Məqalələr

1920-ci ildə Qarabağ döyüşləri - Polkovnik Bəhram bəyin igidliyi

Отправлено 10 июл. 2017 г., 4:29 пользователем Admin Sheki.city   [ обновлено 10 июл. 2017 г., 4:30 ]















Şəmistan NƏZƏRLİ



        Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza təcavüz etməsi Milli Azərbaycan ordusunun hər bir əsgərini təpədən dırnağacan silahlandırdı. Qısa bir müddətdə (martın 22-dən aprelin 3-nə kimi) xəyanətkar daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın əsgər və zabitləri füsunkar Qarabağı düşməndən geri aldı. İlyarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun üçüncü yürüşü də zəfərlə başa çatdı.

 
        “İyirminci ildə Qarabağ döyüşləri” sənədli oçerkində tam artilleriya generalları Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, general-mayor Həbib bəy Səlimovun, Qarabağın General-qubernatoru Xosrov bəy Sultanovun və polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz xidmətləri yeni arxiv sənədləri əsasında möhtərəm oxuculara təqdim olunur.

 

İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ


        1920-ci il martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ vilayətinin dağ yerlərində məskun ermənilər qiyam edərək “Əskəran keçidi”ni tutdular. Bu səbəbdən də Əskəran cəbhəsinə mirliva Həbib bəy Səlimovun komandanlığı ilə qüvvətli bir ordu yeridildi. Aprelin üçündə Azərbaycan ordusu ermənilərə qarşı qüvvətli bir hücum etdi. Əcəba, hansı azərbaycanlı o məsud günü xatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə fövqəladə idi. Xarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər müntəzəm təşkilatçılığa malik bir əsgəri qüvvə vücuda gətirdiyimizə heyran qalmışdı. Əhalidən hir çoxu duyduğu həyəcandan ağlayırdı.
O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi.

Polkovnik İsrafil bəy İsrafilbəyov (25.01.1893 -iyul 1945),
“Milli Azərbaycan hərəkatı” kitabından

 

        Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əskəran cəbhəsinə gəlmişdi. Ön cəbhədə ölüm-dirim savaşında vuruşan əsgərləri təbrik edir, onların qələbəsinə uşaq kimi sevinirdi. Ordu yaranan gündən üç böyük qələbəsi olmuşdu.
        1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan daşnaklarının köməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat respublikasına birləşdirmək üçün azərbaycanlıları qovur və kəndləri yandırırdılar. Üstəlik də elan eləmişdilər ki, Azərbaycan hökumətini tanımaq istəmirlər. Yanvar ayında general-mayor Cavad bəy Şıxlinskinin komandanlığı ilə əsgəri qüvvə yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir aydan çox inadlı döyüşlər aparıb ermənilərin möhkəmləndirilmiş son sığınacağı olan Dığ kəndini də ələ keçirdilər. Zəngəzur qəzası yenidən Azərbaycan ərazisində qaldı.
        İkinci qələbə həmin ilin iyul ayında olmuşdu. Muğanda və Lənkəranda Azərbaycan Milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni qüvvələri ordumuzun gücü ilə darmadağın edilmişdi.
        Bu gün nazir Səməd bəy Mehmandarovun təbrikinə gəldiyi üçüncü qələbə idi. 1920-ci il martın iyirmi ikisində Novruz bayramı gecəsi ermənilər qiyam edib Əskəran keçidini zəbt etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan başçılıq edirdi.
        Azərbaycan Cümhuriyyətinin müdafiə nazirliyi Qarabağı düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmrilə Əskəran cəbhəsinə qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun əsas hissəsi-iyirmi minə qədər əsgər və zabiti cəbhəyə göndərildi. O cümlədən üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, ikinci Quba polkları general-mayor Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü. Qızğın döyüşlər on iki gün ara vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri anatorpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daxil oldular.
        Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generallarından biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanılmışdı. Əslində altmış dörd yaşlı hərbiyyə nazirini həyəcana gətirən və Qarabağa təbrikə aparan da general Həbib bəyin aprelin səkkizində göndərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu dönədönə oxuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyində “afərin” sözünü təkrar etdi. Səməd bəy istər general, istərsə də nazir olanda özünü həmişə sıravi əsgər, döyüşçü sanırdı. Neçə-neçə müharibənin iştirakçısı kimi o yaxşı bilirdi ki, komandanın əsgərlərini döyüş meydanında təbrik etməsi nə deməkdir. Ona görə də müavini Əliağa Şıxlinskiyə:
    
    – Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan,
 – dedi, – mən sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə gedirəm. Ancaq Əliağa, bu raportda Həbib bəyin “günümüzün qəhrəmanı” – deyə təriflədiyi Nəbibəyovu, nədənsə, xatırlaya bilmirəm.

Azacıq eyhamla gülümsünən Əliağa Şıxlinski:
        – Yadınızdadırmı, – dedi, – keçən ilin iyun ayında Siz bir neçə gün Yevlaxda olanda yenə nazir əvəzi məni təyin etmişdiniz. Onda birinci Cavanşir piyada alayının kapitanı Vahid bəy Nəbibəyov raport yazıb hərbi xidmətdən azad olunmasını xahiş etmişdi. O, raportunda belə bir cümlə işlətmişdi: “səhhətim və şərait mənə respublika hökumətinə xidmət etməyə imkan vermir”. Mən də məhz bu cümlədən qəzəblənib Azərbaycan zabitinin ləyaqətini, şərəf və şanını yüksək tutmadığına görə yanıma çağırıb onu danladım, xidmətdən azad etməklə həbs edilməsi barədə əmr verdim. Bir neçə gündən sonra Siz qayıdıb onun qanının arasına girdiniz.
        Səməd bəy Mehmandarov pensinesini silə-silə gülümsündü.
        – Hə, yadıma düşdü. Əzizim, indi bildim: ağır təbiətli, ucaboy…
        – Bəli, sizin nəzərinizdə ağır təbiətli, mənim fikrimcə, tənbəl və bir az da yaşı ötmüş zabit-kapitan Vahid bəy Nəbibəyovdur. Həbib bəyin “günümüzün qəhrəmanı” dediyi isə onun kiçik qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur. Bəhram bəy Birinci dünya müharibəsində də yaxşı döyüş yolu keçib. Buyurun. Xidmət dəftərçəsini istəmisiniz, gətirmişəm. Tanış ola bilərsiniz.
        – Verin. Baxım. Nazir podpolkovnik Bəhram bəy Nəbibəyovun çox da böyük olmayan, cəmi səkkiz səhifəlik şəxsi xidmət dəftərçəsini ilk səhifəsini açıb dayandı.
        – Əliağa, – dedi, - unutmuşam. Onu da deyim ki, kapitan Vahid bəy mənim yanıma gəldi, belə raport yazmaqda səhv etdiyini boynuna aldı. Hiss elədim ki, uzun müddət milis dəstəsində xidmət etdiyinə görə hərbi nizamnaməni o qədər də dərindən bilmir. Bildirdi ki, işlətdiyi cümlədə heç bir qərəzli məqsədi olmayıb. Ona inandım. Mən də şəxsən sənin. – General Şıxlinskinin nüfuzunun qorunmasına ehtiramla yanaşmaq şərtilə kapitan Nəbibəyovun raportunun üstünə “mən ona verdiyim cəzanı bağışlayıram” – cümləsinin dərkənar qoydum. Məsuliyyəti öz üzərimə götürüb onu orduya yenidən qaytardım. Deyirsən podpolkovnik Bəhram bəy onun kiçik qardaşıdır, lap yaxşı.
        – Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram bəy od parçasıdır. Vahid bəy, Bəhram bəy, Zahid bəy, Hüseyin bəy.. yox, beş nəfərdir, bir də Məmməd bəy.
    
    Nazir:

        – Əliağa, nə yaxşı da yadında qalıb, əhsən sənə və yaddaşına, dostum.
        – Bilirsən, 1918-ci ilin noyabr – dekabr aylarında Tiflisdə Müsəlman korpusunu təşkil edəndə Nəbibəyov qardaşlarını orduya mən qəbul eləmişdim. Onda qərargahım Veriyski korpusunun yanındakı “London” mehmanxanasının birinci mərtəbəsində yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki, bunların çox maraqlı, dünya görüşlü ataları var. Oğlanları ilə Qasım bəy özü də gəlmişdi. Türkmənistanda general Kurpatinin qərargahında Şərq dilləri üzrə tərcüməçi olub. İndi istefadadır. Mirzə Fətəli Axundovla dostluğundan danışırdı.
        – Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında Şəkidə bəy ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini və 1904-cü ildə, sentyabrın ikisində Peterburqdakı Konstantin Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib. – Nazir dayanıb pensnesinin üstündən müavininə baxdı, fəxrlə: – Oho, nə yaxşı.. bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq… Görürsən, Əliağa, Konstantin məktəbinin artilleristlərini?..
        – Səməd bəy, əsgər komandirinə, zabit generalına oxşamalıdır. Zərb-məsələ dönmüş bu müdrik kəlamlar sizə məxsusdur. Amma xalqımızda belə bir məsəl də var: alma kökündən gen düşməz. Mən inanıram ki, podpolkovnik Bəhram bəy sizin layiqli davamçınızdır.
        – Demək istəyirsən ki, Bəhram bəy xidmətdə mənə oxşamayıb? - deyən nazirin sevincdən gözləri parıldadı.
        Əliağa Şıxlinski ciddi general zəhmilə:
        – Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun Hövsan və Nobel çənləri ətrafındakı bolşevik-daşnaklara qarşı apardığı döyüşlərin şahidi olmuşam. Bəhram bəy çox qoçaq və bilikli zabitdir. Onunla fəxr etməyə dəyər. Dəli Qazar kimi generalı mühasirəyə salıb məhv etməsinə şəxsən mən şəkk-şübhə etmirəm. Belə qoçaq, hərbi işə böyük məhəbbəti olan zabitin yeri akademiyadır.
        – Mən də bu fikirdəyəm. Ancaq hanı hərbi akademiya? Rusiyaya yollar bağlı, özümüzdə isə yox, ölkəmiz də müharibə vəziyyətində – deyən nazir yenidən Bəhram bəyin sənədlərinə göz gəzdirdikcə baxışları canlanır, üzündə sevinc görünürdü:
        – Qafqaz Əlahiddə ordusundakı iyirminci Artilleriya briqadasında podporuçik, 1909-cu il, sentyabrın yeddisində poruçik, 1912-ci ildə üçüncü batareyanın komandiri, sonra Əlahiddə Qafqaz ordusunda artilleriya rəisinin müavini vəzifəsində çalışıb. Müharibəni axıra qədər Qafqaz cəbhəsində keçirib.
    
    – Təltiflərini axtarırsınız? O biri səhifənin arxasındadır,
 – deyə Əliağa Şıxlinski şəhadət barmağını irəli uzadıb göstərdi.

        – Aha. Budur. – deyə Mehmandarovun iti nəzərləri kağızın üzərində gəzindi. – “Müqəddəs Stanislav” ordeninin üçüncü dərəcəsi və “Müqəddəs Anna” ordeni. Amma sonuncunun dərəcəsi göstərilməyib. Eybi yoxdur, hər şey aydındır. Siz doğru buyrursunuz, Əliağa. Belə peşəkar zabitlərimiz çoxdur. Onlar akademik hərbi təhsil ala bilsəydilər, ordumuzun gücü birəbeş artardı. Nə fayda, hələlik buna imkan yoxdur.


POLKOVNİK BƏHRAM BƏYİN İGİDLİYİ


        Raportun son cümlələri nazir Mehmandarovda xüsusi maraq oyatmışdı. General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə bərkimiş hissələrə məxsus şücaətlə vuruşurdular.
        Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksəkliyini ələ keçirən qubalılar və bir neçə erməni basqınına baxmayaraq, bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə dərhal cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibəyovun dördüncü dağ batareyası.
        Yol boyu qələbənin havası ilə öz-özünə danışan, ilk baxışdan qaraqabaq nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu qədər sevdiyi, istedadlı komandir Həbib bəy Səlimovun uğurları ona, elə bil, qanad taxmışdı. Üstəlik də Həbib bəy kimi qoçaq generalın Nəbibəyovun haqqında göndərdiyi raport ona sonsuz sevinc bəxş eləmişdi.
        İnişil (1918-ci il, dekabrın 5-də) yenicə təşkil olunan Azərbaycan ordusunun hissələrinə baxış keçirən hərbiyyə naziri Səməd bəy Mehmandarov Tərtərdə yerləşən Dağ batareyasının əsgər və zabitlərindən tam razı qalmışdı. Nazir səkkiz saylı əmrində qeyd edirdi ki, yoxlanış zamanı batareya komandiri Bəhram bəy Nəbibəyovun əsgərləri məndə xoş təəssürat yaratdı. Hiss olunur ki, batareya komandiri zabitlərlə birlikdə qüsurları aradan qaldırmağı bacarır. Komandir Nəbibəyovun qısa müddətdə etdikləri mənə qəti inam verir ki, ən yaxın vaxtda bu batareyanı daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı zabitlərinə və komandir Nəbibəyova yorulmaz zəhmətlərinə görə təşəkkür edirəm.
        “Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daşnak dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun batareyası mühasirəyə salıb məhv edib. – Yaxşıdır, çox yaxşıdır, – deyə, öz-özünə danışan nazir podpolkovniklə generalın döyüş dostluğundan qürrələnirdi. – Qələbə, ancaq və ancaq, döyüş vaxtı əmr verənlə icraçının başa düşməsi sayəsində qazanılır. Nə yaxşı, Nəbibəyov haqqında inişilki raportu yazanda zənnim məni aldatmayıb… Elə biri Baş qərargah rəisi. Onda, dolayısı da olsa, mənə işarə verdi ki, Bəhram bəy yaxşı komandirdir.
        Amma çox çılğındır, bəzi məsələlərdə özünü cilovlaya bilmir..
        – Komandir cəld və çılğın olmasa, əvvəla, əsgərlər onu saymaz. İkincisi də, döyüş vaxtı özü zorla yeriyən komandirin əsgərləri yerindən qalxana kimi düşmən onları haqlayıb məhv, – cavabını vermişdi nazir Mehmandarov.

        Mehmandarov Milli Orduda hərbiyyə Naziri vəzifəsində xidmətdə olandan ilk dəfə idi ki, təzə mundirini geyinmişdi. Təmtaraqlı gcyimin o qədər də aludəçisi olmayan nazir bu dəfə akselbant və venzilli1 də taxmışdı. Yaxasında isə bircə orden vardı: birinci cahan savaşında hər sərkərdənin ala bilmədiyi “Ağ qartal” ordeni.. O, 1915-ci ildə alman generalı Makenzenin sürətli döyüş əməliyyatı planlarını puça çıxartdığına görə bu ali ordenlə təltif olunmuşdu.


QƏHRƏMAN ALAY


        Avtomobilin şeypuru təhlükə görmüş qaz kimi həyəcanlı gəlirdi. Qışlanın qabağında toplaşmış zabit və əsgərlər naziri tanıyıb “urra” – deyə qışqırdılar.
Bəhram bəy irəli yeridi. Sərt səslə “sıraya düzülün” komandası verdi. Zabitlər qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla sıraya düzüldülər.
        Bəhram bəy sıra qabağında vüqarla dayanıb ahəngdar səslə komanda verdi:
        – Alay, sağa – dön! Düzlən, – düzlən deyirəm, arxada səs var…
        Alay bir nəfər vücud kimi sağa dönüb farağat dayandı.
        Maşından üç nəfər düşdü. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov, Qarabağ ərazi qoşunlarının komandanı general - mayor Həbib bəy Səlimov və hərbiyyə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov.
        Nazirin iti qartal baxışları nizami qaydada düzülən əsgərlərə zillənmişdi.
        – Cənab hərbiyyə naziri, tam artilleriya generalı, sizin gəlişiniz münasibətilə döyüşən ordunun üçüncü artilleriya batareyasının zabit və əsgər heyəti sıraya düzülmüşdür. Batareya komandiri, podpolkovnik Bəhram bəy Nəbibəyov.
        Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə:
        – Azad, mənim vətənimin qəhrəman əsgərləri, – deyib bir neçə addım irəli yeridi, Bəhram bəyin əlini sıxdı: –  Mərhaba, alayına da, özünə də. Sizin döyüşdə göstərdiyiniz qeyri-adi qəhrəmanlıqlar artıq Azərbaycanın hər yerində iftixarla söylənilir. Komandanınız general Həbib bəy Səlimov da burdadır. Əmr edirəm! Üçüncü artilleriya batareyasının hər bir əsgər və zabit heyəti döyüşdə göstərdiyi igidliyə görə təltif olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik edə bilərsiniz. O, daha podpolkovnik yox, polkovnikdir…
        Batareya üç dəfə: “urra, urra, urra,” deyə komandirini alqışladı. Nazir birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri üstə qalxdı.
        – Mərhəba, yenə mərhəba, mənim Vətənimin xilaskarları! - Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa çıxan səs Qarabağ dağlarında əks-səda verdi. Onlar bir nəfər kimi avazla: “Azərbaycan xalqına xidmət edirik!” – cavabını verdilər.
        Hərbiyyə naziri sıra qarşısında var-gəl edib, tən ortada dayandı.
        – Biz bu gün səhər Şuşada bir yığıncaq keçirdik. Mən orada da qoşunlarımızı təbrik etdim. Əvvəlcədən əmr vermişdim ki, sizin batareyanı oraya gətirməsinlər. Sonra Bakıdan çıxanda öz-özlüyümdə belə qərara gəldim ki, sizi öz yerinizdə, döyüş bölgənizdə təbrik edim. Siz buna layiqsiniz, bu hörmət və ehtiramı qəhrəmanlığınızla qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı məhv edib, süvarisini də pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını ilk dəfə Qarabağda dalğalandırdı. Martın iyirmi ikisindən iyirmi üçünə keçən gecə saat üç radələrində düşmən ilk dəfə güclü qüvvə ilə burdan, Əsgərandan baş qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv edib və əsir alıb. Siz də ilk dəfə düşmənin burnunu Əsgəranda ovub, öz silahdaşdarımızın qanını yerdə qoymadınız. Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox döyüşlərdə oldum. Fəqət sizin qədər qəhrəman əsgərlərə nadir hallarda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu layiqincə müdafiə etdiniz. Eşq olsun sizə və sizə döşlərindən süd verən analara!
        Əsgərlər sevimli komandalarını “yaşasm Azərbaycan!” sözlərilə alqışladılar.
        Ürəyini boşaldan nazir xeyli sakitləşdi. O, özünü rahat və gümrah hiss edirdi. Sıradakı əsgər və zabitlərə yaxınlaşır, həmsöhbət olur və hal-əhval tuturdu. Mehmandarov cavan, sirsifətdən göyçək zabiti göstərib nəsə soruşdu. General Həbib bəyin işarəsilə həmin zabit addımlarla qabağa çıxıb dedi:
        – Möhtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan könüllü olaraq sizdə yardımçı qaldım. Çünki dilimiz bir, inancımız bir, tariximiz də birdir.
        Azərbaycan həm sizin, həm də bizim vətəndir.
        – İsminiz nədir? – nazir maraqla soruşdu.
        – Əfv edin, günahkar bəndəyəm. Unutdum, daha doğrusu, şaşırdım. İsmim: yarbay İsmayıl Həqqi əfəndidir.
        General Həbib bəy Səlimov nazirə bir az yaxınlaşıb əlavə etdi:
        – Cənab nazir, yarbay əfəndi yaxşı şərqilər qoşur. Döyüşlərarası fasilədə əsgərlər üçün tarixdən, ədəbiyyatdan, fəlsəfədən maraqlı söhbətlər eləyir. Hər gün də yarım saat özü yazdığı marşları əzbərlədir.
        Nazir səmimiyyətlə:
        – Afərin, – dedi. – Bu da gərəkdir. Çox gərəkdir. Yüz illik rus hakimiyyətindən azad olunmuş türk xalqlarına xatırlatmaq lazımdır ki, biz həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa və Asiyaya öz tələblərimizi diktə etmişik… xalq özünün ümumdünya tarixinin səhifələrində yazılmış şanlı, mübariz keçmişini bilməlidir. Əgər düşmənə qalib gəlmək istəyirsənsə, xalqda sağlam Milli hissləri oyatmalısan.. Cənab yarbay, evlisinizmi?
        – Xeyr, hələ subayam.
        – Nə oldu, briqada komandanı Həbib bəy subay. Diviziya komandiri Cavad bəy subay, batareya komandiri Bəhram bəy subay, siz də subay… Canım, atın bu subaylığın daşını..
        İsmayıl Həqqi əfəndi:
        – Möhtərəm paşam. – dedi – məstəvsiz gavurların axırına çıxaq sonrasına…
        Nazir general Həbib bəydən soruşdu:
        – Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?
        – Xeyr, cənab nazir, Şəkini özünə vətən kimi qəbul edib. Bu da, bilirsiniz, kimə gərəkdir? O, Bəhram bəyin çox yaxın dostudur.
        – Çox əla, çox pakizə, – deyib nazir dübarə sorğu-suala başladı:
        – Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstanbul üçün darıxmırsınız ki?
        – Xeyr, mən öz Vətənim Azərbaycandayam. Mən Qeysər şəhərində dünyaya gəldim. İstanbulda az, lap az yaşamışam. Qafqazda çox yerlərdə oldum. Dərbənddə, Teymurxan-Şurada, Axtıda, hətta, İmam Şamilin köyünə də getdim. Amma oralarda bənd almadım. Çünki oralarda İslama, müqəddəs dinimizə, hörmət görmədim, orda şişpapaq bolşeviklər yabancı təbliğatlar aparırlar. Ötən il dostum Bəhram bəy məni Şəkiyə qonaq apardı. Şəkini Vətən kimi, Bəhram bəyi qardaş qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.
        Nazir soruşdu:
        – Şarkılarından birini oxuyarmısan?
        – Baş üstə, icazə verin… Mən oxuyan kimi bütün batareya mənə qoşulacaq.


