Məqalələr‎ > ‎

Azərbaycanı bütövləşdirməyin əsasları (I və II yazı)

Отправлено 1 нояб. 2015 г., 1:08 пользователем Murad Nabibekov   [ обновлено 1 нояб. 2015 г., 1:09 ]










Dos. Dr. Faiq ƏLƏKBƏROV



I YAZI

        Quzey və Güney Azərbaycan yeni bir mərhələyə yaxınlaşır - bütövləşmə mərhələsinə. Bu mərhələdə Azərbaycanın əsil övladlarının kimlər olduğu bəlli olacaqdır. Çünki əsl Azərbaycanpərəstlərin, Azərbaycansevərlərin, 3 rəngli bayrağın fədailərinin kimlər olduğunu bəlirləmək dönəminə daxil oluruq. Bu anlamda yaxın illərdə kimlərin boğazdan yuxarı, ya da səmimi olduğu ortaya çıxacaqdır. Mən əsla şübhə etmirəm ki, bu dönəmdən yalnız və yalnız Azərbaycanpərəstlər qalib gələcək, digərpərəstlər (Ruspərəst, Farspərəst, Amerikan-ingilispərəst vəb.) isə məğlubiyyətə uğrayacaqlar. Çünki ötən illər ərzində Güney və Quzey Azərbaycanda artıq yetkin Azərbaycanpərəstlər, Azərbaycanseverlər, Azərbaycan fədailəri nəsli yetişmişdir və yetişməyə də davam edir!!! Bəlkə, onların sayı bu gün azdır, amma vardır.

        Əgər Quzey Azərbaycan Rusiyaya bir az da dirənməyi bacarsa, Qarabağı və 7 rayonu işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlasa, yalnız Quzey Azərbaycanı deyil, bütöv Azərbaycanı bölgədə yeni bir qüvvəyə çevirə biləcəkdir. Çünki Güney Azərbaycanda Quzey Azərbaycanın addımları həssaslıqla izlənilir. İranın fars-molla rejiminin bütün cəhdlərinə baxmayaraq Güney Azərbaycanda Müstəqil Azərbaycana sevgi durmadan artır. Dogrudur, Quzey Azərbaycandakı bəzi ruspərəstlər, farspərəstlər, ingilispərəstlər bu sevginin artmaması üçün əllərindən gələni edirlər. Ancaq bütün hallarda onlar bunun qarşısını tamamilə ala bilmirlər və bilməyəcəklər də. Adi bir fakt deyim ki, “Traktor” və “Qarabağ” futbol komandaları Bütöv Azərbaycan komandaları durumuna gəlmişdir. Artıq “Qarabağ”a və “Traktor”a bütün Azərbaycan azarkeşlik edir. Bu sıradan bir şey deyildir. Bunu Rysiya və İran rəhbərliyi da yaxşı anlayır, nəticənin onlara görə daha da ürəkaçan duruma gəlməməsi üçün əmək sərf edirlər. Amma bu çox da effekt vermir.
        Rusiya Quzey Azərbaycana davranışında münasibətini sərtləşdirməklə, Ermənistan vasitəsiylə tez-tez atəşkəsi pozmaqla Azərbaycanın güclənməsini əngəlləmək istəyir. Hətta, bu arada Gürcüstana da basqısını artırır. Çünki Azərbaycanın dəmir yolu ilə Türkiyəyə-Qarsa çatması Rusiyanı rahatsız edir. Quzey Azərbaycanın yeni imkanlar əldə etməsi Rusiya və İran üçün eyni dərəcədə təhlükəli hesab olunur. Vaxtilə Ermənistanın əliylə Qarabağ müharibəsində Quzey Azərbaycanı məğlub duruma salan bu qüvvələr, bütün vasitələrdən istifadə edərək, iki Azərbaycanın bir olmasını istəmirlər, bunu heç gizlətmirlər də!
