir şirə dönüb düşməni məhv etmək, girov düşmüş qadınların, qızların, qocaların tanınmaz hala salınmış körpə cəsədlərinin qisasını almağa çalışırlar. Onların çoxu mənim tələbəm olub, bu gün isə gözlərindən qan daman bu oğullar məni heyran edirdilər. Baxdıqca köks ötürür, onlarla fəxr edirəm. “Bu oğullar nə istəsən edərlər. Onlar torpağı düşmənə verməzlər. Onlar qisas almayınca sakitləşməyəcəklər” fikirləri başımda dolanır. Gözüm isə qarşıya baxır. Bu ağır döyüş səhnəsi uzandıqca uzanır.

 

Artıq düşmən geri çəkilmək üzrədir. Axşam saat 10-11 radələridir. Döyüş daha da şiddətlənir, düşmən geri çəkilmək istəmir. Bizim əsgərlər isə nəyin bahasına olursa - olsun, Ağdam - Xocalı yolunu açmaq üçün ölümün qucağına atılırlar.

 

Bu vaxt Xocalı istiqamətindən güclü texnikanın irəlilədiyini görürük. Ərənlərimiz daha da sərtləşir. Bir, iki, üç... Düşmənin hərbi texnikası bir-birinin ardınca igid əsgərlərimiz tərəfindən vurulur. Elə bu dəm patronumuzun tükənmək üzrə olduğunu xəbər verirlər.

 

Vəziyyət ağırlaşır. Güclü düşmən texnikası qarşısında gülləsiz qalmışıq. Üç tərəfdən hücuma keçən düşmən getdikcə mövqelərini gücləndirməyə can atır. Göydən yağan mərmi, güllə yağışı imkan vermir. Arxadan isə hələ ki kömək gəlmir bizə. Nə etməli?..

 

Artıq irəliləmək mümkün deyil. Hər tərəfdən sıxışdırılırıq. Düşmən bizi mühasirəyə almağa çalışır. Biz isə son gülləmizə qədər vuruşmağı qət etmişik, düşmən əlinə keçməmək üçün özümüzə güllə saxlamışıq. Od-alovun içində nələr baş verdiyini ayırd etmək mümkün deyil. Bu vaxt atalıq hissi məni oğlanlarım Kənan, Sənan və Sarvan haqqında düşünməyə məcbur edir: “Görəsən hansı tərəfdədirlər, barı ələ keçməyələr”. Birdən tələbələrim gözümün önünə gəlirlər. “Məgər onlar da mənim balalarım deyilmi?” - deyə öz-özümü tənbeh edirəm.

 

Elə bil yuxudan ayılıram. Bu mənasız qırğına getmək olmaz. Qaraqayaya çəkilib mövqelərimizi möhkəmləndirməliyik. Ancaq geri çəkilmək də o qədər asan deyil. Düşmən Qaraqaya istiqamətini ardıcıl atəşə tutur. Vəziyyət getdikcə ağırlaşır, müdafiə həlqəsi daralmaq üzrədir. Bir azdan gec olacaq. Atışa-atışa geri çəkilirik. Qarqar çayının sularını keçib, seçdiyimiz mövqeyə yaxınlaşırıq.

 

Çaydan çıxanda uşaqlıq dostum Heydəri yanımda gördüm.

 

Elə bu vaxt Şahin Hümbətəliyev də gəlib çıxır. Heç kim danışmır. Mən Neftçaladan olan Əfsər haqqında fikirləşirəm. Bu igid oğlan düşmənə ağır zərbələr vurmuşdu, ancaq... Heydərin səsi məni fikirdən ayırdı:

 

- Müəllim, çox fikir eləmə, özünü ələ al, müharibədir də, hər şey ola bilər.

 

Heydərin təsəllisi məni sakitləşdirmir. İçin-için ağlayıram, qəhər məni boğur. Axı hər şey qurtarırdı, bir az da tab gətirə bilsək, azacıq kömək olsaydı, məqsədimizə çatardıq...

 

Heydər qolumdan tutur:

 

- Neynirsən, ehtiyatlı ol. Görmürsən, güllə yağış kimi yağır.

 

- Yox, Heydər, burax məni. İndicə bir əsgər yaralandı, özü də necə oldu bilmədim. Birdən düşmən əlinə keçər...

 

- Nə etmək olar, müəllim, müharibədir. Bu döyüşdə hər birimizi ölüm gözləyir. Amma yaxşı ki, itkilərimiz hələlik azdır. Ancaq düşməni yaman qırdıq, ha! Düzdür, məqsədimizə çata bilərdik, heyf ki, kömək gəlmədi. Nə isə, ehtiyatlı ol, görək, başımıza nə gəlir.

 

Nəhayət, Qaraqayaya çatırıq. Orda mövqe tutan Ağdam rayon polis işçiləri qaranlıq olduğundan bizi tanımırlar.

 

- Dayan, kimdir?

 

- Bizik qardaş, diri ikən ölülər, ölü ikən dirilər.

 

- Müəllim sizsiniz? Bəs deyirdilər əsir düşmüsünüz? Polislər bizi sağ-salamat gördüklərinə çox sevindilər. Onlardan bir neçəsini tanıdım da. Şəmsəddin İsgəndərov, Qədir Şirinov, Savalan İsgəndərov və başqaları hadisələr başlayandan torpaqlarımızın keşiyində dayanan oğullardı. Sonradan eşitdim ki, hər üçü elə Qaraqayada igidliklə həlak olub.