DÜŞMƏN TƏSLİM OLMAYANDA


        Mehmandarovun gəlişinə yığışanlar çəkilib getdilər. Otaqda nazirdən başqa üç nəfər qalmışdı: qubernator Xosrov bəy Sultanov, general Həbib bəy Səlimov və polkovnik Bəhram bəy Nəbibəyov. Nazir qonaq üçün ayrılmış otağın bürkülü havasından darıxdı. Üzürxahlıq edib yan otağa keçdi. Bir azadan ev qiyafəsinə qayıdıb:
        – Qafqazda, hər yer gözəldir! – dedi – Amma mənim Vətənim, dədə-baba torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri yoxdur. Əlli ilə yaxın ondan cismən ayrılsam da ruhən həmişə Qarabağlı olmuşam. Uzaq Şərqdə, Port-Arturda və Varşavada da olanda həmişə onu xatırlayıb, istəmişəm. Dünyada heç nəyinə var-dövləti, nə cənnəti, nə də onun mələklərini istəməmişəm. Ən böyük arzum istefaya çıxıb ömrümün axırına kimi Şuşada yaşamaq olub. Atam rəhmətlik bu şəhəri övladı qədər sevərdi. – Üzünü qubenator Xosrov bəyə tutub:
        – Sənə qibtə eləyirəm, – dedi, - qardaşım. Bilirəm ki, bu namərd daşnakların öhdəsindən Qarabağ general-qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın, hünər, əməl, iş adamısan. Nə isə, bu təhlükədən də sovuşaq…
        Mehmandarov bu tərifləri Xosrov bəy haqqında nahaq yerə demirdi. Ötən ilin yayında Qarabağda hay-küy qaldıran daşnakları yenə Xosrov bəy dizə çökdürmüş və onları silah gücünə Azərbaycan hökümətini tanımağa məcbur etmişdir. Hətta Şuşadakı gizli daşnak komitəsinin üzvlərini qovub ərazidən çıxartmışdı. Əllərindən bir iş gəlməyən daşnaklar bolşevik əhval-ruhiyyəli müsəlmanların köməyilə səs yaymışdılar ki, hərbiyə naziri Xosrov bəyi geri çağıracaq. Bu şayələri kəsmək üçün Üzeyir bəy Hacıbəyov “Azərbaycan” qəzetində (24 iyun 1919 ildə) yazırdı:
        “Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisidir. Qarabağ həyatına tamamilə aşna olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan ümum mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy Qarabağın höküməti başında olmasa idi burası Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”.
        Dəmir çarpayıda mütəkkəyə dirsəklənən nazir astadan yorğun-yorğun danışırdı. Onun səsindəki yaşlı adamlara məxsus kövrəklik həmsöhbətlərinin diqqətindən yayınmamışdı.
        – Altmış dörd yaşım var, – deyirdi, general, xoşbəxtəm ki, ömrümün sonunda bir əsgər kimi vətənimə gərək oldum. – Sonra birdən nəyisə xatırlamış kimi oldu. – Balam, elə təkcə mən danışıram.. Bəs siz? Mən Bakıdan sizi eşitməyə gəlmişəm. Bayaq Əskərandan qayıdanda Həbib bəydən soruşdum ki, dəli Qazar əməliyyatı necə olub, təfsilatı ilə bir danış görüm. O da cavab verdi ki, həmin əməliyyatı polkovnik Bəhram bəy aparıb, o da Sizə danışacaq. Hə, Bəhram bəy, eşidirik səni.
        Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqırmızı oldu.
        Nazir:
        – Danış, – dedi, – burda çəkinməyin yeri deyil. Bu qələbənin, əgər belə demək mümkünsə, qəhrəmanı sənin batareyandır.
        General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə gəldi.
        – Daşbaşı yüksəkliyi uğurunda döyüşlərdə artilleriyanı susduran Bəhram bəy əvvəlcə məni hövsələdən çıxartmışdı. Yavərim tez-tez xatırladırdı ki, Bəhram bəy deyir, tələsməsin. Dəli Qazarsa elə hey irəliləyirdi. Onu da deyim ki, Bəhram bəy batareyasını çox böyük məharətlə meşənin ətəyində gizlətmişdi. Sanki düşmən qarşısında heç nə yox idi. Dəli Qazarın süvari dəstəsi də inamla irəliləyirdi. Bəhram bəy susur, düşmən irəliləyir, dözmək olmur, az qala ürəyin partlayırdı. Nəhayət, dözməyib bunların mövqeyinə gəldim. Mənə işarə verdi ki, narahat olmayın. Kəşfiyyat xəbər gətirib ki, ermənilərin toplarının əksəriyyəti sıradan çıxıb, atmır. Biclik eləyib yararsız topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə “xox” gəlirlər. Təxminən səkkiz-on dəqiqə keçdi. Bax, indi vaxtdır, – deyib, Bəhram bəy səs ilə komanda verdi: “İrəli, mənim tərlanlarım. İrəli, anamız Azərbaycan uğurunda!” Döyüşə bir qasırğa kimi başlayan batareya güllə yağışı altında düşmən üstünə şığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi yavaş-yavaş geri çəkilməyə məcbur oldu. Quba batalyonunun bir rotası və Zaqatala alayının xeyli hissəsi düşmənə yandan və arxadan göz açmağa imkan vermədi. Dəli Qazarın süvarilərindən otuz-otuz beş adam ancaq qaçıb canını qurtara bildi. Ortada beş-altı nəfərlə sağ qalmış dəli Qazar yaralı heyvan kimi bağırırdı. Bəhram bəyin səsini eşidib daha da qəzəbləndi.
        Nazir maraqlandı:
        – Necə danışırdılar. Yəqin ki, rusca?..
        – Yox, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi. Düzü, çoxunu başa düşə bilmirdim. Bir onu gördüm ki, insanın tələyə düşməsi necə də böyük fəlakət imiş. Eşitmişdim ki, suda boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi, erməni generalı.
        Nazir cəld bir hərəkətlə başını qaldırıb:
        – Axı, nə deyirdin, Bəhram bəy, sən ona?…
        – Kutaisi realnı məktəbində oxuyanda onların dilini öyrənmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqlara da tapşırdım ki, hələ atmayın. Onu diri tutmaq istəyirəm. Gördüm, ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əsgərlərinlə əvvəlcədən danışmışam. Səni satın almışam. Səni özününkülər satıb.
        Təslim olmalısan…
        General Həbib bəy Səlimov:
        – Cənab nazir, eynilə bir teatr səhnəsi…
        Nazir:
        – Dayan, dayan, dedi, Həbib bəy, qoy, özü danışsın. - Bəhram bəy davam elədi:
        – Dedim, təslim olmursansa, onda belə çıxır ki, müsəlman əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.
        – Gözəl demisən, əhsən sənə. Bax, görürsünüzmü, peşəkar hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq iştahı da varmış, amma döyüş qabiliyyəti yoxmuş. Yalançı general olduğunu dar macalda büruzə verib. Heç bir xidməti olmadan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib. Belə adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraqlıdır, sonra nə oldu?
        Bəhram bəy:
        – Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcana, bir də Qarabağda görünsəm, atama nələt. Uşaq aldadır.. Gəldim Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də qanına susayıblar, öldürmək istəyirlər. O da yek kəlmə ilə cavab verdi: Susdurun!
        Biz də tapşırığa əməl elədik. Səməd bəy Mehmandarov:
        – Düz eləmisiniz, – dedi, – düşmən təslim olmadıqda onu məhv edərlər.


Mənbə: Şəmistan Nəzirlinin "1920-ci ildə Qarabağ döyüşləri" kitabından.

URL: https://azbookblog.wordpress.com/azərbaycan-tarixi/səmistan-nəzərli-1920-ci-ildə-qarabag-doyusləri/

1920-ci ildə Qarabağ döyüşləri

“Kəlbəcər azad olunacaq, amma..” (müsahibə)

Отправлено 3 авг. 2016 г., 23:41 пользователем Murad Nabibekov   [ обновлено 4 авг. 2016 г., 6:22 ]

Sabah Qarabağın qala qapısı sayılan 

Kəlbəcərin süqutundan 23 il keçir. 

Düz 23 ildir ki, hər işğal günü kəlbəcərlilər

 bir yerə toplaşır, 

dərdləşir və sonra da 

hərə öz məskunlaşdığı yerə gedir. 


* * *


        Tanınmış jurnalist Hidayət Elvüsal ötən 23 ildəki yaşantılarını Modern.az saytı ilə bölüşüb.








        Hidayət müəllim, rəqəmlərin dili ilə danışsaq, ötən 23 il bizə nə deyir?
        
Rəqəmlər bizə heç nəyi demir. Yəqin fərqindəsiniz, kimsə oğluna kiçik toy edir, biz də deyirik ki, gün olsun, böyük toyunu Kəlbəcərdə edək. Zaman o qədər sürətlə keçir ki, indi bir vaxtlar sünnəti olanın oğlunun sünnət toyudur, yenə də eyni ifadələri işlədirik. Bilirisiniz, qoyulan şərtlər ağırdır və tərəfimizi tutan dövlət yoxdur. Türkiyə bir dövlət olaraq bəyan edir ki, arxamızdadır. Amma Türkiyənin bir dövlət ənənəsi var, özünü qorumaq üçün son anda istənilən qardaşı qurban verir. Atatürkün, İnönün, Süleyman  Dəmrəlin, hamısının vaxtında belə olub.
        Yəni kənardan kömək gözləmək əbəsdir?
        
İndi Qarabağ beynəlxalq bir məsələdir. Qarabağ müharibəsinin qızğın vaxtı Rusiyada aclıq idi  və Ermənistana kömək edə bilmirdi. Süleyman Dəmirəl acından ölən Ermənistana 100 min ton taxıl göndərdi. Bu fakt eks-baş nazir Nəcməddin Ərbakanın çıxışında da, arxivlərdə də var. Qardaş dediyimiz arxamızda deyil. Söhbətə Türkiyədən başlmağım səbəbsiz deyil. Bir misal çəkəcəm, yunan-türk müharibəsində Atatürk görür ki, yunanların bayrağını yerə atıblar. Buna etiraz olaraq deyir ki, “bəli, bu düşmən bayrağıdır, amma bir millətin qürurudur, o bayrağı yerdən qaldırın”
Amma Abdullah Gül nə etdi? Sərkisyanla bir saat yarım futbola baxdı və bu zaman Bursada qardaş dedikləri millətin – Azərbaycanın bayrağını ayaq altına atdılar. Türkiyədən gözlədiyimiz bu qədər. Hər halda, görüntü olaraq qardaş deyir, hər halda arabir arxamızda durur. Amma həlledici anda nə olacaq bilinmir...

                                       “O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər!”

        Bir zamanlar kəlbəcərlilər Azərbaycanın ən səmimi, mərd insanlarından sayılardılar. İndi necə, bu kimi dəyərlər qoruna bilirmi?
        
Məmməd Aslanın qəşəng bir şeiri var: O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər!.                Kəlbəcər azad olunacaq, amma ora kəlbəcərli qayıdacaqmı, bunu deyə bilmərəm. Bir az şəkili, bir az yevlaxlı, bir az bakılı qayıdacaq. Amma onlar əvvəlki kəlbəcərli olmayacaq. Ümid bir onadır ki, bəlkə dağlar insanları yenidən kəlbəcərliləşdirə. Gerçəklik odur ki, bu gün Kəlbəcərə qayıdacaq yaşlı insan qalmayıb. Toyda “Qarabağ bizimdir” mahnısını sifariş edəsən, arvadlar ağlaya, kişilər əl çala... Nəsə, bizə başqa yol lazımdır, nə yoldur, hələ bilinmir.
        Amma Dilqəm, Şahbaz kimi kəlbəcərlilər də az  deyil...
        
Əslində Kəlbəcər işğal olunan vaxt bunu etmək lazım idi, mobil qruplarla azad etməli idik Kəlbəcəri... Kəlbəcər bomboşdur. 1994-cü ildə Kəlbəcərin özünə 7 km yol qalmışdı, azad edilirdi o yerlər. Amma olmadı, niyə?.. Görünür nəsə var, bizim bilmədiyimiz məsələdir.
        Azərbaycan insanı torpaqlarımızın azadlığı üçün üzərinə düşən yükü götürə bilirmi? 
        -
 Elə şeylər var ki, biz bunu bilmirik. Onu dövlət rəhbərləri bilir. Biz fanat olaraq danışırıq, şeir yazırıq, çapan çalırıq, amma məsələ nə yerdədir, bilmirik. Ona görə hərə bir söz danışır.

                                     “Nazirlər himnimizi oxumağa utanırlar”

        - Bəs, toplum olaraq, öz çatışmazlıqlarımız nədən ibarətdir?
        
Bizdə hələ Vətən, Torpaq sevgisi yoxdur. Biz bayrağa hörmət etmirik. Nazirlər, müavinləri və başqaları Azərbaycan himnini oxuya bilmirlər, oxumurlar. Utanırlar hmnimizi oxumağa. Prezidentə, Konstitusiyaya, Gerbə, Himnə hörmət formalaşmalıdır.
        Buna hansı xarici institutlar mane olur ki?
        
Biz deyirik ki, nə vaxtsa dövlətimiz olub. Olub, amma dövlətin başqa coğrafiyası, başqa ideologiyası olub. Müasir dünyada dövlətçilik ideyaları var. Azərbaycanda da var, amma yerinə yetirilmir. Çünki rəhbərlikdə olanların çox hissəsi komunistlərdir. İcra başçısına fikir vermisən? Birinci katiblə icra başçısının nə fərqi var? Özü də onlarda bir jest var, əl mütləq pencək cibinə salınmalıdır. Salamı yan tərəfə verirlər. Bu, bolşevik jestləridir. O vaxtdan qalıb, indi də var. Kommunist ruhundan tam azad olmamışıq.
        Digər MDB ölkələri ilə müqayisədə SSRİ-nin qalıqları Azərbaycanda yox səviyyəsindədir.
        
Təbii, çünki Azərbaycan Orta Asiya ilə bir tutulmamalıdır. Azərbaycanlı savadlı, acıqgözlü millətdir. Azərbaycanda deyirik ki, bu qədər şairlər var və onlar bədbəxtdirlər. Amma bunun xöşbəxtliyi də var. Çünki şeiriyyətdə bir azadlıq da var, söz demək də var. Sovet hökümətinin vaxtı nə qədər antisovet şeirləri yazılırdı. Xalqın ruhu belədir.
        Ancaq bu şeirdədir. Hətta sovet vaxtı Araz çayının Azərbaycanı 2 yerə bölməsi ilə bağlı kifayət qədər ədəbi nümunələr var idi. Bu problemin gerçəkdə aradan qaldırılması kimsəni maraqlandırmırdı. Hamı şeir yazıb ağlayırdı.
        
İndi Kəlbəcərə ağlamaq vaxtı keçib. Kəlbəcər haqqında daha ciddi düşünmək lazımdır. Gözümüz görə-görə Kəlbəcəri verdilər. O vaxtı “Səhər” qəzetində idim, eşitdim ki, 12 boş yük maşınını Kəlbəcərə göndəriblər ki, “Kəlbəcər onsuz da veriləcək, çıxın”. Mən o yazını o vaxt verdim. O vaxt prezident dedi ki, “biz onu bilirdik, gərək yazını verməyəydin”. Etiraz olaraq bildirdim ki, “vermək lazım idi”
        Kəlbəcəri verdilər və verəndən sonra prezidentin müşaviri dedi ki, “Kəlbəcərin ermənilərə verilməsi bügunki hakimiyyətin, iqtidarın siyası addımıdır”.
        Guya beynəlxalq aləmdə Ermənistanı təcavüzkar dövlət kimi qəbul etdirəcəkdilər?
        