        Artıq Azərbaycan Türkləri iki əsrlik ayrılığa, parçalanmaya son demək üçün yeni bir mərhələyə qədəm qoyublar. Əgər Azərbaycan türkləri Əfşarlar və Qacarların ilkin dönəmlərində olduğu kimi toparlana bilsələr, yalnız Təbrizli, Bakılı, İrəvanlı, Dərbəndli, Xoylu, Urmiyalı, Gəncəli, Qəzvinli Azərbaycana deyil, bütövlükdə İrana sahib çıxa bilərlər. Bəlkə, bu günün reallıqları baxımından yazdıqlarımız xəyalpərəstlik kimi görünür, ancaq biz türklər dəfələrlə xəyal görünənləri gerçəkliyə çevirmişik. Bunun əksi olaraq da gerçək olanları da, bir xəyal kimi əlimizdən vermişik. Bu anlamda Nadir şah Əfşarın ağıllı siyasəti nəticəsində böyük Azərbaycan mərkəzli Türk dövləti qurmaq yolunu davam etdirməliyik.
        Bizcə, Nadir şahın Təbriz mərkəzli Azərbaycan vilayətini qurması Azərbaycan türk tarixində çox önəmli yer tutur. Maraqlıdır ki, Nadir şah Əfşarın bu bölgədə yeni bir Türk dövlətini qurduqdan dərhal sonra (1736) ilk addımlarından biri Səfəvilər dövründə Azərbaycan ərazisindəki bəylərbəlikləri - Şirvan (Şamaxı, Şəki, Dərbənd və b.), Qarabağ (Gəncə, Bərdə, Qazax və b.), Azərbaycan (Təbriz, Maku, Ərdəbil, Urmiya və b.), Çuxursəd bəylərbəyliklərini (İrəvan, Naçxıvan və b.) ləvğ edib Azərbaycan vilayətini yaratması olub. Artıq 1736-cı ildə Azərbaycan ərazisindəki bütün bəylərbəyliklər ləğv edilmiş, onların yerini yalnız Azərbaycan tutmuşdur. Eyni zamanda Azərbaycan vilayətinə Nadir şahın qardaşı İbrahim xan sərdar təyin olunmuşdu. Paytaxtı Təbriz olan Azərbaycan vilayətinin tərkibinə isə Dərbənd, Xoy, İrəvan, Culfa, Maku, Ərdəbil, Gəncə, Naxçıvan, Zəncan, Həmadan, Lənkəran, Astara, Bakı və başqa yerlər aid idilər.
        Bizcə, Nadir şahın vahid Azərbaycan vilayəti yaratması doğru bir addım idi. Bununla da, əvvəllər daha çox Təbriz və ətrafına Azərbaycan deyildiyi halda, Nadir şahın əmrindən sonra tarixi-coğrafi Azərbaycan Azərbaycan vilayəti adı altında rəsmilşədirildi. Yəni Nadir şah tarixi-coğrafi Azərbaycan adlanan bütün əraziləri Azərbaycan vilayəti adı altında birləşdirdi. Ayrı-ayrı xanlıqlar, bəyliklər də Azərbaycan sərdarına tabe edildi. Bununla da, Nadir şah Azərbaycanın rəsmi hüdudlarını, paytaxtını və mövqeyini bəlirlədi. Bu anlamda Nadir şahın Azərbaycan xalqının tarixində çox mühüm yer tutmasını görürük. Çünki Nadir şah Əfşara qədər Azərbaycan daha çox Təbriz və ətrafına aid edilirdi. Yalnız ayrı-ayrı tarixçilərin (Y. Həməvi, Məsudi, Təbəri və b.) əsərlərində Azərbaycan tarixi-coğrafi anlamda Dərbəndən Qəzvinə, Bakıdan Ərzurumadək ərazilərə şamil edilirdisə, Nadir şah Azərbaycan vilayətini yaratmaqla tarixi-coğrafi Azərbaycana siyasi bir status vermiş oldu.