 

Bir qədər dincimizi aldıqdan sonra bizi geriyə göndərdilər. Şəhərə çatan kimi Ağdam rayon mərkəzi xəstəxanasına gedib bayaq yaralanmış əsgəri axtardım. Qarşıma ilk çıxan həkim Ələkbər Həmidov oldu. Həkim bildirdi ki, yaralıların çoxu Bakıya göndərilməlidir.

 

Mən onların arasında axtardığım əsgəri də görürəm, vəziyyəti ağır olduğundan ona yaxınlaşmasam da, sağ qalması məni bir az sakitləşdirir.

 

Xəstəxanadan birbaşa qərargaha yollandım. Orda bizi Allahverdi, Nizami həkim, Şahbaz, Vahid qarşılayırlar. İlham bizi isti çaya qonaq edir. Xeyli dərdləşəndən sonra Nizami həkim məni o biri otağa çağırıb ayaqqabımı çıxartmağı xahiş edir. Mən çaş-baş halda ona baxıram.

 

- Yaralanmısan, müəllim?

 

Doğrudan da, hər iki ayağımdan yüngülcə yara aldığımı indi hiss edirəm. Həkim mənə yatmağı məsləhət görsə də, adətim üzrə, yan otağa keçib gündəliyimdə bu sətirləri qeyd etməyə başlayıram”.

 

6 mart 1992-ci il. Ağdam

 

Gündəlikləri bir kənara qoyub, şəkillərə baxıram. Kimlər yoxdur burada... Qarabağ müharibəsində verdiyimiz ilk şəhidlərimizin – Əli ilə Bəxtiyarın da şəkillərini ilk dəfə Əkbər müəllimin arxivində görürəm. Birdən Əkbər müəllim şəkillərin arasından bir bükülü tapıb susur. Gözləri dolur:

 

- Qızım, bu bizim batalyonun bayrağıdır. Ağdama 1988-ci ildə gətirilib. Səngərlərdə olub, bax, güllə yeri də var... Bu deşiklər hamısı güllə yeridir. Görürdüm vəziyyət pisdir, bayrağı açıb qoyurdum qoynuma...

 

...Saatı unutmuşdum, axşam düşmüşdü, mən isə Əkbər müəllimin gündəliklərini əlimdən yerə qoya bilmirdim. Nələr yox idi burada... Bu gündəliklərin heç bir həmkarıma verilmədiyini bilirəm. Onlara toxunmağıma, oxumağıma icazə verdiyi üçün minnətdaram Əkbər müəllimə...

 

Gündəlikdən qeydlərimi götürüb, söhbətimizi yekunlaşdırırıq. Döndüyümdə yenə Sənanla üz-üzəyəm... Yanındakı divanda anası – Məsumə xanım əyləşib. Artıq tar səsi gəlmir... Söhbətə haradan başlayacağımı bilmirəm:

 

- Tarı nəvələr çalırdı?

 

- Mənim bədbəxtim çalırdı – deyib əlini şəklə uzatdı. Gözlərini sildi... Əkbər müəllim əlavə elədi:

 

- İndi tarı qonşu çalırdı...

 

Yataqxana otaqları belədir. Danışanda səsini qaldırmaqla qonşu ilə həmsöhbət ola bilərsən... Nəvələrindən danışır. Böyük oğlu Sarvanın oğluna Sənanın adını qoyublar. Mən isə ondan gözümü çəkə bilmirəm. Onu belə - tozla qan qarışıq “palçığa” bulaşmış ürəyini çırpınaraq qoyub ayrıla bilmirəm. İllərdir yaddaşımda kök salan, ruhumu tərk etməyən bu təsviri nə iləsə əvəz etmək istəyirəm. Məsumə xanım kömək edir...

 

Sənanın 1991-ci ildə sovet ordusunda xidmət edərkən evə yazdığı məktubları göstərir...

 

Bu məktublardan az danışan, danışanda isə utanan gəncə bir az da bələd ola bilirəm. Ailə üzvlərinə tək-tək məktub yazıb. Hərəni bir dillə dindirib. Atasına və Sarvana yazdığı məktublar əsasən böyük kişilər arasında olan söhbətlərdir. Hərbi xidməti haqqında “komandirə” ətraflı məruzə edir. Bacısına yazdığı cümlələr hamısı zarafatla doludur. Kənana isə idmanla daha çox məşğul olmağı məsləhət görür: “Çox məşq elə, burada lazım olur”. Anasına yazdığı məktubda isə... Məktubun birini olduğu kimi köçürürəm:

 

“ÖPÜRƏM SƏNİ, ANA

 

Amma məktubu oxuyanda ağlama (zarafat)

De görüm necəsən, vəziyyətin, kefin nətərdi?

 

Ana, mən lap yaxşıyam. Sənin də yaxşı olmağını bir olan Allahdan arzu edirəm. Ana, yemək Allaha şükür, yaxşıdı nətər yeyirəmsə, bıq kimi oluram. Amma bir az suyu pisdi. Heylə pis yox ey elə bilki su içirsən kazarmıya çatanda susuzduyursan.

 

Hə, ana, narahat olma Allah qoysa bəlkə sabah, yəni ayın 4-də şəhərə getdim şəkil çəkdirməyə, alan kimi yola salajam, bax gör nətərəm?

 

Nəysə, sağol öpürəm səni, ANA

 

Ana, hər axşam ev yeməyi yeyirəm çünki hər gün uşaqların birinin valideyni gəlir, yaxşı yemək gətirirlər aş, kabab, gilas. Özzüm ölüm, o qədər gilas yemişəm, o qədər ərik, alma...

 

Ana, Allah qoysa bəlkə gəlsəm, o qədər armud yeyəjəm”

 

I görüşün sonu

Vüsalə MƏMMƏDOVA,

Mənbə: LENT.AZ,

Oktyabr 2015.