Hə, guya belə nəticə əldə edəcəkdilər. Dövlətin başında dövlət adamı olmalı idi. İndi deyəcəklər ki, Heydər Əliyevi tərifləyirəm. Xeyr, tərifləmirəm. Ancaq Azərbaycan dövlətini qurmaq üçün mütləq və mütləq Heydər Əliyev lazım idi. Görün nələr baş verdi, hakimiyyət o vaxt meydanda soyunub-qaçan uşaqlara vəzifə verdi. Soyunub-qaçana vəzifə verilmir, onu göndər basketbol, futbol oynasın. Ona vəzifə verməzlər. Nə zurnaçı, nə dəllək qaldı, hamısını gətirib icra başçıları etdilər. İnanın, bir az da belə davam etsəydi, bir az da keçsəydi, Azərbaycan yox olacaqdı. Dövlət quruldu. İndi dövləti idarə etmək lazımdır. Dövləti bir adamla idarə etmək olmaz. Dövlət kütləvi bir şeydir. Türklər şəhid olanda bayraq asırlar. Bizdə idarələrdə Azərbaycanın bayrağı yoxdur, qalsın evlərdə.

                         “Görmüsünüz ki, Cəbrayılın işğal günündə kəlbəcərlilər, 

                                     ağdamlılar yığışa onların başına və əksinə?”

        - Biz bir neçə şəhid dəfnində iştirak etmişik. Evlərin qarşısından bayrağımızı asırlar.
        
Bir daha deyirəm elə bir şey olur ki, bütün ölkədə bayraq asılır. İdarələrdə bayraqlar yalnız mərasim üçündür. Tapşırırlar ki, bayraq asın və onlar da asırlar.
        Yəni insanların ürəyində bayraq yoxdur?
        
Yox, insanların ürəyində dövlətçilik yoxdur. Bayrağa hörmət yoxdur, gerb yoxdur. Bunlar insanın ürəyində olmalıdır. Bizdə dövlətçilik hissi çox aşağıdır, demək olar ki, yoxdur.
        Bunu nəylə əlaqələndirmək olar?
        
Görmüsünüz ki, Cəbrayılın işğal günündə kəlbəcərlilər, ağdamlılar yığışa onların başına və əksinə? Hərə öz dərdini çəkir. Bizdə regionçuluq, qəbilə şüurundan çıxış olmayıb. Kəlbəcərin də işğal günündə kəlbəcərli və bir-iki dost gələcək. Çünki Cəbrayılın o ağır günü bizim vecimizə olmayıb. Bax dövlətçilik, Vətən budur. Bizdə heç biri yoxdur.
        Bəlkə maraqlı təkliflə çıxış edəsiniz ki, işğal olunmuş rayonların anım mərasimləri fərqli olsun. 
        
Bunu da desəm, soruşacaqlar ki, bu nədir? Hərə deyəcək ki, “ayrı keçirirəm”. İcra başçısı çapan çaldıracaq. Onlar qoymayacaq. İcra başçıları imkan verməz. Məncə təklifiniz dəstəklənməlidir. Yaxşı təklifdir.
        Bu bölücülyə, kiçilməyə gətirib çıxarır. Hər ay, hər gün anım mərasimi keçirmək olar?
        
Biz az qala xanlıqlara bölünmüşük. Partiyalar belə... Məsələn Şirvan partiyarları, Qarabağın bir-iki partiyası var. Bunu etiraf etmək lazımdır. Boğazdan yuxarı danışmaq lazım deyil. Bizə Vətən, Torpaq anlayışları çatmır.
        Bu gün Azərbaycan insanı Kəlbəcərlə Səbailin fərqində deyil. Fikirləşir ki, Kəlbəcər başqadır, Səbail başqa, bu yanaşmanı necə qəbul edirsiniz?
        
Yanlış dəyərləndirmədir. Dövlət idarələrində bəzən istər bakılı, istər cəbrayıllı olsun, müharibədə əlil olmuş adamlara deyirlər ki, “səni ora mən göndərmişdim?”.  Halbuki, ayağını itirən ora getməsəydi, bu sözü deyən, onu qınayan adamın nə arvadı, nə uşağı burada olardı. Bu, bəladır. Şərəfsizlik, vətənsizlik budur. Məsələ buradan başlayır.
        Kəlbəcərin işğal günü, sonrakı vaxt... Ayrı-ayrı rayonların ziyalıları toplaşıb gedirdilər öz rayonlarına və dəstək dururdular. İşğaldan sonra, 1994-95-ci illərdə Qazax, Tovuz, Goranboy, Tərtər sakinləri dedilər ki, ziyalıların hesabına bu rayonlar işğal olunmadı. Kəlbəcər ziyalıları bu məsələdə zəif oldular, yoxsa necə?
        
Doğru yanaşma deyil. Kəlbəcər strateji bir yerdir. Dağlıq Qarabağ və ətrafını tutdular. Bircə Sərdar  Həmidov Tərtər torpağını vermədi. Tərtəri də işğal etsəydilər, həlqənin içərisində Dağlıq Qarabağ qalacaqdı. Qazax, Tovuz onlar üçün o qədər də əhəmiyyətli deyildi.
        Dediyiniz odur ki, bu ziyalılıq məsələ deyil?
        
Əslində Kəlbəcər ziyalıları qədər Kəlbəcər uğrunda danışan, vuruşan olmayıb. Bir dəfə Mütəllibovun vaxtında elan verib, Bakı-Sumqayıt ziyalılarını mən bir yerə yığmışdım. Minlələrlə insan gəlmişdi. 
        Hidayət müəllim, bir zamanlar çox aktiv idiniz, indi çox az görünürsünüz, bu nə ilə bağlıdır? Nədənsə çəkindiniz, nədənsə iyrəndiniz, necə oldu ki, belə addım atdınız?
        
Əlbəttə, yaşın da təsiri var, eyni zamanda inciklik də var. Həm də indi sözü demək üçün o meydan, qəzet yoxdur. Hər qəzetin özünün bir üslübü var, gərək tutasan.
        - Yalnız sizin jurnalist fəaliyyətinizi demirik. Dediniz ki, bir çağırışınızla ziyalları yığdınız. Kəlbəcərin işğalından əvvəlki vaxtlarda indiki tanınan ziyalılarımız o vaxt yanınıza gəlirdilər. İndi yanınıza gələn varmı, axtarırlarmı?
        
Vaxt var idi, söz, avtoritet idi. İndi pul daha hörmətlidir. Kəlbəcərlilər yeganə camaat idi ki, dilənmədi, qolu ilə, əlinin qabarı ilə pul qazandı.
        Uşaqlığınızın çox hissəsi Söyüdlüdə keçib. Rəhməlik qardaşınız, el şairi Şücaətin bir şeiri var idi: “Günlər olaydı”. O günlər üçün darıxırsınız?
        -
 Kəlbəcər bizim doğulduğumuz, göz açdığımız, gəzidiyimiz, dərsə getdiyimiz, ilk dəfə sevdiyimiz bir yerdir. Bütün gözəl şeylər ordadır və onları da əlimizdən alıblar. 
        Kəlbəcərlə bağlı daha çox nələr xatırinizdədir? 
        
Ən çox Sarıdaş. Sarıdaşda xırman var idi, xırmanda bir alma ağacı. İlk dəfə sevdiyim qızın adını o alma ağacına bıcaqla yazmışam. Uşaqlıqda ən çox evdən uzaq getdiyim yer Sarıdaş, bir də Söyüdlü olub. Ən gözəl hisslər də orada qaldı. 
        Kəlbəcərli gənc nəsil Kəlbəcəri yaşada bilirmi? 
        -
 İki cür kəlbəcərli var. Çox gözəl gəncləri var. Savadlı, yaxşı qələmləri var, yaxşı həkimlərimiz var və s. Kəlbəcər beyni indi fərqli böyüyür. 1939-cu ildə alman və rus alimləri Kəlbəcər və Laçına gəliblər. Araşdırma aparıblar ki, niyə bu insanlar uzun illər yaşayır, həm də düşünərək yaşaya bilir, sənətlə məşğul olaraq yaşayır, şeir yazır, amma 90-100 il yaşayır. Şeir və yazı da elə bir şeydir ki, insanı tez apara bilir. Həmin elmi axtarışın üstünü örtdülər, səs çıxmadı ki, nəticə nə oldu. Kəlbəcər bir sirr olaraq qalır...
        Bəzən belə fikirlər səsləndirilir ki, Kəlbəcərin təbii ehtiyatları həm də oranın insanları idi. Oranın adamlarını nə idi fərlqəndirən?
        
Əgər sən təbiilik, təmizlik istəyirsənsə, Kəlbəcərə gedib bir kişi ilə söhbət etməklə buna nail olardın. O qədər gözəl söhbət edirdilər ki... Bütün türk dillərinin ən gözəl mayası Kəlbəcərdə idi. 
        Bəs insanları?
        
İnsanları da təbiidir. Bunu necə təsəvvür edim?.. Kəlbəcər insanı vəsflə gələn bir şeydir. O insanlar olmayacaq. Orada yalan yox idi. Orada yad adam görəndə saxlayardılar, buraxmazdılar, ən yaxşı yeri verərdilər, qonaq edərdilər. İndi kəlbəcərli bilmir qohum, qardaş haradadır. Kəlbəcərin kimyası pozuldu. 
        Hidayət müəllim, öyündüyünüz uzun paltar, qaloş geyinən, yaşmaq taxan, papaqlı, çəkməli kəlbəcərlilər Azərbaycanın böyük şəhərlərində  isti qarşılanmadılar. Necə qəbul etdiniz bunu? 
        
Elədir, ona görə də o insanlar dözmədilər, öldülər. Region geyimləri, xarakterləri var...
        Nəticədə bütün Azərbaycanda kəndlə şəhər qarışdı. İndi şəhərli  ilə kəndlini ayırd edə bilmirsən. Halbuki, ən gözəl dəyərlər regionlarda, kəndlərdə qorunurdu. Necə olacaq bunun sonu? 
        -
 Biz başqa dövlətdə, başqa yerdə doğulduq, başqa yerə gəldik. Ucqarlardan qaçan qızları görürsən, internetə girirlər, qaçırlar. 
        Sizin gənc nəslə tövsiyəniz nədir? 
        - Gənc nəslə heç nə tövsiyə etmirəm. Çünki özümü hələ gənc hesab edirəm. Gənc nəslə tövsiyə etməzlər. Gənc nəsil istər kəlbəcərli, istər cəbrayıllı olsun, istəyirəm ki, hər bir kəsdə dövlətçilik hissi olsun. Bayrağı, Gerbi, Himni sevsinlər, bu olmasa, nə Kəlbəcər, nə Bakı, nə Gəncə, heç bir şey olmayacaq. Torpaq sevgisi yoxdur. Torpaqdan ötrü ölürdük, vuruşanlar getdilər...

        Kəlbəcərə bağlı adamsınız. Sizin üçün Kəlbəcər nə deməkdir indi? 
        - Mənim üçün Kəlbəcər yuxularımda gördüyüm və xəyalımda canlandırığım yerdir. Bilirsiniz, nə üçün Daşkəsən və Gədəbəy tərəfə getmirəm. Fikrimcə getsəm, orada ölə bilərəm. Ona görə getmirəm. 

Söhbətləşdi:

Aytən ƏLİYEVA.

Modern.az, 01.04.2016


QARABAĞDA ŞƏHİD OLAN TALIŞLARIN RUHUNA

Отправлено 26 апр. 2016 г., 23:31 пользователем Murad Nabibekov   [ обновлено 26 апр. 2016 г., 23:31 ]














Aqil ABBAS,

Millət vəkili

        Son zamanlar ortaya bir talış söhbəti atıblar, xüsusilə sosial şəbəkələrdə. Geniş müzakirələr gedir. Xaricdə yerləşən, hansısa dövlətlər tərəfindən maliyyələşən səhifələr bu məsələni daha geniş fırladır, xalqları üzbəüz qoymağa çalışırlar.

        Ermənistan lap canıyanan çıxıb. Talışca bir televiziya açıb, bir radio açıb və Azərbaycanın əleyhinə, Azərbaycançılıq əleyhinə geniş bir təbliğat aparır. Yuxaqulağı sulayanlar da tapıblar. Söyüşlər, təhqirlər… Bir sözlə, ilana ağ verənlər kef eləyir. Azərbaycan türküylə, talışıyla, ləzgisiylə, kürdüylə, yəhudisiylə, rusuyla, tatıyla, avarıyla, inqiloyuyla bir çələngdi. Bu çələngdə hər xalqın öz ətri var. Və Azərbaycanın müstəqiliyində, inkişafında da hər xalqın öz qatqısı var. Və bu çələngi dağıtmağa indiyədək kimsənin gücü çatmayıb, indən belə də çatmayacaq.
        Bir ara ləzgiləri ayağa qaldırmaq istədilər, «SADVAL» yaratdılar və arxalarında böyük güclər olsa da aldıra bilmədilər. Ləzgi xalqı o separatçıların arxasınca getmədi, Ulu Öndərin ardınca getdi.
        Əlikram Hümbətov xarici güclərin dəstəyi ilə Talış-Muğan Respublikası yaratdı, amma yenə aldıra bilmədilər. Talış xalqı Əlikramın ardınca getmədi, Ulu Öndərin ardınca getdi.
        Həm də ona görə aldıra bilmədilər ki, dini bir, adət-ənənəsi bir , tarixi, mədəniyyəti bir olan və bir-birinə qaynayıb-qarışmış, min bir yerdən qohumluq əlaqələri olan xalqları üz-üzə qoymaq mümkün deyil.
        Arada bir kürd söhbəti də salmaq itstədilər, o da alınmadı. Alınmaz da.
        1918-ci ildə Azərbaycan müstəqillik qazananda bu müstəqillik uğrunda bu xalqlar bir yerdə mübarizə aparmışdı. Və imperiya orduları erməni kölələri ilə bərabər Azərbaycanda soyqırım törədəndə baxmamışdı bu türkdü, talışdı, ləzgidi, yəhudidi, kürddü, tatdı.
        20 Yanvarda da imperiya tanklarının qarşısına bu xalqlar birgə çıxmışdılar, özü də əliyalın.
        Çünki Vətən bölünmür . Bu Vətən həm türkündü, həm talışındı, həm ləzginindi, həm yəhudinindi, həm tatındı…
        Qarabağ savaşında döyüşənlərin və şəhid olanların 80 faizi könüllü idi. Ailələrini, evlərini-eşiklərini, övladlarını atıb öz ciblərinin puluna aldıqları silahlarla Qarabağa gəlib bu Vətən naminə erməni işğalçıları ilə vuruşurdular: kürdü ilə, talışı ilə, ləzgisi ilə, yəhudisi ilə, rusu ilə.
        Onları heç kəs məcbur göndərməmişdi, yuxarıda qeyd etdiyimi kimi, könüllü idi hamısı. Bu Vətənin qeyrətini, namusunu, gələcəyini, hər qarış torpağını qorumaq üçün gəlmişdilər.
        Üstündən keçib, heç bəlkə də sirr deyil, həmin müharibədə demək olar ki, bütün telsizlərdə işləyənlər hamısı talışıydı. Həm kəşfiyyatçılar, həm hərbi hissələr, həm batalyonlar bir-biriylə talış dilində əlaqə saxlayırdılar. Çünki ermənilər Azərbaycan dilini bilirdilər və bizim danışıqlarımızı telsizlərdə dinləyirdilər.
        İndi həmin o talışları, Qarabağda son damla qanına qədər vuruşan talışları, bu torpaqlar uğrunda saysız-hesabsız şəhidlər verən talışları bu dövlətin, Azərbaycanın əleyhinə qaldırmaqmı olar?!
        Təbii ki, ortada yuxaqulağı sulayanlar var. Saxta profillərlə türkləri, türkçülüyü təhqir edənlər və saxta profillərlə talışları təhqir eləyən türklər. Bunlar da barmaq sayı, uzaqbaşı onların üstünə ayaq barmaqlarını da gəl.
        Mənim «Dolu» romanımda, həm də «Dolu» filmində nə heç bir obrazın adı var, hamısı rəmzidi, nə də heç bir rayonun adı çəkilir.
        Yalnız bir Lənkəran adı var. Niyə məhz Lənkəran?
        Romanda buna geniş yer versəm də, filmdə bircə yerdə qeyd olunur ki, Lənkərandan 25 nəfər könüllü gəlib və silahları da var, düzdü, amma azdı. Yəni silahsız, əli yalın gəliblər Qarabağda savaşmağa – baltayla, dəhrəylə. Necə ki savaş başlayanda elə çoxları baltayla, yabayla, dəhrəylə savaşırdı.
        Niyə məhz Lənkəran? O da bir simvoldu, cənub bölgəsinin paytaxtıdı Lənkəran. Həm də müharibədə şahidi olduğum bir hadisəyə görə yazdım bunu.
        Lənkərandan 18 yaşlı bir uşaq bəlkə də evdən qaçıb gəlmişdi Ağdamda vuruşmağa. Qeyrətlə də vuruşurdu, sonra şəhid oldu. Batalyon komandiri Hacı Əkbər Rüstəmovun qucağında can verdi. «Dolu»dakı Pələng kimi! Adətən başqa bölgələrdən olan şəhidləri valideynləri ya özləri gəlib aparırdı, ya da döyüşçü yoldaşları aparıb öz el-obalarında dəfn edirdilər.
        Həmin lənkəranlı gəncin (çox təəssüf ki, adını unutmuşam. Atası və ya qohum-əqrəbası bu yazını oxuyursa, mənimlə əlaqə saxlasaydılar sevinərdim) atası gəldi Ağdama. Amma oğlunun nəşini Lənkərana aparmadı. Dedi, şəhid şəhid düşdüyü torpaqda, qanı tökülən torpaqda dəfn olunmalıdır. Və o gənci Ağdam Şəhidlər Xiyabanında dəfn etdilər. Sözgəlişi, Ağdamda üç Şəhidlər Xiyabanı vardı. Və sonra o qeyrət dağarcığı olan gəncin atası Lənkərana dönmədi. Dedi oğlumun silahını verin mənə və qoşuldu oğlu yaşlı gənclərə, girdi oğlunun şəhid olduğu səngərə. Bax, məhz bu mənə Lənkəranın adını yazdırdı romana, çəkdirtdi filmə.
        İndi o talış balasının ruhundan qorxun. Qarabağda şəhid olan yüzlərlə talış oğullarının ruhundan qorxun. Onların ruhu talışları Azərbaycan xalqının üstünə qaldırmaq istəyənləri boğar!

BİR ŞƏKLİN TARİXÇƏSİ

Отправлено 27 февр. 2016 г., 1:29 пользователем Murad Nabibekov   [ обновлено 27 февр. 2016 г., 1:34 ]

Xankəndinə yürüşümüzün qarşısı alınmasaydı...   


Şəhid şagirdlərinin şəklindən albom düzəldən Əkbər müəllim: 

Mühasirəni yarıb, adamları xilas etdik”

* * * 

Hər şey bir zənglə başladı. Adətim üzrə hər dəfə gecə Lent.az-a yazı göndərəndən sonra, səhər zəng edib xəbər verirəm. Bu dəfə hər zəngimi “Əfəndim” deyərək açan, xoş əhvalda olan Qabil Abbasoğlunun səsi titrəyirdi:

 

- O adamları tapmaq lazımdır, Vüsalə...

 

- Hansı adamları, abi?

 

Səhər hələ indi açılmışdı, bu tezliklə yazını oxuyacağı ağlıma da gəlməzdi.