        Nadir şahın yeni qurduğu Türk Əfşarlar dövlətində Azərbaycana bu qədər böyük önəm verməsi təsadüfi deyildir. Çünki Nadir şah Əfşar Azərbaycanı Türk Əfşarlar dövlətinin şah damarı, mərkəzi hesab edirdi. Məhz buna görədir ki, o, Azərbaycanın hər bir qarışı üçün daima savaşmış və qalib gəlmişdir. Ən önəmlisi, Nadir şah yeni Türk Əfşarlar dövlətinin qurulmasını və özünün şah elan olunmasını Azərbaycanda-Muğanda qurultay keçirərək bəyan etmişdir. Bəzi Azərbaycan tarixçiləri nə qədər bunu görməzdən gəlsələr də, bir şey həqiqətdir ki, Nadir şah üçün Azərbaycan Türk dövlətində özəl bir yerə malik idi.
        Azərbaycanın yeni bir status almasıyla, onun əhəmiyyəti daha da artmış, bölgədə önəmli yer tutmağa başlamışdır. Artıq digər ərazilər Azərbaycana tabe etdirildiyi üçün, Azərbaycan tarixi-coğrafi anlamdan birmənalı şəkildə uzaqlaşaraq siyasi, eyni zamanda ideoloji mahiyyət daşımağa başlamışdır. Əgər Səfəvilər dönəmində Azərbaycanla yanaışı, ən azı üç - Şirvan, Qarabağ və Çuxursəd bəylərbəylikləri var idisə, onlar da Qəzvinə, ya da İsfahana bağlıydılarsa, Əfşarlar dönəmində buna son qoyuldu. Bu o demək idi ki, Azərbaycan yeni bir status alır, bu statusa görə bu ərazilərdə baş verən dəyişikliklərin mərkəzində də Azərbaycan və onun paytaxtı Təbriz dayanır. Məncə, Nadir şah bu addımıyla müəyyən qədər Səfəvilər dönəminin başlanğıcına qayıdırdı. Yəni o, Təbriz mərkəzli Türk dövlətinin yaranmasına və inkişafına çalışırdı ki, Azərbaycan vilayətinin təşkili də buna hesablanmışdır.
        Qeyd edək ki, Azərbaycan vilayəti qurulduqdan sonra onun ayrı-ayrı ərazilərinə hakim təyin olunanlar artıq Təbrizdən müəyyənləşirdi. Yəni Azərbaycan sərdarı olan şəxslər İrəvana, Xoya, Naxçıvana, Şəkiyə, Səlmasa, Ərdəbilə, Bakıya bəylər, ya da xanlar təyin edirdilər. Bu anlamda Azərbaycan bəyləri, ya da xanları Nadir şahın, Adil şahın sayəsində bu adı almışlar (Pənahəli xan, Hacı Çələbi xan, Pir Mahmud xan və b.). Bununla da Nadir şah Azərbaycanın Əfşarlar dövləti içində statusunu xeyli dərcədə artırmış oldu. Sadəcə, Nadir şahın faciəli ölümündən sonra Təbrizə bağlı olan həmin Azərbaycan türk xanları Adil xan Əfşarın dövründə özlərinin müstəqilliyini elan etməyə başladılar.