 

- O adamları deyirəm, o adamları... Gecə göndərdiyin “Əsir düşərgəsi”ndəki şəkil dəhşətdi... O qadın... Onu qollarında aparan adamın halı da heç ondan yaxşı deyil, ağladığı hiss olunur... O adamları tapmaq lazımdır... Onlar qəhrəmandır...

 

Müsahiblərim hamısı onların dəyişdirilməsində Allahverdi Bağırovun rolu olduğunu deyiblər. Buna görə də özümə təxmini bir “yol xəritəsi” cızdım. “Qarabağ” Futbol Klubunun “İmarət” Azad Azarkeş Klubu ilə əlaqə saxladım: “Mənə Allahverdi Bağırovun yaxınlarından kimsə lazımdır”. Taleh adlı adamın telefon nömrəsini verdilər: “Bacısı oğludur, bütün döyüşlərdə yanında olub...”

 

Zəngləşdik:

 

- Əlimdə Xocalı girovları dəyişdirilərkən çəkilən bir şəkil var, oradakı döyüşçünü axtarıram.

 

- Şəkli “whatsapp”la oğluma göndərin, baxım, deyim.

 

Bir neçə saniyə sonra zəng etdi:

 

- Yadıma sala bilmədim. Bizim batalyonda belə adam olmayıb. Böyük ehtimalla, Xocalıdandır...

 

- Şəkildəki qadın onu Allahverdi Bağırovun dəyişdiyini dedi, orada ancaq sizin döyüşçülər ola bilərdi...

 

- Sizə bir adamın telefon nömrəsini verəcəyəm, o hər şeyi dəqiqliyi ilə bilir. Əkbər Rüstəmov – dayımın müavini olub. Orada baş verənləri Əkbər müəllim kimi yadında saxlayan adam çətin tapıla. Onda əsl müəllim yaddaşı var, heç kimi unutmur... Sizə hər şeyi olduğu kimi danışacaq...

 

Əkbər Rüstəmovla söhbətə qədər çox adamla görüşmüşdüm, yalanları dinləməkdən o qədər yorulmuşdum ki... Hər şeyi olduğu kimi danışacaq adama elə ehtiyacım var idi ki...

 

Ümumiyyətlə, son on beş ayda üzərində çalışdığım mövzular psixoloji cəhətdən elə ağırdır ki, dostlarımın da, oxucuların da qayğısını həmişə hiss etmişəm. “Sən ağır mövzular işləyirsən, sarsıntın çoxdur, sənə görə narahatıq” deyib musiqi göndərən kim, lətifə göndərən kim...

 

Yalandan qəhrəmanlıq etməyin mənası yoxdur, niyə gizlədim, “Əsir düşərgəsi”ni işləyərkən ciddi problemlər yaşamışam. Büruzə verməməyə çalışsam da, gecələr qarabasmalarım olub, yuxum qarışıb... Amma nə dinlədiyim, nə də yazdığım hekayələr əlimi işdən soyutmayıb...

 

Bu dəfə isə həqiqətən həyat mənim üçün bütün əhəmiyyətini itirmişdi. Nəyə tutunub yaşaya bilərəm, ağlıma gəlmirdi. Bir şəklin tarixini araşdırarkən o qədər adamla görüşmüşdüm ki, onların yarısı fırıldaqçı, yalançı, Qarabağ uğrunda gedən döyüşlərdə olmayan uğurlarımızı öz adına yazan, bununla mətbuata yol tapmağa çalışan dələduzların müharibənin üstündən bir belə vaxt keçdikdən sonra da onunla alver etməsi məni özümdən çıxardırdı...

 

Həqiqi döyüşçülərin isə gözünə baxa bilmirdim. Bu, doğrudan dəhşət idi. Onlar o birilərindən fərqli olaraq həyasızlıqla qəhrəmanlıqlarından danışmır, tavana baxır, döşəməyə baxır, gözlərinə baxmağıma imkan vermirdilər. Həyatda məğlub kişinin gözlərinə baxmaqdan dəhşətli heç nə yox imiş...

 

Onlarla danışanda məlum oldu ki, mənim kimi neçə-neçə insanın, o cümlədən gəncliyini səngərdə keçirən bu döyüşçülərin həyatı nələrin uğrunda məhv olub. Müharibənin oyun olduğunu bilirdim, amma bu qədərini düşünməmişdim...

 

Həyat o qədər əhəmiyyətsiz olmuşdu ki... Onların baxışları, danışdıqları qarşısında özümü o qədər mənasız işlə məşğul olan biri kimi hiss edirdim ki... Bir neçə görüşdən sonra qərar verdim – bundan sonra heç nə yazmayacaqdım. Nə “Əsir düşərgəsi”, nə “İnternat dramı”. Artıq görüşlərə sırf maraq üçün gedirdim. Onlardan heç bir yerdə yazılmayan hadisələr haqqında eşidirdim, istəyirdim ki, bu haqda daha çox məlumatım olsun...

 

İki ay heç nə yazmadım. Amma axı Qabil müəllimə o şəklin tarixini araşdıracağıma söz vermişdim...

 

...Bu gündən Lent.az-da sizə məni həyatdan küsdürən bu görüşlərdən yazacağam. Amma yazılması mümkün olanları... Oxucumun da küsməsini istəmirəm...

 

* * *


 I yazı

 

Mən Qarabağ qazisi Əkbər Rüstəmovu Sənanın atası kimi tanıyırdım. Heç müəllim olduğunu da bilmirdim.

 

Sənanı isə Rey Kərimoğlunun Lent.az-da yayımlanan “Kəşfiyyatçının xatirələri”ndən tanımışam. Əminəm, siz də unutmamısınız:

 

“...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı dizlərimin üstündə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyinin əzabla çırpındığı aydınca görünür. Tozla qan qarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür... Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb, rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə düz gözlərimin içinə baxır. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram...”

 

Bu sətirləri oxuyanda məni sarmış duyğular o vaxtdan ruhumu tərk etmir. Sanki atası da bunu bildiyindən, darısqal otağa girən kimi bizi tanış edir:

 

- Sənandır...

 

Divardakı şəklinə çevrilirəm. Sanki şəkildən də Reyin təsvir etdiyi kimi tozla qan qarışıq “palçığa” bulaşmış ürəyinin necə çırpındığını görürəm. Fotoqrafımız tez şəklini çəkir. Qonşu otaqdan tar səsi gəlir. Yəqin nəvələrdən biridir. Amma mənə elə gəlir ki, Sənan qonşu otaqda tar çalır... Axı o həm tar çalırdı, həm də idman ustası idi. Bütün bunları “Kəşfiyyatçının xatirələri”ndən bilirəm. Sonra Sənan haqqında onun dostu Muraddan da soruşmuşdum:

 

- Reyin “Kəşfiyyatçının xatirələri”nin girişində haqqında yazdığı oğlanı unuda bilmirəm... – demişdim. Murad uzaqlara baxıb:

 

- Yaxşı oğlan idi Sənan... Baxmayaraq ki, atası müəllim idi, amma biz dərsdən qaçanda, o da bizə qoşulub qaçardı, dostlarını çətin vəziyyətdə qoymazdı... Az danışardı, danışanda da utanardı... – demişdi.

 

Başqa nə desin ki... On doqquz yaşlı insan arxasınca danışılacaq hansı həyatı yaşamağa, xatirəni buraxmağa macal tapmışdı ki...

 

İndi Sənanın ruhu dolaşan evdə mən də heç nə danışa bilmirəm. Elə bilirəm ki, onun “palçığa” bulaşmış ürəyi hələ də döyünür və o nəsə demək istəyir. Mən danışıb, az danışan əsgərin son sözlərinə mane olmaq istəmirəm...

 

Əkbər müəllim danışır:

 

- Təkcə Sənanı deyil, neçə bala itirdim. Bilirsiniz necə tələbələrim şəhid oldu? Müharibə bizim gənclərə həddindən artıq ziyan vurdu. Tələbələr təhsilini yarımçıq qoyub, qayıtdı, həyatını səngərdə davam etdi, təhsil ala bilmədi... Zaman keçdikcə ürəkdə müəyyən istəklər ölür... ailə haqqında düşünə bilmədilər... Böyük bir nəsil məhv oldu.

 

Əkbər Rüstəmov döyüşlərə üç oğlu ilə qatılıb. Sənan ikinci oğludur. Üçüncüsü – Kənan isə səngərdə gecələyəndə lap uşaq olub. Bu haqda danışır:

 

- O yurdun yiyəsi biz idik, qızım. Bu gün də müharibə olsa, ailəlikcə gedəsiyik. Neçə yaşında olursa-olsun, oğuldur, döyüşməlidir. Tək biz deyildik, qohumlarımın çoxu orada idi. Sənandan bir ay sonra da qardaşım Xosrovun oğlu Yusif şəhid oldu. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən şəhərdir və onların səksən faizi mənim tələbəm olub. Mən bir bala itirməmişəm ki...

 

1988-ci ilin fevralında Ağdamda keçirilən böyük mitinqdən danışır. İkimiz də o günlərə qayıdırıq. Sənan tar çalır, o “on minlərlə adam yığılmışdı” deyir, mənsə babamın iri, güclü barmaqlarını xatırlayıram. Həmin günü babam ildə bir dəfə - axır çərşənbədə havaya atəş açdığı köhnə tüfəngini çıxardıb, təmizləyirdi. Həmişə sərtliyi ilə seçilən babamın üzündə heç vaxt görmədiyim ifadə var idi. Bu, sərtlikdən də o yana idi. Qorxumdan gəlinciyim də qucağımda qaçıb stolun altına girmişdim. Atamın nənəsi isə qırıq-qırıq xatirələrini danışıb, tez-tez “Allah, biz görənləri balalarımıza göstərmə” deyirdi... Bədənim gizildəyirdi, üşüyürdüm. MÜHARİBƏ BAŞLAMIŞDI.

 

- Dedik ki, hökumət bu işə qarışsa lap yaxşı, qarışmasa, biz ermənilərə özümüz öz gücümüzü göstərəcəyik. Tezdən əliyalın Xankəndinə yürüş etdik. Aramızda hər yaşda adam var idi. Qarqar çayı tərəfdə uşaqları saxladım ki, siz hara gedirsiniz? “Əkbər müəllim, biz də gedəcəyik” dedilər. Əlində şlanq parçası tutan uşağın biri dedi ki, “Əkbər müəllim, biz də öz yaşıdlarımıza cavab verəcəyik”. Bax, onda gözlərim doldu. Həm qürur duydum, həm də uşaqdır axı... İki balamız orada şəhid oldu. Bəxtiyar Quliyev – 50 saylı peşə məktəbində tələbəm idi, I kursda oxuyurdu... Əli Hacıyev – yaxın dostum Arifin qardaşı idi... Yaralananlar da çox idi.

 

Qarşısına tökdüyü fotoların arasından onların – Qarabağ müharibəsində verdiyimiz ilk şəhidlərimizin şəkillərini çıxardır. Talehin onun haqqındakı sözü yadıma düşür: “Əsl müəllim”. Şəhid tələbələrinin şəklini ailə albomunda gəzdirən müəllim... Mən döyüşçü ilə görüşə gəlib, həm də şərəfli bir müəllimlə tanış olmuşdum...

 

- Həmin hadisədə bizim insanlarda olan gücə baxıb, heyrətə gəldim. Yolda KaMAZ maşını saxlamışdılar ki, kütlənin yolunu kəssin. İnsan izdihamı o KaMAZ-ı necə qaldırıb kənara çəkdisə, elə bilərdin balaca qutu tərpədirlər. İnsan gücünün hər şeydən qüvvətli olduğunu mən orada hiss etdim. Əsgəranda qabağımızı kəsdilər... Həmin gün bizə mane olmasaydılar, hadisələr bu yerəcən gəlməzdi. Nə torpaq itirərdik, nə də bir belə şəhid verərdik... Heç Xocalı faciəsi də yaşanmazdı...

 

Xocalı hadisələri gözlənilirdi, qızım, amma nə vaxt, o bilinmirdi. Bunu heç ermənilər də bilə bilməzdi. Bu axı birbaşa rus ordusunun təcavüzü idi. Vaxtı da onlar müəyyən edirdilər...

 

Bizə gecə saat 11-də xəbər gəldi. Xocalıdan rabitəçi qızlar xəbər etdilər. Bizdə də elə güclü silah yox idi. Onlarda isə tank, ZTR, PDM... nə istəyirsən var idi. Sovetdən güc almış rus ordusudur də, qızım. Biz, yalın əlimizlə rus ordusuna qarşı vuruşmuşuq...

 

...Ağdamın Şelli kəndindəki Mantar dağından baxanda Xocalı ovuc içi kimi görünürdü. Xocalının təhlükə altında olduğunu, hər an hücumun gözlənildiyini bilən Ağdam Könüllü Özünümüdafiə Batalyonunun üzvləri Mantardan Xocalıya baxırdılar. Rusiyanın 366-cı motoatıcı alayının qarşısına çıxa biləcək texnikaları yox idi. Avtomatları belə kifayət qədər deyildi. Qısası, bu əsgərlər yalnız torpaq sevgisi ilə təpədən-dırnağa silahlanmışdılar. Başqa silahları yox idi...

 

Davamını Əkbər müəllimin gündəliklərindən oxuyuram:

 

“Sulu qar yağırdı. Erməni-rus hərbi birləşmələrinin Xocalıya hücum xəbəri Ağdama bir anda yayıldı. Düşmən dinc, silahsız, əliyalın xalqa divan tutmuşdu. Zavallı, köməksiz insanların ah-naləsi ərşə qalxmışdı. Xocalılara kömək lazım idi. Kimin ayağı yer tuturdusa, Şelliyə - cəbhə xəttinə yollanırdı.

 

Hamını bircə fikir narahat edirdi: sağ qalanları necə qurtarmaq? Bu vaxt Allahverdi Bağırov dedi:

 

- Müəllim, sən adamlarınla soldan, biz isə sağdan hücuma başlayaq. Düşmənin fikrini yayındırıb, xocalıları xilas etməliyik.

 

Biz ayrıldıq. Şahbaz, Zahid, Elman, Məzahir, Sarvan, İlham... hamımız irəliyə atıldıq. Hər yanı od-alov bürümüşdü. Tank, ZTR, avtomat və pulemyot səsindən qulaq batırdı. Güllə səsləri insanların harayına, yalvarışlarına qarışaraq sərt qayalara dəyib əks-səda verir, qorxulu səhnə yaradırdı. Havanın soyuq olmasına baxmayaraq, hamımız tərləmişdik. İsti geyimləri çıxarıb atmaq istəyirdik.

 

- Dayanın, diqqətli olmaq lazımdır, bizimkilərin yerini müəyyənləşdirməliyik, - deyə əmr etdim.

 

İrəliyə diqqət etdik, payızlıq taxıl zəmisinin içində 70-80 nəfərin uzandığını gördük. Bir az da irəlilədik. Birini tanıdım, Xankəndli Rəşiddir. Uşaqları səslədim:

 

- İrəli! Kömək etməliyik!

 

Məzahir, Elman, Sarvan, İlham, hamı “İrəli!” deyərək, hücuma keçdik. Düşmən çaş-baş qaldı. Düşmən əsgərləri bir-birinin ardınca yerə sərildi. Mühasirəni yarıb, adamları xilas etdik.

 

Xankəndli Rəşid qollarını açıb, ağlaya-ağlaya məni bağrına basmaq istədi:

 

- Müəllim, sizə qurban olum, bizi yaxşı qurtardınız.

 

Bir az sərtləşdim:

 

- İndi qucaqlaşmaq vaxtı deyil, qalanların yerini göstərin, heç olmasa, səmtini deyin, onları da xilas etmək lazımdır axı.

 

- Başda ağıl qalıb ki, - deyə Rəşid kişi əli ilə adamlar olan səmti göstərir: - Oğlum Ceyhun da orada yaralı qalıb.

 

Şahbaza, oğlum Sarvana və İlhama adamları Şelliyə aparmağı əmr etdim. Elə bu vaxt bizi hər tərəfdən atəşə tutdular. Güllə yağış kimi yağırdı. Cavab atəşi açdıq.

 

Allahverdi ilə Asifin dəstələrinin Qaraqaya tərəfdən irəliləyərək, xeyli Xocalı sakinini xilas etməsi xəbəri qolumuza qüvvət verdi, döyüş davam etdi. Ancaq əhvalımızı pozan acı bir xəbər də gəldi – Xosrov və Canpolad qəhrəmanlıqla döyüşüb, həlak olublar. Onlar neçə-neçə günahsız insanı xilas edib, özləri düşmən gülləsinə tuş gəlmişdilər.

 

Əmr etdim:

 

- Yaralıları, ayağını don vuranları, qadınları və uşaqları arxaya – Şelliyə aparmaq lazımdır.

 

Mantar dağının ətəyində dayanan avtobuslar, köməyə gələn xüsusi maşınlar yaralıları və xocalıları Ağdama daşıdı. Bu proses bir neçə saat davam etdi. Gün ərzində bir  “PAZ” markalı avtobus və bir “Niva” maşını düşmən minası ilə partladıldı. Hamı yorulsa da, geriyə çəkilmək istəmirdik. Bir neçə dəfə irəliyə gedib adamları, ayaqlarından güllə yarası alan qadınları kürəyimizdə gətirdik. Növbəti dəfə oğlum Kənanın arxamca gəldiyini gördüm. Soruşdu:

 

- Ata, yaralanmısan?

 

- Boş şeydir, keçib gedər. Narahat olma.

 

Birdən inilti səsi eşitdim. İrəlidə nəsə qaralır. Kənanla qaraltıya sarı atıldıq. Cavan bir oğlanın ayağından yaralanaraq, yerə sərildiyini gördük, yanında da bir it var idi. İt ayağımdan çəkib, məni ona sarı aparır, sanki dil açıb yalvarırdı ki, sahibinə kömək edək. Oğlanı kürəyimə atıb, geri döndüm. Bir qədər gedəndən sonra Kənan onu məndən aldı:

 

- Ata, sən çox yorulmusan, ver, mən götürüm, sən silahları götür.

 

Qaranlıq olduğundan səmti müəyyənləşdirmək çox çətin idi. Hər tərəfdən də atəş səsi gəlirdi, hərdən irəliyə keçir, yol tapır və Kənana “Arxamca gəl” – deyərək, göstəriş verirdim:

 

- Deyəsən, yaxınlaşırıq, irəlidəki dağa çıxıb, o üzə aşsaq, hər şey yaxşı olacaq.

 

Artıq qar kəsmişdi, bir az oturub, dincəldik. Fürsətdən istifadə edib, oğlandan adını soruşdum:

 

- Adım Ceyhundur. Xankəndli ağbaş Rəşid kişinin oğluyam. Ancaq bilmədim atamgil harda qaldı...

 

Gözləri dolmuşdu. Ona bir az əvvəl atasını azad edib, Şelliyə göndərdiyimizi dedim...”

 

26 fevral 1992-ci il. Ağdam.

 

- Qızım, kürəyimizdə çıxardığımız adamlar qorxularından boynumuzu elə sıxırdılar ki, aylarla boğazımızın ağrıları getmədi... Yüzlərlə elə adam çıxartmışıq...