        Yeri gəlmişkən, Azərbaycan tarixçiləri dünya taixçilərinə istinad edərək Almaniyanı birləşdirən Bismarkdan ağızdolusu danışır və yazırlar. Ancaq dünya tarixində Bismarkdan da önəmli yer tutan Nadir şahın yalnız Azərbaycanı deyil, süquta uğrayan Səfəvilər İmperiyasının ərazisini bütövlükdə bərpa etməsi az qala yada düşmür. Halbuki Nadir şah bir Türk övladıdır, Azərbaycan türküdür. Məhz Nadir şahın dövründə də Azərbaycan bütövləşdirildi və Türk Əfşarlar dövlətinin mərkəzinə çevrildi. Eyni zamanda Nadir şah və onun varisləri bacardıqları qədər Azərbaycanın bütövlüyünü qorumağa çalışdılar. Ən azı Nadir şahdan başlayaraq bu günümüzdək Azərbaycan türkləri paytaxtı Təbriz olan Bütöv Azərbaycan ideyasını mənimsədilər. Bəlkə də, Nadir şah türk dövlətində Azərbaycan vilayətini qurmasaydı, Azərbaycan milli ideyası da meydana çıxmayacaqdı. Dogrudur, Nadir şah Azərbaycanla, Türk Əfşarlar dövlətiylə bağlı ideyalarının çoxunu reallaşadıra bilmədi. Ancaq bütün hallarda Nadir şahdan, ümumiyyətlə Əfşarlardan başlayaraq Təbriz mərkəzli bütöv Azərbaycan milli ideayası şüurlarda iz saldı. Artıq Azərbaycan hökmdarının buyruqları Təbriz və ətrafında deyil, İrəvanda, Dərbənddə, Naxçıvanda, Xoyda, Şəkidə, Bakıda və başqa ərazilərimizdə sözsüz yerinə yetirilirdi.
        Bu anlamda Türk Qacarlar dövləti qurulduqdan sonra Əfşarların Azərbaycan vilayəti ideyasına sadiq qalan Ağa Məhəmməd şah Qacar özlərini müstəqil aparan, yəni Təbrizə tabe olmaq istəməyən Azərbaycan Türk Xanlıqlarını mərkəzə tabe olmasını istəyirdi. Bunun üçün Ağa Məhəmməd şah bir neçə dəfə Quzey Azərbaycan xanlıqları üzərinə yürüş də etdi. Ancaq həmin xanlıqlar arasından Qacarlara bağlı olan yalnız üç xanlıq, öncəliklə də Gəncə və Bakı xanları Bütöv Azərbaycan ideyasını dəstəklədilər. Ancaq Ağa Məhəmməd şah Qacarın Şuşada faciəli ölümüylə Azərbaycanın parçalanmasının əsası qoyuldu. Daha doğrusu, Nadir şah Əfşarın faciəli ölümündən sonra, Ağa Məhəmməd şah Qacarın da öldürülməsi Azərbaycanın parçalanmasını labüd etdi.

* * *

II YAZI

        Biz burada daha çox Azərbaycanın bütövləşdirməyin əsaslarını, yəni bütövləşdirmə yolundakı əsas prinsiplərimizi ortaya qoymaq istəyirik. Bizcə, Azərbaycanı bütövləşdirməyin əsasları aşağıdakı məsələlərin aydınlığa qovuşmasıyla birbaşa bağlıdır: 1. Yeni dönəmdə tarixi-coğrafı Azərbaycanın siyasi-ideoloji Azərbaycana çevrilməsi yolundakı ilk addımlar – Əfşarlar dönəmində Azərbaycan vilayətinin qurulması: 2. Azərbaycanın Qacarlar dönəmindəki yeri və mövqeyi; 3. Azərbaycan Cümhuriyyətinin qurulması və Azərbaycanın bütövlüyü məsələsinin yeni qoyuluşu; 4. Sovetlər Birliyi və İran-Pəhləvilər dönəmində Azərbaycanın bütövlüyü məsələsinin siyasi və milli aspektləri; 5. Quzey Azərbaycanın müstəqilliyi dönəmində Güney Azərbaycanda yüksələn “İstiqlal” ideyası.

        Əgər biz birinci və ikinci məsələlərə bir bütün şəkildə yanaşsaq görərik ki, yeni dönəmdə “tarixi-coğrafi Azərbaycanı” siyasi-ideoloji Azərbaycana çevirən və ona rəsmi status verən Nadir şah Əfşar, onun yolunu davam etdirən Ağa Məhəmməd şah Qacar və Abbas Mirzə olmuşdur. Dogrudan da, bu üç Türk dövlət xadimi Azərbaycanın bütövləşməsi ugrunda çox mücadilə vermiş, bu yolda önəmli işlər görmüşlər. Ancaq əgər bugünkü “Azərbaycan tarixi” kitablarında onların adları yalnız başkəsən, yadelli işğalçı, qaniçən hökmdarlar kimi yazılırsa, deməli Azərbaycan milli ideyasının, Azərbaycanın bütövlüyünün mahiyyətini sözqn həqiqi mənasında dərk etməmişik. Bu məsələylə bağlı hökmən deməliyəm ki, nə vaxta qədər “Azərbaycan xalqının tarixi”ni deyil, “Azərbaycan taixi”ni, yəni yalnız coğrafi bir ərazinin tarixini yazacaq, buna uygun olaraq sinkretik bir tarix uyduracağıqsa, o zaman Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr bizlər üçün doğma deyil, yad olacaqlar. Bu məsələnin burada geniş izahına yol vermədən deyə bilərik ki, xalqın deyil, coğrafi ərazi tarixini yazmağa davam etidyimiz üçün mövcud “Azərbaycan tarixi” kitablarında da bizə bəlli səbələrdən, əsasən Azərbaycanın bütövləşməsindən çox Azərbaycanın parçalanmasını təbliğ edlir. Çünki bu gün Azərbaycan tarixçilərinin əksəriyyətində cəsarət və iradə yoxdur ki, Azərbaycan türklərinin tarixini yazsınlar.
        Halbuki bu gün biz Azərbaycan türk xalqının tarixi çərçivəsində tariximizi öyrənsək görərik ki, Nadir şah, Ağa Məhəmməd şah, Abbas Mirzə kimi Türk böyükləri Azərbaycan üçün mücadilə vermiş və bu yolda şəhid olmuşlar. Bu gün onları türk, qacar, əfşar, azərbaycanlı və sair adlandırmağımızdan asılı olmayaraq onlar bu torpaqlarda savaşlar vermiş, özlərini şah elan etmiş Azərbaycan türkləridir. Əgər biz bunu doğru şəkildə övladlarımıza çatdıra bilmiriksə, deməli Azərbaycanın bütövlüyü söz olaraq qalacaqdır. Ancaq bugünkü yeni nəsil bilsə ki, Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr onların ata-babalarıdır, özləridirlər, onların müstəqil və azad yaşamaları üçün çar Rusiyası, İngiltərə, Fransayla mübarizə ediblər, o zaman yeni nəslin özünə inamı da artacaq, bütövlük ideyasına daha da möhkəm sarılacaqdır. Bu anlamda Azərbaycanın bütövləşməyin ilk prinsipi bugünkü nəslin Nadir şahlara, Ağa Məhəmməd şahlara, Abbas Mirzələrə sahib çıxmaları və onların törəmələri, davamçıları olduğunu bilməlidirlər.
        Quzeyli-güneyli yeni nəsil bilmlidir ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacardan sonra Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan Türk Qacar dövlətinin vəlihədi, Azərbaycan hökmdarı Abbas Mirzə də olmuşdur. Dogrudur, Abbas Mirzə Azərbaycanın bütövlüyü ugrunda çar Rusiyasına qarşı apardığı iki müharibənin ikisində də yenilmişdi. Həmin müharibələr isə “Azərbaycan Türk xalqının tarixi”nə Gülüstan (oktyabr 1813) və Türkmənçay ( fevral 1828) sülh müqavilələri kimi yazılmışdır. Bəs, bugünkü quzeyli-güneyli Azərbaycan türk xalqı Abbas Mirzənin məğlubiyyətinin əsas səbələrini bilirmi?! Yoxsa, hələ də hesab edirik ki, yalnız çar Rusiyasının qoşunları Abbas Mirzəninin Azərbaycan türk ordusundan hərbi texnologiyada üstün olduqları üçün hər müharibədən qalib çıxdı?! Bizcə, indiyə qədər “Azərbaycan tarixi” kitablarında, eyni zamanda başqa kitablarda şüurlarımıza yeridilmiş “akademik tarix”in əsil mahiyyətini dərk etmədikcə “Gülüstan” və “Türkmənçay” barış müqavilələrinə münasibətimiz dəyişməyəcəkdir. Əgər bir xalqın tarixində onun hökmdarının - Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsinə mədhiyyələr yazılmışdırsa, hələ də bu davam edirsə, təbii ki, Azərbaycan hökmdarı Abbas Mirzənin də bütövlük uğrunda apardığı müharibələrini bəzilərinin dili ilə desək, özümüzdən “İran adılanan ölkə”nin adına yazmaqla kifayətlənəcəyik. Halbuki “İran adılanan ölkə” farslardan, farsdililərdən çox türklərə, türksoylulara bağlıdır.