 

Bir qadın var idi, 70 yaşı olardı, güllə dəyməmişdi, amma ürəyi partlamışdı... Nə görmüşdüsə... Onu da orada qoymadım, onu orada atıb gəlmək mümkün deyildi...

 

Bir gəlindən soruşdum ki, içəridə gözlərinlə nə gördün? “Bir gəlin var idi, onu vurdular, balası da yaralanmışdı... Uşağı da götürüb xaç kimi pəncərəyə vurmuşdular. Uşaq o qədər çığırdı ki, axırda anasının döşünü kəsib, əmzik kimi ağzına verdilər” dedi...

 

- Allahverdi Bağırovla Vitali Balasyan girovları dəyişmək üçün görüşürdülər. Siz bu görüşlərində iştirak edirdiniz?

 

- İki dəfə iştirak etdim, sonra xoşuma gəlmədi. Çünki biz torpaq uğrunda mübarizə aparırdıq, adamları meyitlərə dəyişmək uğrunda yox. Onlar bizim adamları öldürüb verirdilər, biz isə sağ verirdik. Ürəyim bunu götürmürdü.

 

- Amma Allahverdi Bağırov Xocalı hadisəsindən həmən sonra 1003 nəfəri dəyişə bildi...

 

- Əvvəllər mümkün idi. Sonra isə onlar eləmədilər. Bilirsən, qızım, erməninin xislətini bilmək olmur. Bir dəfə Allahverdi dedi ki, Vitali deyir biz tərəfdə ruslardır... Rəhmətlik Allahverdi heç kəsin görmədiyi bir işi görüb, qızım. Heç dövlətin də görmədiyi işi görüb. Bunu danmaq mümkün deyil. O komandir idi, mən müavini. Görürdüm bütün bunlar nələr bahasına başa gəlir...

 

Xocalı ilə bağlı danışanda Allahverdi ilə yanaşı mütləq Seyidağanın da adını çəkmək lazımdır. Seyidağa Mövsümlü çox əziyyət çəkib. Mənim nəzərimdə o qəhrəmandır. Bax, hamını o çəkib, amma onu heç kim çəkməyib. Heç bir kadrda görünmür. Hətta bir dəfə onun kadrlarında özümü də gördüm. Bir oğlanla əlimizi birləşdirdik, bir kişi oturdu qolumuzun üstündə, çıxartdıq. Üzümün yarısı düşmüşdü, mənə çox maraqlı oldu...

 

- Heç geri qaytarmadığınız əsir olub?

 

(I yazının sonu)

 

II yazıda:

 

- Qadınları da, kişiləri də çox eybəcər bir formaya salmışdılar. Elə bir vəziyyət idi ki, mən həmin günü papağımı başımdan götürüb, tulladım.

 

- Bizdə dəqiq məlumat var idi ki, bütün girovları Əsgəranda saxlayırlar. Buna görə də martın 6-da ora geniş miqyaslı hücum planlayırdıq. Tankları gətirib Şellidə düzmüşdülər, hazırlıq gedirdi. Bir həftə sonra gördük ki...


* * *


Əkbər Rüstəmov: “Şelli dağını aşıb, hücuma keçdik, 

ölüm-dirim savaşı başladı” 

 

II yazı

 

- Heç geri qaytarmadığınız əsir olub?

 

- Olub. Bir nəfər tutmuşduq, bizə xeyli lazımlı məlumat verdi. O məlumatlar çox işimizə yaradı. Amma xahiş etdi ki, məni geri verməyin, öldürərlər. Biz də üçüncü ölkəyə göndərdik. Yəni bizə çox kömək etdi, tək xahişi o idi, razılaşdıq.

 

- Xocalıda körpələrə təcavüz olunduğu deyilir...

 

- Nə eşitmisinizsə, düzdür.

 

- 3-5 yaşlı qız uşaqlarına təcavüz edildiyini eşitmişəm...

 

- Onu görməmişəm, amma yetkinləşmiş qızlara... Qadınları da, kişiləri də çox eybəcər bir formaya salmışdılar. Elə bir vəziyyət idi ki, mən həmin günü papağımı başımdan götürüb, tulladım. 1992-ci il, fevralın 26-da... Allahverdi sonra dedi ki, qardaş, səhv elədin, gərək papağını tullamayaydın. O vaxtdan 1997-ci ilə qədər, hərbidən tərxis olunana qədər generallarla da bir yerdə olmuşam, polkovniklərlə də. Bir xahişim olub – papaq məsələsi olmasın. Mən onu tullamışam... Dostum Ədib hər Novruz bayramında zəng edib deyir ki, Allah eləsin sənin başında papaq görüm...

 

Gördüm ki, insanlar var-dövlətə aludədirlər, Vətəni qorumağa yox.

 

Vərəqlərə yazılan gündəlikləri oxuyuram. Martın 6-da Əsgərana hücum edilib. Dürdanə Ağayevanın hekayəsini xatırlayıram...

 

- Bu döyüş haqda bilmək istəyirəm...

 

- Bizdə dəqiq məlumat var idi ki, bütün girovları Əsgəranda saxlayırlar. Buna görə də martın 6-da ora böyük miqyaslı hücum planlayırdıq. Tankları gətirib Şellidə düzmüşdülər, hazırlıq gedirdi. Bir həftə sonra gördük ki... tanklar... yoxdur... Çarəmiz kəsildi, saat 4-də məcbur olub öz qüvvəmizlə hücuma keçdik. Hamımız – Allahverdi Bağırovun, Fred Asifin dəstəsi. Əsgərana girdik, amma rus ordusunun texnikası qarşısında dayanmaq qeyri-mümkün idi. Qarqarın içindən keçmişdik, suyun içi ilə, o qarda, şaxtada... Qızım, ordu indi gördüyün ordu deyildi, indiki hərbi texnikamızın yarısı bəs idi ki, biz rus ordusu qarşısında dayana bilək. İndi gənclik ittiham edir, deyir döyüşmədiniz... Biz hələ əliyalın 2 saat 40 dəqiqəyə 5 kəndimizi ermənilərdən azad etmişdik – Aranzəmin, Pircamal, Naxçivanik, Ağbulaq, Dəhraz. 84 gün oturduq orda...

 

6 mart döyüşü haqda onun gündəliklərindən oxuyuram:

 

“Xocalı faciəsinin 10-cu günüdür.

 

Bir həftədir ki, tanklar, BTR Şelli dağının ətəyinə yığılıb gözləyir. Biz elə bilirik ki, Əsgərana hücum olacaq. Xocalı yolu açılacaq, girovlar azad ediləcək. Rus ordusuna məxsus olan hərbi texnika əmr gözləyir, biz isə... Birdən texnika geriyə dönür və gəldiyi istiqamətə qayıdır.

 

Allahverdi üzündə qəmgin bir hisslə dillənir:

 

- Deyəsən, ruslar qayıdır, deməli, bizi ağır döyüş gözləyir, özü də texnikasız girişməli olacağıq savaşa. Ancaq nəyin baha-sına olursa-olsun, yol açılmalıdır. Özünüzü qoruyun!

 

Elə bu vaxt Fred Asif döyüşçüləri ilə özünü yetirir. Qucaqlaşıb görüşdükdən sonra deyir:

 

- Bu gün məqsədimizə nail olmasaq, sonra bizim üçün çox çətin olacaq. Gərək gücümüzü bu nankorlara göstərək.

 

Allahverdi yana-yana “Niyə birləşə bilmirik, niyə vaxtında ordu yaratmadıq ki, düşmən gücümüzü görə” - deyə hamıdan soruşurmuş kimi deyinir. Hər ikisi eyni vaxtda üzlərini mənə çevirirlər:

 

- Ay müəllim, biz elə özümüz ordu deyilikmi? Birləşsək, nələr edə bilmərik? Ancaq ümumi rəhbərlik lazımdır, vahid komandanlıq olmasa, heç nə edə bilməyəcəyik.

 

Bu arada jurnalist Rəhbər Bəşiroğlu döyüşçüləri fotoaparatının yaddaşına köçürür. Başımızın üstündən rus ordusunun zirehli vertolyotları uçur. Qırmızı lentli əsgərlərimiz döyüşə tam hazır vəziyyətdə gözləyirlər. Hamısının gözündə qisas hissi duyulur.

 

Saat 16:00-da qar yağmağa başlayır. Döyüşçülərlə yanaşı dayanmış silahsız igid oğullarımız da az deyil. Ağdamın əli silah tutan oğullarının hamısı buraya toplaşıb. Darda qalan soydaşlarımıza kömək etmək, Xocalı yolunu açmaq, düşməni susdurmaq üçün əllərindən gələni etməyə çalışırlar. Hamı “hücum” əmri gözləyir.

 

Çox keçmir ki, əmr verilir. Şelli dağını aşıb, hücuma keçirik. Ölüm-dirim savaşı başlayır. İlk güclü həmlə ilə Qaraqayanı (mən ora “Qanlı qaya” deyirdim) aşırıq. Heç bir itki olmadan bu yüksəkliyi ələ keçirməyimiz düşməni çaş-baş salır.

 

Döyüş davam edir. Döyüşdən əvvəl tanıdığım və o gündən həmişə bir yerdə olduğumuz Barat müəllim saçının ağlığına baxmayaraq (elə buna görə hamı ona “Baba” deyirdi) gənclərdən geri qalmır. Biz irəliləyirik. Döyüşçülərimiz mərdliklə vuruşurlar. Elə bil ölümün özü də bu igid oğlanlardan qorxub düşmənin arxasınca qaçır və haqladığı ermənini ayaqlayıb üstündən keçərək özünü düşmən səngərinə atır.

 

Arxaya baxıram. Şelli dağı, Mantar artıq bizdən çox-çox uzaqda qalıb.

 

...Şiddətli döyüş davam edirdi. Hər an güllə kimisə yaxalaya bilər. Ancaq buna heç kəs fikir vermir. Məqsəd birdir - yalnız irəliyə! Ətrafda nə varsa, od tutub yanır. İgid oğullarımız nəyin bahasına olursa-olsun düşməni əzib, Xocalını azad etməyə can atır.

 

Bu vaxt oğlum Kənanın, Vüqar Novruzovun, Nizami həkimin nifrətlə dolu simaları diqqətimi cəlb edir!

 

Nizami həkim hadisələr başlayandan bizimlədir, həm həkim kimi yaralılara elə döyüş xəttindəcə ilk yardım göstərir, həm də əldə silah düşmənlə döyüşürdü. Dəfələrlə onun geridə qalmasını təkidlə bildirmişdim. Ancaq Nizami həkim fürsət tapan kimi ön cərgəyə atılır, Vətən qarşısında övladlıq borcunu həm həkim kimi, həm də döyüşçü kimi yerinə yetirməyə çalışırdı.

 

Vüqar Novruzov sovet ordusundan yenicə tərxis olunmuşdu. Rayona qayıdan kimi əlinə silah alıb Vətənin müdafiəsinə qalxmışdı. Yorulmaq bilmir, rayonun digər gəncləri kimi gecəli-gündüzlü səngərlərdə, döyüşlərdə olurdu. Bu igid, qorxmaz oğlanın vətənpərvərliyi məni heyran etmişdi. Nə isə...

 

Döyüş davam edirdi. Mübariz və Nazimin açığa çıxıb döyüşdüklərini və irəliyə can atdıqlarını görən kimi aşağı yatmalarını əmr edirəm.

 

- Ehtiyatlı olmaq lazımdır. Ağılsız ölüm heç nə verməz.

 

Ancaq həm onların, həm də bütün başqa əsgərlərin gözlərində parlayan qisas hissini görəndən sonra başa düşdüm ki, bütün əmrlər yersiz görünəcək. Ani sükutdan sonra onların artıq Qar-qar çayını keçdiyini gördüm. Mənə yalnız onların ardınca getmək qalırdı. Elə də etdim, atəş aça-aça irəliləməyə başladım.

 

Çayı keçib tut bağında özümüzə mövqe tutduq. Hamımızda belə fikir yaranmışdı ki, tez bir zamanda Əsgəranı ələ keçirəcəyik.

 

Düşmən güclü müqavimət göstərsə də, əsgərlərimizin həmlələrinə tutarlı cavab verə bilmirdi.

 

Artıq anlamışdılar ki, Xocalı faciəsi “yatmış şirləri” oyadıb və bu qisasdan yaxa qurtarmaq olmayacaq. Bütün texnikanı işə salmışdılar, tankların, PDM, ZDM-lərin uğultusu, top və “qrad”ların qulaqbatırıcı gurultusu, avtomat və pulemyotların şaqqıltısı hər yanı bürümüşdü...

 

Döyüş getdikcə şiddətlənirdi. Budur, əsgərlərimizin bir çoxu Əsgəran qalasının beş addımlığındadır. Güllə yağış kimi yağır. Bu vaxt Fred Asifin batalyonundan olan bir döyüşçü yaralanır, lap elə mənim yanımdaca “məni vurdular” deyib yerə yıxılır. Onu arxaya göndərməyə macal tapmamış daha bir əsgərimizin başından yaralandığını gördüm. Bu, Neftçaladan gəlmiş cəsur, igid, gənc Əfsər idi. Onun da yarasını sarıyıb döyüş xəttindən çıxarırlar.

 

Döyüşlər səngimək bilmir, getdikcə daha sərt müqavimət göstərən düşmən bütün gücünü işə salıb. Bayaqdan bəri yağan qar da ara vermir. Ancaq bütün bunlara baxmayaraq əsgərlərimizin irəliləmək, Xocalını azad etmək əzmi tükənməyib. Bu vaxt əsgərlərimizdən birinin yaralandığını xəbər verirlər. Nizami həkimlə Kənan ona ilk yardım göstərdikdən sonra arxaya aparırlar.

 

Döyüş isə davam edir. Nazim, Mübariz, Şərif, Rasim (matros Bakıdan), Natiq, Vüqar, Nurəddin, Yaşar (Nizaminin qardaşıdır), Şahmar (usta), Sarvan, Taleh, Rövşən, Rizvan, Əli, Qərib, Sabir, Tahir, Elçin, Muxtar, Bakir, Zahid (qara Zahid), Şahin, Vahid (irəvanlı), daha kimlər, kimlər düşmənə qarşı amansız döyüşə girişənlər arasındadırlar. Bəlkə də adlarını çəkə bilmədiklərim məni qınayacaqlar. Ancaq müəllimi bağışlamaq olar, hamının adı yadımda qalmır, axı. Döyüş isə davam edir...

 

Yaxınlıqda qəfil partlayan mərmi torpağı göyə sovurur. Nazimin gözlərinə dolan qum onu dayanmağa məcbur edir. Düşmən pulemyotçusu bizi atəşə tutur. Ancaq Natiq qumbaraatanla onu susdurur. Nazimi arxaya göndərmək mümkün olmur, o, qalıb döyüşəcəyini bildirir:

 

- Yox, gözlərim kor olsa belə, arxaya getməyəcəyəm, yaralı dostlarımın qisasını almayınca, düşməni məhv etməyincə geriyə gedən yolum bağlıdır.

 

Əsgəran qalasında özünə mövqe tutmuş daha bir düşmən pulemyotçusu irəliləməyimizə mane olur. Burada yenə Natiq köməyimizə çatır. O, qumbaraatanla düşməni susduran kimi əsgərlərimiz irəliləməyə başlayırlar.

 

Elə buradaca qeyd edim ki, Nazim, Natiq, Mübariz, Vüqar, Zahid hücumun əvvəlindən igid döyüşçülər kimi daha çox fəallıq göstərirlər. Zahid pulemyotu ilə düşmənə divan tuturdu. Əsgəran pivə zavodu istiqamətində öz dostları ilə birlikdə zavodun hasarlarınadək irəliləyirlər. Bu, bizə əsas məqsədlərimizdən birinə çatmaq milis idarəsi binasını almaq üçün yaxşı şərait yaradır.

 

Eşitmişik ki, Xocalı əsirlərinin bir qismi Əsgəran rayon milis idarəsində saxlanır. Ona görə də ilk öncə onları azad etməyə çalışırdıq.

 

...Artıq Əsgərana daxil olmaq üzrəyik. Ancaq düşmənin müqaviməti getdikcə güclənir. Elə bil göydən mərmi, güllə yağışı yağır. Vəziyyətin həddindən artıq ağır olmasına baxmayaraq, döyüşçülərimizin irəliləmək əzmi hər şeydən üstün gəlir.

 

Ədalət, Səxavət, Kamaləddin, Camaləddin, Valeh, Yaqub, Eyvaz, Elman, Nadir Cəfərov, Haqverdi, Akif Nağıyev, Şahbaz, daha kimlər hərəsi bir şirə dönüb düşməni məhv etmək, girov düşmüş qadınların, qızların, qocaların tanınmaz hala salınmış körpə cəsədlərinin qisasını almağa çalışırlar. Onların çoxu mənim tələbəm olub, bu gün isə gözlərindən qan daman bu oğullar məni heyran edirdilər. Baxdıqca köks ötürür, onlarla fəxr edirəm. “Bu oğullar nə istəsən edərlər. Onlar torpağı düşmənə verməzlər. Onlar qisas almayınca sakitləşməyəcəklər” fikirləri başımda dolanır. Gözüm isə qarşıya baxır. Bu ağır döyüş səhnəsi uzandıqca uzanır.

 

Artıq düşmən geri çəkilmək üzrədir. Axşam saat 10-11 radələridir. Döyüş daha da şiddətlənir, düşmən geri çəkilmək istəmir. Bizim əsgərlər isə nəyin bahasına olursa - olsun, Ağdam - Xocalı yolunu açmaq üçün ölümün qucağına atılırlar.

 

Bu vaxt Xocalı istiqamətindən güclü texnikanın irəlilədiyini görürük. Ərənlərimiz daha da sərtləşir. Bir, iki, üç... Düşmənin hərbi texnikası bir-birinin ardınca igid əsgərlərimiz tərəfindən vurulur. Elə bu dəm patronumuzun tükənmək üzrə olduğunu xəbər verirlər.

 

Vəziyyət ağırlaşır. Güclü düşmən texnikası qarşısında gülləsiz qalmışıq. Üç tərəfdən hücuma keçən düşmən getdikcə mövqelərini gücləndirməyə can atır. Göydən yağan mərmi, güllə yağışı imkan vermir. Arxadan isə hələ ki kömək gəlmir bizə. Nə etməli?..

 

Artıq irəliləmək mümkün deyil. Hər tərəfdən sıxışdırılırıq. Düşmən bizi mühasirəyə almağa çalışır. Biz isə son gülləmizə qədər vuruşmağı qət etmişik, düşmən əlinə keçməmək üçün özümüzə güllə saxlamışıq. Od-alovun içində nələr baş verdiyini ayırd etmək mümkün deyil. Bu vaxt atalıq hissi məni oğlanlarım Kənan, Sənan və Sarvan haqqında düşünməyə məcbur edir: “Görəsən hansı tərəfdədirlər, barı ələ keçməyələr”. Birdən tələbələrim gözümün önünə gəlirlər. “Məgər onlar da mənim balalarım deyilmi?” - deyə öz-özümü tənbeh edirəm.