        Burada onu hökmən qeyd etməliyik ki, “İran adılanan ölkə”ni ən azı son min ildə Türk sülalələrinin idarə etdiyini yazan Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, Azərbaycana İran dövlətində qardaş və arxadaş kimi baxmalıdırlar. Bu sözləri Rəsulzadə o zaman yazırdı ki, artıq çar Rusiyasının işğalı altında olan Quzey Azərbaycan müstəqilliyinə (1918-1920-ci illər) qovuşmuşdursa, buna ən çox sevinən İran-Türk Qacarlar dövləti olmalıdır. Halbuki bunun tərsinə, Quzey Azərbaycanın müstəqillik əldə etməsini Türk Qacarlar dövlətində başqa yerə yozanlar tapılır. Rəsulzadə işarə edirdi ki, Quzey Azərbaycanın müstəqillik əldə etməsini İran Azərbaycanın gələcəkdə onunla birləşməsi kimi yozanlar spekulyasiyaya yol verirlər. Çünki o dönəmdə Qacarlar dövlətinin yetkililərindən bir qismi, özəlliklə İran türkləri Azərbaycan Cümhuriyyətinin qurulmasına sevindiyi halda, digərləri daha çox da farsdilli təbqbə bundan rahatsız idilər. Bu isə öz əks-sədasını indi olduğu kimi, mətbuat səhifələrində tapırdı.
        Bizcə, həmin dövrdə Rəsulzadənin həm yeni Türk Cümhuriyyətinə Azərbaycan adının verilməsində israr etməsi, daha sonra Türk Qacarlar dövlətinin bu məsələdəki rahatsızlığına gətirdiyi izahlar bu gün üçün də çox önəmlidir. Əslində Rəsulzadə apardığı milli mücadilə yolunda heç bir zaman İranı idarə edən Türk Qacarlar dövlətinə qarşı kəskin mövqe tutmamışdır. Sadəcə, Rəsulzadə daima İranın demokratikləşməsi, konstitusiyalı və parlamentli bir ölkəyə çevrilməsinə çalışmışdır. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra da Rəsulzadə İranla-Türk Qacarlar dövlətiylə münaqişələrə girməkdən yan qaçmış, Türk-Müsəlman-demokratik Azərbaycan dövlətinin müstəqilliyinin İran üçün də zəruriliyindən bəhs etmişdir. Bizcə, Rəsulzadənin bu mövqeyi Azərbaycanın bütövləşdirilməsi yolunda əsas prinsiplərdəndir. Yəni öncə İrana “Türk İranı” kimi baxmaq və Azərbaycanı “Türk İranı”na düşmən deyil, tam əksinə qardaş və arxadaş olaraq görmək. Şübhəsiz, Rəsulzadənin Irana baxış açısı çox doğru idi. Bu baxış hər hansı bir formada gələcəkdə quzeyli-güneyli Azərbaycanı gücləndirməyə, bütövləşdirməyə hesablanmışdır.