 

Elə bil yuxudan ayılıram. Bu mənasız qırğına getmək olmaz. Qaraqayaya çəkilib mövqelərimizi möhkəmləndirməliyik. Ancaq geri çəkilmək də o qədər asan deyil. Düşmən Qaraqaya istiqamətini ardıcıl atəşə tutur. Vəziyyət getdikcə ağırlaşır, müdafiə həlqəsi daralmaq üzrədir. Bir azdan gec olacaq. Atışa-atışa geri çəkilirik. Qarqar çayının sularını keçib, seçdiyimiz mövqeyə yaxınlaşırıq.

 

Çaydan çıxanda uşaqlıq dostum Heydəri yanımda gördüm.

 

Elə bu vaxt Şahin Hümbətəliyev də gəlib çıxır. Heç kim danışmır. Mən Neftçaladan olan Əfsər haqqında fikirləşirəm. Bu igid oğlan düşmənə ağır zərbələr vurmuşdu, ancaq... Heydərin səsi məni fikirdən ayırdı:

 

- Müəllim, çox fikir eləmə, özünü ələ al, müharibədir də, hər şey ola bilər.

 

Heydərin təsəllisi məni sakitləşdirmir. İçin-için ağlayıram, qəhər məni boğur. Axı hər şey qurtarırdı, bir az da tab gətirə bilsək, azacıq kömək olsaydı, məqsədimizə çatardıq...

 

Heydər qolumdan tutur:

 

- Neynirsən, ehtiyatlı ol. Görmürsən, güllə yağış kimi yağır.

 

- Yox, Heydər, burax məni. İndicə bir əsgər yaralandı, özü də necə oldu bilmədim. Birdən düşmən əlinə keçər...

 

- Nə etmək olar, müəllim, müharibədir. Bu döyüşdə hər birimizi ölüm gözləyir. Amma yaxşı ki, itkilərimiz hələlik azdır. Ancaq düşməni yaman qırdıq, ha! Düzdür, məqsədimizə çata bilərdik, heyf ki, kömək gəlmədi. Nə isə, ehtiyatlı ol, görək, başımıza nə gəlir.

 

Nəhayət, Qaraqayaya çatırıq. Orda mövqe tutan Ağdam rayon polis işçiləri qaranlıq olduğundan bizi tanımırlar.

 

- Dayan, kimdir?

 

- Bizik qardaş, diri ikən ölülər, ölü ikən dirilər.

 

- Müəllim sizsiniz? Bəs deyirdilər əsir düşmüsünüz? Polislər bizi sağ-salamat gördüklərinə çox sevindilər. Onlardan bir neçəsini tanıdım da. Şəmsəddin İsgəndərov, Qədir Şirinov, Savalan İsgəndərov və başqaları hadisələr başlayandan torpaqlarımızın keşiyində dayanan oğullardı. Sonradan eşitdim ki, hər üçü elə Qaraqayada igidliklə həlak olub.

 

Bir qədər dincimizi aldıqdan sonra bizi geriyə göndərdilər. Şəhərə çatan kimi Ağdam rayon mərkəzi xəstəxanasına gedib bayaq yaralanmış əsgəri axtardım. Qarşıma ilk çıxan həkim Ələkbər Həmidov oldu. Həkim bildirdi ki, yaralıların çoxu Bakıya göndərilməlidir.

 

Mən onların arasında axtardığım əsgəri də görürəm, vəziyyəti ağır olduğundan ona yaxınlaşmasam da, sağ qalması məni bir az sakitləşdirir.

 

Xəstəxanadan birbaşa qərargaha yollandım. Orda bizi Allahverdi, Nizami həkim, Şahbaz, Vahid qarşılayırlar. İlham bizi isti çaya qonaq edir. Xeyli dərdləşəndən sonra Nizami həkim məni o biri otağa çağırıb ayaqqabımı çıxartmağı xahiş edir. Mən çaş-baş halda ona baxıram.

 

- Yaralanmısan, müəllim?

 

Doğrudan da, hər iki ayağımdan yüngülcə yara aldığımı indi hiss edirəm. Həkim mənə yatmağı məsləhət görsə də, adətim üzrə, yan otağa keçib gündəliyimdə bu sətirləri qeyd etməyə başlayıram”.

 

6 mart 1992-ci il. Ağdam

 

Gündəlikləri bir kənara qoyub, şəkillərə baxıram. Kimlər yoxdur burada... Qarabağ müharibəsində verdiyimiz ilk şəhidlərimizin – Əli ilə Bəxtiyarın da şəkillərini ilk dəfə Əkbər müəllimin arxivində görürəm. Birdən Əkbər müəllim şəkillərin arasından bir bükülü tapıb susur. Gözləri dolur:

 

- Qızım, bu bizim batalyonun bayrağıdır. Ağdama 1988-ci ildə gətirilib. Səngərlərdə olub, bax, güllə yeri də var... Bu deşiklər hamısı güllə yeridir. Görürdüm vəziyyət pisdir, bayrağı açıb qoyurdum qoynuma...

 

...Saatı unutmuşdum, axşam düşmüşdü, mən isə Əkbər müəllimin gündəliklərini əlimdən yerə qoya bilmirdim. Nələr yox idi burada... Bu gündəliklərin heç bir həmkarıma verilmədiyini bilirəm. Onlara toxunmağıma, oxumağıma icazə verdiyi üçün minnətdaram Əkbər müəllimə...

 

Gündəlikdən qeydlərimi götürüb, söhbətimizi yekunlaşdırırıq. Döndüyümdə yenə Sənanla üz-üzəyəm... Yanındakı divanda anası – Məsumə xanım əyləşib. Artıq tar səsi gəlmir... Söhbətə haradan başlayacağımı bilmirəm:

 

- Tarı nəvələr çalırdı?

 

- Mənim bədbəxtim çalırdı – deyib əlini şəklə uzatdı. Gözlərini sildi... Əkbər müəllim əlavə elədi:

 

- İndi tarı qonşu çalırdı...

 

Yataqxana otaqları belədir. Danışanda səsini qaldırmaqla qonşu ilə həmsöhbət ola bilərsən... Nəvələrindən danışır. Böyük oğlu Sarvanın oğluna Sənanın adını qoyublar. Mən isə ondan gözümü çəkə bilmirəm. Onu belə - tozla qan qarışıq “palçığa” bulaşmış ürəyini çırpınaraq qoyub ayrıla bilmirəm. İllərdir yaddaşımda kök salan, ruhumu tərk etməyən bu təsviri nə iləsə əvəz etmək istəyirəm. Məsumə xanım kömək edir...

 

Sənanın 1991-ci ildə sovet ordusunda xidmət edərkən evə yazdığı məktubları göstərir...

 

Bu məktublardan az danışan, danışanda isə utanan gəncə bir az da bələd ola bilirəm. Ailə üzvlərinə tək-tək məktub yazıb. Hərəni bir dillə dindirib. Atasına və Sarvana yazdığı məktublar əsasən böyük kişilər arasında olan söhbətlərdir. Hərbi xidməti haqqında “komandirə” ətraflı məruzə edir. Bacısına yazdığı cümlələr hamısı zarafatla doludur. Kənana isə idmanla daha çox məşğul olmağı məsləhət görür: “Çox məşq elə, burada lazım olur”. Anasına yazdığı məktubda isə... Məktubun birini olduğu kimi köçürürəm:

 

“ÖPÜRƏM SƏNİ, ANA

 

Amma məktubu oxuyanda ağlama (zarafat)

De görüm necəsən, vəziyyətin, kefin nətərdi?

 

Ana, mən lap yaxşıyam. Sənin də yaxşı olmağını bir olan Allahdan arzu edirəm. Ana, yemək Allaha şükür, yaxşıdı nətər yeyirəmsə, bıq kimi oluram. Amma bir az suyu pisdi. Heylə pis yox ey elə bilki su içirsən kazarmıya çatanda susuzduyursan.

 

Hə, ana, narahat olma Allah qoysa bəlkə sabah, yəni ayın 4-də şəhərə getdim şəkil çəkdirməyə, alan kimi yola salajam, bax gör nətərəm?

 

Nəysə, sağol öpürəm səni, ANA

 

Ana, hər axşam ev yeməyi yeyirəm çünki hər gün uşaqların birinin valideyni gəlir, yaxşı yemək gətirirlər aş, kabab, gilas. Özzüm ölüm, o qədər gilas yemişəm, o qədər ərik, alma...

 

Ana, Allah qoysa bəlkə gəlsəm, o qədər armud yeyəjəm”

 

I görüşün sonu

Vüsalə MƏMMƏDOVA,

Mənbə: LENT.AZ,

Oktyabr 2015.

   
   
   

Ağdamın fevral günləri

Отправлено 22 февр. 2016 г., 5:22 пользователем Murad Nabibekov   [ обновлено 22 февр. 2016 г., 5:23 ]

Fevral ayı Ağdama və ölkəmizə bir sıra dahiləri bəxş edib. 
İstər siyasətdə, istər elmdə, istərsə də incəsənətdə...







Vüqar TOFİQLİ

        Qısamüddətli günləriylə yaddaşımızda qalsa da, bu ayda kiçik çiləni yola salıb, boz aya doğru gedirik. Təbiətin bu hadisəsi fevralı öz təlatümüylə hamının diqqətində saxlayır.
        Lakin bizlər üçün fevral ayı daha çox təbiət hadisələriylə deyil, başlanğıcını Qarabağda götürən ağrılı-acılı hadisələrin, faciələrin başlandığı ay kimi qalır. Bu ayda nə qədər çalışsaq da, üzümüzü güldürə bilmirik. Fevralda həm də erməni silahlıları tərəfindən Xocalı qətliamı törədilib.
* * *
        Hər dəfə yolumu Ağdama salarkən Quzanlıdakı evimizə getməmiş yolüstü qəsəbəyə çevrilən kəndimdə diqqətimi çəkən yerlərə baş çəkir, yeniliklərlə tanış oluram. İşğal altında olan torpaqlarımıza qayıdacağımıza bir daha inanmaq üçün bu dəfə də belə etdim. İş varsa, hərəkət varsa, inkişaf varsa demək inamımız da var.
        İlk diqqətimi çəkən isə ərazidə quruculuq işlərinə ara verilməməsiydi. Sanki dünyanı lərzəyə salan iqtisadi böhran Ağdam rayonundan yan keçmişdi.
        Soltanbud təpəsində “Bayraq” muzeyinin inşasına başlanılması, təpədə və ətraf ərazilərdə ağac əkilməsinin davam etdirilməsi nəzərimdən qaçmadı.
        300 kv.metrlik ərazidə inşa edilən “Bayraq” muzeyində Qarabağ xanlığına, habelə ondan da əvvəl ərazilərdə formalaşan Azərbaycan dövlətlərinə aid bayraq nümunələrinin sərgilənməsiylə, bu torpaqların zəngin tarixi gənc və yeniyetmələrə tanış ediləcək, əyani olaraq faktlarla təbliğ olunacaqdır. Çoxsaylı hadisələrə şahidlik etmiş Soltanbud haqqında əldə edilən məlumatlar, bu meşə zolağının ötən əsrin 30-cu illərində “Qoruq” elan edilməsi, məşhur “Saqqız” ağacı haqqında məlumatlara da muzeydə yer ayrılacağı deyillir.
        Kəndin mərkəzində isə ayrı bir atmosfer hökm sürürdü. Darısqal, cansıxıcı bir meydandan əsər-əlamət qalmayıb. Yaşıllığa bürünmüş ətrafda onlarca “Eldar şamı” və “Xan çinarın” əkildiyi mərkəzi meydanda müasir memarlıq üslubunda inşa edilən Heydər Əliyev mərkəzi əzəmətiylə diqqəti çəkir. Quruculuq işlərinin həyata keçirilməsiylə tanış olanda təsadüfən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşdüm. Bazar günü istirahət günü olsa da, rayon rəhbəri iş başındaydı. İnşaatçılara mərkəzi meydanda görüləcək işlər barəsində təklif və tövsiyələrini verirdi.
        
Beləliklə, tanış olduğum əraziləri icra başçısıyla bir daha gəzəsi oldum. Söhbətdə Raqub müəllim gördüyü və görəcəyi işlərdən həvəslə danışır, bu layihələrin məhz ağdamlılar üçün hələ uzun illər xidmət edəcəyini dedi.
        Əlavə edim ki, rayonda çalışdığı müddətdə rayon rəhbəri irili-xırdalı 20-yə yaxın layihə həyata keçirib. Bu layihələrdən ən əsası rayonda sənaye məhəlləsinin salınması ilə bağlı texniki iqtisadi-əsaslandırmanın hazırlanmasını hesab etmək olar. Yaxın müddət ərzində Raqub Məmmədovun özü də layihənin reallaşacağına qəti əmindir:
        - Bu gün 28 faizik ərazimizdə 90 min nəfərə yaxın rayon sakini yaşayır. Bunun yarıya qədəri işğal altında olan kəndlərin sakinləridir.
        Düşmənin yaratdığı hər hansı manelərə baxmayaraq, biz yaşayır, çalışır və qurub-yaradırıq. Bu ərazilərdə görüdyümüz işlər bizim üçün sanki bir məşqdir, hazırlıqdır.
        Bu gün əsas məqsədimiz insanlarda ağdamlı, qarabağlı günlərdə olduğu kimi mənəvi saflığı, qurub yaratmaq eşqini yaratmaq və artırmaqdır.
        İcra başçısı əmindir ki, hər bir Azərbaycan vətəndaşına “İmarəti” ziyarət etmək qismət olacaq, məşhur “Çay evi”ni şəhərdə olduğu yerində yenidən bərpasında iştirak edəcək, Abdal-Gülablının təmiz-saf havasını uda biləcək, nəhayət “Dəlik daş”da oturub Ağdamı seyr edə biləcəkdir.
        Məhz bu arzu və istək icra başçısını daim hərəkətdə olmağa vadar edir. Yorğunluğu hiss olunsa da, büruzə vermir və dayanmır...
        Xəstəxanaya ermənilərin atəşkəsi pozması nəticəsində yaralanan məktəbliyə baş çəkməyə gedir.
        Xatırladım ki, Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü 11-ci sinif şagirdi Coşqun Məmmədov qolundan və ayağından iki güllə yarası almışdı.
        Coşqun və valideynləri ilə söhbət edir. Amma hiss edirsən ki, kövrəlib, xəyalı onu otuz il əvvəlki fevral ayına aparır..
* * *
        Söz vaxtına çəkər,- deyirlər. 88-ci ilin təlatümlü fevral ayı.
        Erməni qonşularımız bir gün ərzində qatı düşmənə çevrilmişdilər. Hətta keçmiş sovet dövrünün ideologiyası belə ermənilərin bu mənfur siyasətinə təsir edə bilməmiş, əksinə düşmənçilik hisslərini daha da artırmışdı...
        Hadisələrin mərkəzində olan Ağdamda həyat qaynayırdı. Şəhərdə yerində sayan və dayanan insana rast gəlməzdin. Yerli ziyalı və yaradıcı insanlar, biznes adamları, əkin-biçinlə məşğul olanlar daim axtarışdaydılar. Yeni-yeni layihələr icra olunur, şəhərin siması hər gün dəyişir, yeni istehsal sahələri yaranırdı.
        Ümumiyyətlə, ötən əsrin 80-ci illəri Ağdamın qızıl dövr hesab edilə bilər. Ziyalılar yeni layihələr haqqında, biznes adamları isə pul qazanmaq yolları haqqında düşündüyü bir vaxtda erməni qiyamı bizlər üçün başa düşülən deyildi.
        Erməni xalqının Azərbaycana qarşı düşmənçiliyi tarixi faktlarla isbat olunub. Müəyyən illərdə ardıcıl və davamlı işğalçı hərəkətləri hamımıza yaxşı bəllidir.
        Ancaq 80-ci illərin qaynar sovet dövründə bu hərəkəti onlardan heç kim gözləmirdi.
        Xankəndində baş vermiş tətil və nümayişlərə alışmayan, bir ayaqları “Stepanakert”də OLANLAR ağıllarına belə gətirmirdilər ki, dünənə kimi bir yerdə olduqları və inandıqları ermənilər belə naxələflik edə bilər. Bu sözsüz ki, bizim bir daha səmimi olmağımızı təsdiq edirdi.
        Beləliklə, buna cavab olaraq 17 fevral tarixində Sovet Ağdamının tarixində ilk dəfə olaraq Əsgərən qəsəbəsinə dinc yürüş edildi. Söz yox ki, həmin vaxt yerli ziyalıların və rayon rəhbərliyinin bu prosesdən xəbəri var idi. Və dolayısıyla elə bu prosesi təşkil etmişdilər də.
        Ağdamın səsisnə səs verən digər rayonların fəal gəncləri də bu yürüşə qoşularaq, piyada Ağa korpüsünədək getmişdilər. Lakin erməni tərəfdən əliyalın nümayişçilərə atılan gülələr Əli və Bəxtıyara tuş gəldi. Gəncləri o vaxtı xilas etmək mümkün olmamışdı.
        Səhəri günü rayon partiya təşkilatının təşkilatçılığı ilə rayon komsomol təkşilatının rəhbəri olan Raqub Məmmədov bütün prosesin icrasında yaxından iştirak edir. Ağdam Üzümçülər evində təşkil edilən vida mərasimində tək rayon aktivi yox, bütün rayon gəncləri də iştirak etmişdi...
        Qarabağda baş vermiş hadisələrdə ilk şəhidimiz Əli və Bəxtiyarın qarşı tərəfin gülləsinə tuş gəlməsi indiydək yaddaşımızda dərin izlər buraxıb. O illərdə məhz rayon komsomol təşkilati hər iki gəncin dəfn prosesinin təşkilində aktiv iştirak etmişdi...
        İndisə o illərdən 28 il keçir.
* * *
        Ötən illər ərzində çox şeylər dəyişib. Bu gün artıq müstəqil Azərbaycanın sakini olan gəncin böyük ümidləri var. O inanır. İnanır ki, sağalacaq, ayağa qalxacaq, vətəninə lazımlı əsgər olacaq, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan ərazilərimizin azad edilməsində yaxından iştirak edəcək...
        Bəlkə elə qələbəmizi fevralda etməklə bu aya olan münasibətimiz də dəyişə bilərik.
        Nə bilmək olar...
Mənbə: Modern.az

"“O gün” Ağdamda nəyim qaldı”

Отправлено 6 дек. 2015 г., 6:42 пользователем Murad Nabibekov   [ обновлено 6 дек. 2015 г., 6:45 ]

Yenə doğma şəhərimə gedirəm. 
Qoşa fara “Jiqulimizlə”. 
Özüdə qışın oğlan çağında...











Vüqar TOFİQLİ


        Quzanlı kəndində böyüsəm də, şəhərin nə demək olduğunu gözəl bilirəm. Beş il paytaxtda təhsil alsam da, hələ uşaqlıq illərindən paytaxta ayaq açsam da, etiraf etməliyəm məni özünə daha çox Ağdam çəkirdi. İndi isə daha çox çəkir. Odur ki, imkan olduqca yolumu bu şəhərə salıram. Hansı yolla olursa olsun.
        Neynəyim ki, yuxularımda getmək şansım daha çoxdur...
        Şəhər isə diqqətimi öz təkəbbürlüyü ilə, hər zaman birincilik arzusuyla yaşamasıyla , yeni- yeni bazar münasibətləri qurmasıyla, həlli mümkün olmayan məsələlərin həlliylə, xüsusiylədə qeyri-adiliyi ilə cəlb etmişdi.
        Mənim üçün bu gündə maraqlı gəlir ki, bu şəhərdə doğulmasamda, böyüməsəmdə şəhərə hər dəfə gedəndə özümü rahat hiss edirdim.
        Növbəti gedişimdə də məqsəd eyni idi. Şəhərdə bir qədər gəzmək, “Çay evin”də qıymalı həngəl yemək, bazara-passaja və Tağının kitab mağazasına dəymək, sonra isə axşama yaxın geri qayıtmaq. Məktəb də işlədiyim müddətdə isə maarif şöbəsinə və “Lenin yolunun” redaksiyasına getmək bu qrafikə əlavə olundu...

* * *
        Bu dəfə isə məni Ağdama şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim Əli Əmirli aparası oldu.
        “Ağdamda nəyim qaldı?” avtobiqrafik romanıyla. İsti -isti əldə etdiyim ”Azərbaycan” jurnalının vərəqlərini səhifələdikcə elə bilirdim itirdiyimi tapmışam. “Boççalı”dan vurub Dəyriman həyətinə, ordan “Od dəyirmanına”, daha nə bilim haralara getmirdim....
        Ağdamın maraqlı məhləsiydi “Dəyirman həyəti”. Belə məhəllələr az deyildi şəhərdə. Bir az Məsciddən yuxarı “Məşədihacılıq”da var idi...
        Amma bu məhləyə çatan olmazdı. İndiki dillə desək əsl mulitkultural həyat hökm sürürdü...
        Növruzlu kəndindəki “Boççalı” məhləsindən başlamış Ağdamın məşhur Dəyirman həyətinədək olan məsafəni iki günə qət edə bildim...

* * *
        Xalq şairi Zəlimxan Yaqubla görüşümdə onun söhbətimin bir məqamı diqqətimi çəkmişdi.
        Deyir bir gün şəhərin ziyalılarından olan Zeynal Məmmədovla Novruzluya qonaq getdik. Elə bir az keçmişdi ki, söhbət qızışdı ortaya saz gələsi oldu. Mən isə saz görəndə onun səsinə, siminə heyran oluram, az qalıram “havalanım”.
        Belə məqamda üzümü Zeynal müəllimə tutub dedim:
        - Mən özümü Börçalıdakı kimi hiss edirəm.
        Zeynal müəllimdə cavabı gecikdirmədi:
        - Sən elə Borcalıdasan ay Zəlimxan,- deyə cavab verdi.
        Məlum oldu ki, hələ bir neçə əsr əvvəl kəndin bu məhləsi Borcalıdan gəlibmiş. Novruzlular isə bura “Boççalı” deyə müraciət edirdilər.
        Burda mütləq deməliyəm ki, qədim tarixə malik olan Novruzlu kəndi Azərbaycana bir çox dahi şəxsiyyətlər bəxş edib. Onlardan biri Əli Əmirlidisə, digəri onun “papa”sı Mamed Əmirovdur. Heyfslənirən ki, onun fəhmlə oynadığı “Qacarı” görə bilməmişəm. Təəssüf ki, o kadrlar nə fotolentə, nə də ki, kinolentə alınıb. Çox heyf...
        Amma unutmayaq ki, bu kənd həmçinin böyük ailim, professor Rafiq Əliyevin, tanınmış ziyalılar Zeynal Məmmədovun, Cahangir Məmmədlinin, Səlim Əzimovun, İsgəndər Novruzlunun və onlarca tanınmış ziyalının kəndidir...

* * *
        Dəyirman həyəti haqqında isə bilgilərim lap çoxdur. Həm rəhmətlik mamamın atası və sonra isə qardaşı “Dəyirman həyətində” yaşadığından tez- tez orda səslənən fikirlərdən sitat gətirərdi.
        “Çörək muzeyi” ilə bağlı tədqiqatım zamanı mənim xahişimlə məhz “Dəyirman həyəti”nin sxemini dəqiqliklə çəkmişdi. Kimin harada yaşamasını, sonra onun yerinə hansı ailənin köçdüyünü yerbəyer yazmışdı. Eynən romandakı kimi. Həmin əlyazmanın əziz bir eksponat kimi indi də saxlayıram...
        Roman haqqında çox söz yaza bilərəm. Amma bir iki məqama toxumağı özümə borc bilirəm.
        Birincisi, belə romanların yazılışı bizdən çox, gənc nəslə lazımdır. Sanki o dövrün mühitini göz önündə canlandırır. Şəhər admlarının xarakterini, ermənilərin isə xislətini və iç üzünü açıb konkret faktlarla ortaya qoyur bu əsər. Bu nəzərdən əsərin əhəmiyyəti böyükdür.
        İkincisi, daha önəmli məqam əsərin şəhərin koloritini özündə yaşatmasıdır. Onlarca, hətta özümündə unutduğum, söz və “çoxmərtəbəli” söz birləşmələrinə əsərdə rast gəldim və təkrara- təkrar o hissələri oxudum.
        İnanıram ki, doğma şəhərimizə qayıdacağıq. Ola bilsin hətta bizdə o qaydışda iştirak edək. Ondan da yaxşı evlər tikək. Bizdəki ev tikməyin ölüsüyük də. Bəhsə-bəhs düşməsin. Yerin altında olsa, o materialı tapıb inşa edəcəyik.
        Məni narahat edən başqa məsələdi. Biz qayıtsaqda ötən əsrin 50-80 illərdəki mühiti, xüsusəndə kaloriti, səmimiyyəti ola bilsin qaytara bilməyək...
        Amma Əli Əmirlinin bu əsəri məhz o kaloriti qaytarmaqda bizə yardımçı olacağına tam əminəm.
        Sonda əlavə edim ki, əsərdə Əli müəllimin öz həyatıyla bağlı yazdığı məqamlar mənə yad deyil. O məqamlar mənə çox yaxındır. Əli müəlim o illəri xatırladıqca hiss edirsən ki, yazır, amma bir qədər özü də istilənir, bəlkə də həyəcanlanır. Amma tam səmmiyyətlə etiraf edir. Və müəllif “O gün” ü pessimist hisslərlə başlasada, sonda əhvalı düzəlir. Çünki hiss edir ki, xəyallarında yaşatdığı BÖYÜK ŞƏHƏRƏ, TALEYİNİN ŞƏHƏRİNƏ ÇATIR....
        Arzu edirəm ki, elə həyatının on ilinin yaşadığı Ağdamada belə ürəklə getsin....

* * *
        Mən isə yenə doğma şəhərimə gedirəm. Bu dəfə Allah bilir hansı maşınla. Özüdə qışın lap oğlan çağında...
Mənbə: Modern.az

AZƏRBAYCAN TURANÇILIĞI MƏFKURƏSİ (I və II yazı)

Отправлено 1 нояб. 2015 г., 1:44 пользователем Murad Nabibekov   [ обновлено 1 нояб. 2015 г., 1:47 ]










Dos., dr. Faiq ƏLƏKBƏROV (Qəzənfəroğlu)




I YAZI

        “Azərbaycan” və “Turan” anlayışlarını bir-birinə bağlayan bağlar ən qədim dövrlərə gedib çıxır. Qədim “Turan”ın mərkəzinin Azərbaycan olması, eyni zamanda Turan dövlətinin başçısı Alp Ər Tonqanın Azərbaycanda bir çox şəhəri bina etdirməsiylə bağlı əfsanələr vardır. Məsələn, bəzi tarixçilərə görə Gəncə şəhərinin əsasını qoyan da Turanın başçısı Alp Ər Tonqa olub. Maraqlıdır ki, Zərdüştün Avesta kitabında da Alp Ər Tonqa turanlı “Arcatp” kimi qələmə verilərək, onun məskunlaşdığı yerdə təxminən Bütöv Azərbaycan və onun ətrafı göstərilib. Hətta, bəzi mənbələrə görə Zərdüştü Hun qoşunlarının başçısı Ərcətspə (Arcastp) və turanlı Tisrə Əmrvəxşə qətlə yetirmişlər.
        Çünki Zərdüştün «Avesta»sında da turanlı­lar-türklər mənfi obraz kimi verilmiş, onların tapındığı Divlər-İlahilər isə şərin, zülmətin təmsilçisi kimi gös­təril­miş­dir. Burada Zərdüştün dilindən Divlərə-Şər tanrılara qurban kəsən turanlıların pislənməsi, arilərin isə təriflənməsi faktdır. Belə ki, Yim, Zərdüşt, Kərsasip, Gavə Usan, Xosrava, Paurva, Camasp kimi ari soyundan olanların qurbanın qəbul edən zərdüşti allahlardan olan Anahit Ardvisur, turanlı soyundan olan Franqasyan, Arcastp (Əfrasiyab-Alp Ər Tonqa), Arcatpın qardaşı Bandaramanışın qurbanını isə rədd edir: «Ona qurban gətirdi əsli Turanlı olan, Uçurum qırağında bədəməlli Franqrasyan… Anahit Ardvisur Ona belə bir uğur, səlahiyyət vermədi. Ancaq Anahit Turan ölkəsini, Turan Danvalarını məğlub etmək, ələ keçirmək istəyən arilərə uğur diləyir.
        İran və Turan arasındakı mübarizənin izləri fars şairi Firdovsinin “Şahnamə”sində, Türk şairlərii Xaqaninin «Töhfətül-İraqeyn»də, Nizami Gəncəlinin “Beşliy”ində də öz əksini tapmışdır. «Töhfətül-İraqeyn»əsərində özünü oğuz türkü adlandıran Xaqani türklərin qədim vətəni kimi Turan və Xəzran adlarını çəkmişdir. Bu da, türklərin-turanlıların Qafqaz və Azərbaycanda əsrlər boyu davam edən dominant­lığının nəticəsi idi. Özəlliklə, Orta çağda İran farslar, Turan isə türklər üçün əbədi bir simvola çevrilmişdi.
        Azərbaycan Türk aydını Abbasqulu Ağa Bakıxanov da “Gülüstani-İrəm” əsərində yazır ki, Makedoniyalı İskəndərin ordusu Azərbaycandan keçərkən turanlılarla qarşılaşmışlar. Fars dilində yazılmış, müəllifi bəlli olmayan «İskən­dərnamə» adlı tarixi kitaba istinadən A.A.Bakıxanov yazır ki, səfər əsnasında İskəndər Bakıda olub və burada ona Xəzrankuh adlı yerdə Firuz adlı bir qocanın at ilxısının olduğunu deyiblər. İskəndər də Badpay adlı bir nəfəri xəl­vətcə Firuzun yanına göndərir ki, bu ölkənin vəziy­yətindən xəbər alsın. Badpay isə görür ki, bu tayfa arasında ən yaxşı çadırda turanlı qırmızısaqqal bir qoca oturmuşdu. Deməli, A.A.Bakıxanov da qədim dövrlərdə Turan ölkəsinin olmasını və həmin ölkənin sakinlərinin turanlı-türk olmasını qeyd etmişdir.
        Ona görə də, Turana aid torpaqlara Azərbaycan, Xorasan, Şərqi və Qərbi Anadolu, Xorasan, Türkməneli, Dərbənd, Borçalı, Xəzəristan, Türkistan, Kazan, Krım, Tehran və başqa ərazilər aiddir. Bu anlamda əslində bugünkü “İran” adlanan ərazinin böyük bir qismi də Turana aiddir.
        Burada hökmən deməliyik ki, miladdan öncə 9-6 əsrlərdə Turan coğrafiyasında Midiya adlı imperiya olmuşdur. Midiyanı idarə edənlər də, Avropalı bir çox alimlərin də etiraf etdiyi kimi, Turanlılar olmuşlar. Çünki midiyalı adlandırılanların əksəriyyəti də, o cümlədən Azərbaycan əhalisi də başdan-başa turanlılar idilər. Midiyadan sonra yaranmış, Azərbaycan tarixi kitablarında “Atropatena” kimi yad edilən dövlət də, onun qurucusu Atropat da Turanlı kimliyini daşıyıblar.
        Burada bir məsələni istisna etmək olmaz ki, farsdilli mən­bələrdə «Atropatena» sözü təhrifə uğramışdır. Belə ki, bu sözü məqsədli şəkildə yalnız fars dillərində izah edənlər, onu ilkin türk variantından uzaqlaşdırmaq niyyəti güdmüşlər. Necə ki, bəzi orta əsr ərəb-islam qaynaqlarında Atropatın ba­ba­sının türk Alp Ər Tonqa olması ilə bağlı qeydlər var­dır. «Müqəddəsi də Atropatın babası üçün istifadə olunan Bayvarasif adının Əfrasiyabla bənzərliyi diqqət çəkmək­də­dir. Maraqlı olan, əl-Müqəddəsinin Varasif-Avrasif (Əf­ra­si­yab) adının önündə türkcə «Bay/Beg» ünvanını istifadə etməsidir. Bu da çox şübhə oyandırmasın gərək. Zira, bütün Ərəb müəllifləri Əfrasiyab/Alp Ər Tonqanı türklərin əf­sa­nə­vi atası olaraq göstərməkdədirlər. Artopat və onun ata­la­rı­nın adı turanlı bir kimlik kimi görünməkdədir»
        Sadəcə, bizlər bugünkü “Bütöv Azərbaycan” ərazisiylə kifayətlənərək Turanın, onun sinonimi olan Azərbaycanın ayrılmaz parçaları olan Xorasanı, Kərkükü-Türkmənelini, Qaşqayı, Tehranı və başqa torpaqlarımızı bir kənara qoyuruq. Şübhəsiz, buna səbəb Turanın əski coğrafiyasından xəbərsiz olmağımızdır. Digər tərəfdən düşmən tarixçilərə uyaraq “İran Azərbaycanı” anlayışından istifadə etdiyimiz halda, “Turan Azərbaycanı” unutmuşuq. Dediyimiz kimi, buna səbəb də 1936-cı ildə İran adının dünyada rəsmi bir dövlət adına çevrildiyi halda, Turan adının unutdurulmasıdır. Artıq fars, hind, alman, bir sözlə Hind-Avropa mənşəli ədiblər əskilərdə və Orta Çağdan fərqli olaraq İrandan bol-bol yazdıqları halda “Turan”ı demək olar ki, “unutmuşlar”. Ən yaxşı halda V.Bartold, Ə.Kəsrəvi kimiləri tapılırlar ki, onlar Turanı da “İrana-Arilər”ə bağlayaraq, guya türklərin sonralar Turana sahibləndiklərini yazırlar. Bartold yazır: “Tura­na gəldikdə, bu sözə Avestada təsadüf olunur və güman edilir ki, bu, Ari xalqının mədəni səviyyəsi aşağı olan başqa budağı idi. Bu iki xalqın – Ari və Turanın arasında düşmən­çilik var idi və VI əsrdə Türküstan türklərin hökmran­lığı altına keçəndə bu iki söz bir-birinə yaxınlaşdı və əvvəllər türklərə aid olmayan Turan adı onlara aid olundu”.
        V.V.Bartoldun fikirlərindən belə çıxır ki, ən qədim dövr­­lərdə Avropada və Asiyada, ancaq eyni soykökdən olan Hind-Avropa (Ari və Turan) əhalisi yaşamışdır, yalnız erkən orta əsrlərdə haradansa, yəni Avropada və Asiyada əv­vəllər yaşamayan türklər «peyda olmuş» və onlar hind-avropalılar­ın qədim məskənlərini ələ keçirərək buranı Tür­küs­tan adlan­dır­mış, hətta üstəlik Turan adını da on­lar­dan mə­nimsəmiş­lər. Şübhəsiz, Bartoldun Turanlıları bu formada Arilərə, özü də onlara aid aşağı bir xalq kimi bağlaması sırf Sovet Rusiyasının ideologiyasının təzahürü idi. Hər halda heç bir zaamn və bu gün də heç bir farsdilli və hinddillilər Turan və Turanlılara sahib çıxmamışlar. Üstəlik, turanlılarla onlar arasında milli və dini dünyagörüş fərqləri olmuşdur, bu gün də həmin fərqlər qalmaqdadır.
        Bu baxımdan hesab edirik ki, türk aydınlarının bütün zamanlarda “Turan” anlayışına sahib çıxmasıyla, farsdillil müəlliflərin “İran” anlayışını mənimsəmələri təsadüfi olmamışdır. Üstəlik, bu məsələdə “İran”çılara Hind-Avropalı ziyalıların da hərtərəfli dəstək vermələri bir çox məsələlərə aydınlıq gətirir. Əslində “İran”ı İran edən, onun indiki ərazisini məyyənləşdirən farsdililərdən çox, Avropalı siyasətçilər və alimlər olmuşlar. “Arilik” nəzriyyəsini ortaya atan Hind-Avropalı müəlliflər “İran”a da sahiblənməklə “Turan”ı kölgədə qoymuşlar. Bunun nəticəsi olaraq “İran”çılar və “Turan”çıların əsrlərboyu gah hərb meydanlarında, gah da düşüncələrdə bir-birilərinə qarşı apardıqları savaşın bu mərhələsini birincilər qazanmış, sonucda “Turan”ın böyük bir hissəsi də sonralar “İran”a aid edilmişdir. Hətta, iş o yerə gəlib çatmışdır ki, “İran”ın ərazisi məlum olduğu halda, “Turan”ın ərazisi sanki, havadan asılı vəziyyətə düşmüşdür. Bu anlamda Turan əvəzinə təskinliyimiz Azərbaycan olmuşdur. Beləliklə, “Turan” dedikdə türklərin yaşadığı bütün ərazilər başa düşülmüş, bir növ “Turan” utopiyaya çevrilmişdir.
        Bizcə, “Turan” anlayışının türklərin yaşadığı hər yer anlamından, konkretliyə qovuşması lazımdır. Çünki “Turan” başlanığıcda konkret böyük bir əraziyə verilmiş bir addır. Sonralar Turanlıların tutuqları digər ərazilərdə olmuşdur ki, indi oraları da “Turan” adlandırmaq doğru deyildir. Sadəcə, “Turan”ın sonrakı ərazilərində yaşayan türklər də var ki, bu gün də onlar özlərini turanlı, ya da türk hesab edirlər.
        Burada əsas məsələ odur ki, yeni dövrdə Turan ideyası daha çox haradan qaynaqlanmış, Türk xalqaları arasında “Turan” məfkurəsini gerçəkləşdirmək yolunda hansı Türk ulusları mücadilə verirlər. Əgər “Turan” məfkurəsinə sadiq olmaq məsələsinə diqqət yetirsək görərik ki, Azərbaycan Türkləri daima bu ideyanə yaşatmışıar və yaşatmağa da davam edirlər. “Turan”la “İran” arasındakı hərbi və düşüncə savaşında “Azərbaycan” və “Turan” anlayışlarının doğmalığına 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində yaşamış Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlabbas Müznib, Əbdülxaliq Cənnəti və başqaları da toxunmuşlar. Azərbaycan türklərinin Turana bağlılığına bir örnək XIX əsrin sonlarında Əli bəy Hüseynzadənin qələm aldığı bir şeirdir:

            Sizlərsiz ey qövmi-macar, bizlərə ixfvan (qardaş),
            Əcdadımızın müştərəkən mənşəyi Turan!
            Bir dindəyiz biz, həpimiz haqpərəstan;
            Mümkünmü bizi ayırsın İncil ilə Quran?.