        Ümumiyyətlə hesab edirik ki, 20-ci əsrin əvvəllərində Quzey və Güney Azərbaycan türkləri, onun tanınmış simaları Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqaları, əsasən Azərbaycanın mənəvi, daha sonra fiziki birliyi ugrunda çox mühüm işlər görmüşlər. Təbii ki, burada müəyyən yanlışlıqlar və kənara çıxmalar olmuşdur, amma bu məsələyə bir bütün kimi yanaşsaq, bütövlük yolunda ciddi addımlar atılmışdır. Onlar bu mübarizəni apararkən indi olduğu kimi, Azərbaycanı İrandan müdafiə etməyi deyil, bütün İrana sahib çıxmağı düşünmüşlər. Yəni Quzey Azərbaycanın müstəqilliyi var olduqca İran Azərbaycanı özünü daha güclü hesab edəcək, İranda Azərbaycan mühüm və mərkəzi yer tutacaqdır.
        Amma etiraf etməliyik ki, Sovetlər Birliyi və İran-Pəhləvilər dönəmində Rəsulzadənin və digərlərinin bu ideyasına qarşı antitəbliğat maşını işə düşdü. Belə ki, Quzey Azərbaycanın müstəqilliyini əsasən itirməsi (1920 aprel), çox keçmədən İranda Türk Qacarlar dövlətini Fars Pəhləviləri əvəz etməsi Güney Azərbaycanda Quzey Azərbaycana olan münasibəti dəyişməklə yanaışı, onun statusu da aşağı düşdü. Bu isə Azərbaycanın bütövlüyü yolunda müəyyən dəyişiklikəri özüylə bərabər gətirdi. Burada əsas məsələ birbirinə yaxın iki Türk dövlətinin – Azərbaycan Cümhuriyyətinin və İran Qacarlar dövlətinin mahiyyətinin dəyişməsi, bunun əvəzində zahirini qoruyub saxlaması idi. Belə olduğu təqdirdə, artıq iki Azərbaycanın bir olması məsələsi başqa aspektlərdən gündəmə gəlməyə başladı. Yəni Azərbaycanın bütövləşməsi məsələsi SSRİ tərəfindən milli məsələdən kənara çıxarılaraq “beynəlmilələşdirildi”.
        Bu anlamda, özəlliklə SSRİ rəhbərliyinin başçılığıyla 2-ci Dünya müharibəsi illərində Azərbaycan SSR ilə İran Azərbaycanının birləşdirilməsi olayı, Azərbaycanın bütövləşdirilməsi yolunda müsbət cəhətləriylə yanaşı, mənfi məqamları ilə də tarixə iz saldı. Hər halda Güney Azərbaycanda Milli hökumətin yaranması həm buradakı Azərbaycan türklərinin Pələvilərə qarşı özünü ifadəsinin bir örnəyi, həm də Quzey Azərbaycanla birləşə bilməsi ideyasını daha da gücləndirdi. Sadəcə, Azərbaycanın bütövlüyü ideyasının SSRİ tərəfindən ortaya atılması, daha sonra Moskvanın bunun arxasında dayanmaması kimi fikirlər də btün Azərbaycan türklərinin yaddaşında mənfi iz buraxdı.
        Bu gün Quzey Azərbaycanın müstəqilliyi Güney Azərbaycanın müstəqilliyi üçün əsas prinsiplərdən biri olmaqla yanaşı, bütövlüyə doğru gedən yolda bir mayakdır. Doğrudur, İran türkləri arasında yalnız Azərbaycana deyil, bütövlükdə İrana sahib çıxmaqla bağlı da ideya vardır. Təbii ki, İrana sahib çıxmaq üçün də öncə güclü, bütöv və yenilikçi Azərbaycan olmalıdır!!! Yəni bütün hallarda Azərbaycan bir olmalıdır ki, ondan sonra digər ideyalarımızı həyata keçirək.
Mənbə: Karabakhmedia.az