        Turani ləqəbiylə yazılar şeirlər yazan Ə.Hüseynzadə 1-ci Dünya müharibəsi illərində (1914-1918) “Turan” adlı təşkilat yaradaraq Avropa ölkələrinin rəhbərləri ilə görüşlər keçirmiş, Türk xalqlarının səsini dünyaya çatdırmağa çalışmışdır. Sadəcə, obyektiv səbəblərə görə o zaman Hüseynzadə türkçülüyün və Turançılığı mərkəzi kimi İstanbulu, Anadolunu görmüşdür. Amma bunun özü belə, Turançılığın Azərbaycandan qaynaqlanmaması anlamına gələ bilməz. Çünki Hüseynzadə Azərbaycan və Anadolunu Turan birliyinin ayrılmaz tərkib hissəsi kimi görürdü.
        Bu dövrdə Azərbaycan Türk aydını Əlabbas Müznib isə “Türk tarixi” kitabında türk, tatar və monqolları Turanlı adlandırmışdır. Onun fikrincə, “Ariya”lılara ruslar, farslar, hindlilər, ermənilər və başqaları aiddir. Turan və Turanlı anlayışlarını daha çox Azərbaycana, Qafqaza bağlayan Müznibin də Turançılıq məfkurəsinə sahibləndiyinmi görürük.
        1920-ci illərin başında “Azərbaycan (fiziki-coğrafi, etno­qrafik və iqtisadi oçerk)” adlı kitabında Məmməd Həsən Vəliyev isə yazırdı ki, «türklər hələ Turanda yaşayarkən onların ilk dini şaman dini olmuşdur”. Şübhəsiz, burada nəzərdə tutulan Turan həm də Azərbaycan demək idi.
        XX əsrin böyük Azərbaycan türk ideoloqu, Azərbaycan Cümhuriyətinin qurucusu, Məhəmməd Əmin Rə­sul­za­də də 1920-ci illərdə yazırdı ki, əfsanəvi Turan bir türk öl­kə­si olduğu halda, Midiya dövlətini yaradan midiyalıların kim olduğu (məs., iranlı, turanlı və b.) indiyə kimi şübhəli idi. Ancaq sonralar Assur mixi yazılarının oxunması mi­di­ya­lıların dilinin turanlıların dilinə yaxın bir dil olduğunu, hətta «Şumerlərin turani olduqlarını» qeyd etmişdir: «Fran­sız şərqşünaslarından Le Norman əski Şərq tarixinə aid nəşr etdiyi əsərində Midiyaya «Turan Midiyası» deyir. Və digər arkadaşına təqdim edərək buradakı qövm­lərin türk ol­duq­la­rını belə iddia edir».

* * *

II YAZI

        Turanlılardan fərqli olaraq Arilər Midiyada yerli deyildirlər. Arilər Midiyaya Şərqdən gəlmiş və yerlil etnosları, o cümlədən Turanlıları həmin ərazidən sıxışdırmışlar. Arilər buraya yerləşdikdən sonra həmin ərazilər təkrar Turanlıların hücumuna məruz qalmış, İran-Turan savaşlarının mühüm qismi Şimali İran ilə Cə­nubi-Şərqi Qafqazda cərəyan etmişdir. Məhəmməd Əmin Rəsulzadə də yazır ki, bu dövrdən etibarən Midiya əraziləri iranlıların və turanlıların maddi və mənəvi nü­fu­zun­da qalmışdır: «İndiki Azərbaycandan ibarət olan bura əha­lisinin türkmü, yoxsa, farsmı olması çox zaman mü­naqişəli olub, insanlarına, xalq ədəbiyyatına, aşıq dastanları ilə çoban türklərinə, ənənə və adətlərinə baxanlara türk, rəsmi yazılarına baxanlara da fars demişlər. Kimisi bunları türkləşmiş fars, kimisi farslaşmış türk deyə qəbul etmişdir».
        Bütün bunlara baxmayaraq Rəsulzadə Azərbaycan Türklərinin bir millət kimi for­malaşmasında əsas rolun türklərə-turanlılara məxsus olmasına qətiy­­yən şübhə etmirdi. Onun fikrincə, «Turanın mərkəzində Azər­­baycan» adlı bir ölkə yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni Azərbaycan Türk ocağı, əski-qədim Türk yurdudur.
        Bu anlamda Azərbaycan türkçülüyünün əsasında Turançılıq məfkurəsi dayanırdı. Turançılıq isə elə bir məfkurədir ki, bütün türkləri, o cümlədən Azərbaycan və Anadolu türklərini birbirinə bağlayır. Milli ideoloqumuzun sözləri ilə desək, «turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını çıxarmış, sosiologiyada da «Türkləşmək, İslamlaşmaq və Müasirləşmək» kimi üçayaqlı bir şüar ortaya atmışdı. İstanbul yurdçuları (Əli bəy Hüseynzadə, Ziya Gögalp vəb.) bu şüarları nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan turançıları (M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli vəb.) bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər».
        Artıq Azərbaycan Cümhuriyyətinin qurulmasından sonra Turan məfkurəsi yeni bir mərhələyə qədəm qoydu. Azərbaycandan qaynaqlanan Turançılıq ideyasına görə, bütün müsəlmanları «İslam birliyi» altında birləşdirmək mümkün deyilsə, ancaq bütün türklər öz aralarında böyük dünya federasiyasına nümunə olmaq üzrə bir federasiya yarada bilərlər. Yəni Azərbaycan türkləri Turan məfkurəsinin gerçəkləşməsi üçün mühüm bir zəminin yaranmasına inanırdılar. Onlara görə, Azərbaycanın Cümhuriyyətinin qurulması, bəzilərinin fikirləşdiyi kimi Türk dünyasının parçalanmasına deyil, tərsinə Turan Federasiyasının yaranmasına səbəb olacaqdır. Həmin dövrdə Azərbaycan Turançılığnın ideoloqu Rəsulzadə yazırdı: «Yeni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır».
        «Turançılıq» ideyası Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Azərbaycan türklərinin əsas hədəf­lərindən biri olmalı, Türkiyənin milli ideoloqu Ziya Gökalpın təbrincə, Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olmasına yönəlməli idi. Ziya Gökalpın və M.Ə.Rəsulzadənin bu fikirləri, yəni Turanın Türk hökumətlərinin federasiyası şəklində gerçəkləşə bilməsi, o dövr üçün bir qədər romantik xarakter daşısa da, hazırda digər müstəqil türk dövlətləri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və b.) ilə birlikdə belə bir federasiyanın yarana biləcəyi baxımından inandırıcı olan tərəfləri də az deyildir.
        Şübhəsiz, indi olduğu kimi, həmin dönəmdə də türkçü-turançı mütəfəkkirlərin bu mülahizələri rus, erməni və başqa millətlərin ideoloqları tərəfindən birmənalı qarşılana bilməzdi. Bu baxımdan 1920-1930-cu illərdə bəzi əcənəbi müəlliflər, o cümlədən Hondkaryan, A.Kerenski, Zarevand, Mandelştam və başqaları panturanizm, panturkizm təhlükəsindən bəhs edən əsərlər («Türkiyənin qulluğunda», «Rus milləti üzərində diktatura», «Türkiyə. Panturanizm») yazırdılar. Onların fikrincə, SSRİ-ni dağıtmaq istəyən panturançılar Turan imperiyası yaratmaq niyyəti güdürdülər.
        M.Ə.Rəsulzadə isə həmin dövrdə bir sıra məqalələrində, o cümlədən «pantürkizm», «panturanizm»lə bağlı ən məşhur əsəri «Panturanizm. Qafqaz problemi»ndə (1930) antitürkçülərə cavab olaraq yazırdı ki, bu məsələdən bəhs edənlər türkçülü­yün, turançılığın tarixini, o cümlədən bu ideyaların müəllifləri­nin fikirlərini təhrif edirlər. Belə ki, «pantürkizm», «panturan­izm» panslavyanizm kimi ideologiyalardan fərqli olaraq xalqın içindən yaranan bir məfkurə olmuşdur. O yazırdı: «Pantürkizm məsələsinə gəlincə, fürsətdən istifadə edən yanıltmaçıların aldatmaq istədikləri zümrəyə birdəfəlik anladaq ki, slavyan millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə dəxi, bir birlik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman romantik bir dövr yaşayaraq, o vaxta qədər, İslam dini düşünüş alışqanlığında olan siyasi türk-tatar fikri üzərində daha əsri və tərəqqi sevərcəsinə bir təsir yapmışdır. Fəqət panslavyanizm­dən daha az real şərait və imkana malik olan panturanizm panslavyanizmin çatdığı nəticəyə nisbətən daha az bir zamanda gəlmiş və bu gün ən qatı panturanistlər belə sadə bir kültür birliyini mümkün mərtəbə mühafizəyə qeyrət etməklə kifayət­lənmişlər».
        Bununla da, Rəsulzadə demək istəmişdir ki, birincisi turançılıq millətin özünün yaratdığı ideyadır, ikincisi isə bu ideya ilk dövrlərdə romantik xarakter daşısa da, artıq öz yerini gerçəkçi, müasir məsələlərə tərk etmişdir. Çağdaş dövrdə yeni türkçülük və yaxud da yeni turançılıq ideologiyası ondan ibarətdir ki, vahid türk milləti deyil, vahid türk irqi vardır. Türk irqinə aid hər bir millətin də ayrı-ayrı müstəqil türk dövlətləri yaratması məntiqə uyğundur. Bu baxımdan «panrusizm» vahid «slavyan» dövlətinin yaranmasına çalışdığı halda, yeni turançılıq ideologiyası ayrı-ayrı türk dövlətlərinin yaranmasını müdafiə edir. Bunu nəzərə alaraq Rəsulzadə yazır: «Varlığı ilə Sovet İttifaqında türk ellərinin ulusal, doğal axınlarını yaxşı yöndə etkiləyən çağdaş, gerçəkçi «türkizm», sözsüz «panrusizmin» yağısıdır».
        Bu mənada 1930-cu illərin əvvəllərində M.Ə.Rəsul­zadə hətta, vaxtilə irəli sürdüyü Türk hökumətlərinin federativ Turan birliyi ideyasının özünə belə ehtiyatla yanaşmışdır. Onun fikrincə, XX əsrin əvvəllərindəki siyasi türkçülərdən fərqli olaraq, çağdaş türkçülər vahid Turan dövləti ideyası ilə yaşamırlar. Ona görə də yeni türkçülər Türkiyənin-Osmanlının timsalında türklərin böyük imperatorluğunu yaratmaq deyil, hər bir türk millətinin ayrıca istiqlalı uğrunda mücadilə edirlər. Bu baxımdan slavyan birliyi fikri Çexoslovakiya dövlətinin təşəkkülünə mane olmadığı kimi, türk-turan birliyi fikri də Azərbaycanın müstəqil bir türk dövləti kimi Qafqaz Konfederasiyasına girməsinə əngəl ola bilməz. M.Ə.Rəsulzadə yazır: «Eyni irqə yaxınlıq nəticəsində bir-birinə yaxın mədəniyyət məhsullarına malik olan türk ellərindəki müştərək qiymətləri mühafizə etməklə bərabər, ayrı-ayrı türk millətlərinin ayrıca bir dövlət və cümhuriyyət halında istiqlal qazanmaq yolundakı hərəkatlarını şübhə altına alanlar ancaq rus imperalizminin könüllüləri və yaxud kölələri ola bilirlər! Azərbaycan istiqlalçılığının türk bir­liyi fikrindən əzəmi surətdə mülhəm olduğunu inkar etməməklə bərabər, siyasətdə realizm tərəfdarı olan Azərbaycan milliyyətçiləri üçün bu fikrin sadə mədəniyyət sa­həsində qəbulu tətbiq olacağı aşkardır».
        Rəsulzadə yazırdı ki, artıq yeni türkçülüklə, yeni turançı­lıq­la «pantürkizm», «panturanizm»in eyni anlamı daşımadığı ortada olduğu halda, özəlliklə, Zarevandın «Türkiyə. Panturan­izm» əsərində irəli sürdüyü antitürkçü, antiturançı müddəaları qəbul etmək mümkün deyildir. Belə ki, Zarevand və onun kitabına ön söz yazan Mandelştam bilərəkdən türkçülüyün tarixini və mahiyyətini saxtalaşdırmış, ona tamam başqa siyasi rəng verməyə çalışmışlar. Məsələn, Zarevand ən çox türkçülü­yün ideoloqları Z.Gökalp, Y.Akçuraoğlu, eləcə də Atatürkü tənqid hədəfi götürmüş və onları panutrançılıqda, pantürkizmdə ittiham etmişdir. Zarevanda görə guya, «panturanizm» ideyasını türkçülüyün ideoloqları Z.Gökalp, «panturançıların Marksı» Y.Akçuraoğlu irəli sürmüşdür ki, çağımızın «panturanizm»ini isə Mustafa Kamal (Atatürk) həyata keçirir, çünki kamalçıların da əsas bayrağı pantürkizm, panturanizmdir.
        Bu dövrdə Gökalpın turançılıq məfkurəsi daha çox romantik və mədəni mahiyyətli olmuşdur. Bu mənada Gökalpın ideyalarına söykənən Atatürkün «panturanizm»i də ondan çox fərqlənmirdi. Bizcə, türk aydınlarının və liderlərinin turan­çılığa mü­na­si­bət­də ehtiyatlı mövqe tutmasına əsas səbəblərdən biri həmin dövrdə türk ismiylə tanınan millətlərin, o cümlədən Türki­yə türklərinin dünya müstəvisində istənilən gücə sahib olmamaları idi. Belə ki, türklərin sahib olduğu ən böyük imperiya – Osmanlı İmperiyası dağılmış, digər türk dövlətləri isə Sovet Rusiyası tərəfindən işğal olunmuşdur. Belə bir vəziyyətdə Z.Gökalpın, M.Ə.Rəsulzadənin, Ata­türk­ün və başqa türk böyüklərinin turançılığı daha çox mənəvi bir ülkü-məfkurə kimi qəbul etmələri təbii idi. Bu, onların turançılıqdan imtina etmələri deyil, Atatürkün də qeyd etdiyi kimi, zamanın tələb­lərinə və türk millətinin gücünə görə siyasət yürütmək idi.
        Bu baxımdan 1920-1930-cu illərdə tu­rançılığa yeni bir açıdan baxılması, bu mənada Şərqdəki milli axın­lar­dan olan panturanizmlə Qərbdəki şovinist cərəyanları bir-birin­dən fərqləndirməsi başa düşüləndir. Çünki Qərbdəki şovinizm-nasionalizm siyasi saldırıcı, sosial tutucu ideologiya olduğu halda, Şərqdəki millətçilik isə siyasi qoruyucu, sosial yenilikçi olaydır. Başqa sözlə, ilk dövrlərdə romantik vahid Turan birliyinə qapılan türkçülər, artıq türk irqindən ayrı-ayrı millətlərin və onların da öz müs­təqil dövlətlərinin yaranmasına inanırdılar.
        Mirzə Bala Məmməd­zadə də «Milli Azərbaycan hərəkatı» (1938) əsərində türkçülük və turançılığın türk xalqları üçün hansı: siyasi, yoxsa mədəni birlik mənası daşıması ilə bağlı mövcud olan fikirləri dəyərləndirməyə və bu məsələdə tutduğu mövqeyi ifadə etməyə çalışmışdı. O yazırdı ki, hələ çar Rusiyasının dağılması ərəfəsində türkçulər və turançılar vahid türk dövlətinin qurulması istəyində bulunsalar da, bunun imkansız olduğunu anlamışdılar: «Rusiyanın xarabalıqları üzərində vahid deyil, ayrı-ayrı türk dövlətləri qurulur və yaxud qurulmaq istənir. Dünya türklərinin geopolitik vəziyyəti, coğrafi vəziyyət etibarilə dağınıq və bir-birilərindən uzaq olmaları, onları ayrı-ayrı dövlətlər qurmağa sövq etmişdi. Doğrudur, «Müsavat» firqəsi bu vəziyyəti nəzərə almış və bu milli dövlət prinsipini dilə gətirərkən bir gün bu dövlətlərin federasiya yaradacaqlarını təsəvvür etmişdi. Fəqət o «bir gün» uzaq, bu gün isə yaxın idi. Türk dünyasının geopolitik vəziyyəti, mədəniyyət və kültür xüsusunda eyni məfkurə, qayə və taktikaya sahib müxtəlif türk ellərini siyasi-dövlətçilik sahəsində məhəlli yurdçuluq-vətənçilik yoluna sövq etmişdi». Onun fikrincə, bir bütün halda başlayan türk milli hərəkatının ayrı-ayrı yurdçuluq və milli dövlətçilik halına gəlməsində siyasi, coğrafi, iqtisadi və strateji səbəblər mühüm rol oynamışdı.
        Məhz bunun nəticəsidir ki, Türkiyədə milli hərəkata baş­la­yanlar yalnız Anadolu türklərini düşünmüş, onların pro­qramında Türkiyə xaricindəki türklərdən bəhs olunmamış, hətta Türkiyə Misaqi-Millini gerçəkləşdirmək üçün Qərbi Avropa imperialistləri ilə döyüşdə Türküstan, Krım, İdil-Ural və Azər­bay­can türklərinin mübarizə apardıqları Rusiya ilə müttəfiq olmaq məcburiyyətində qalmışdı. Türkiyə Cümhuriy­yəti qurul­duqdan sonra da bu proses davam etmiş və türk birliyi uğrunda mübarizə aparan «Türk ocağı» əvvəlcə fəaliyyətini Türkiyə ilə məhdudlaşdırmış, daha sonra isə bir müddət qapanmışdır: «Artıq Türkiyədə bir Türkiyə türkçülüyü doğmuşdu və bu halın cığırından sapmış bir xətası olmaq üzrə «Anadolu millətçiliyi» epizodu da müşahidə edilmişdi. «Anadolu» məcmuəsi ətrafında toplanan bir qrup ziyalılardan ibarət zümrənin irəli sürdyü iddiaya görə türklük bir millət deyil, bir irqdir və bu irqə Anadolu, Azərbaycan, Türküstan və i.a. kimi millətlər daxildir».

        Doğrudan da, bu dövrdə türkçülüyün ideoloqu sayılan Z.Gökalp belə türkçülüyün və turançılığın real siyasi-ideoloji hədəfi kimi türkiyəçiliyi götür­müş­dü. Onun fikrincə, uzaq gələcəkdə oğuzçuluq və daha sonra turançılıq mümkün­dür. Gökalpın bu fikirlərini əsas tutaraq M.B.Məm­məd­zadə qeyd edirdi ki, artıq türkçülük-türk birliyi kimi romantik turançılıq da əski mənasını tamamilə dəyişdirmişdi.

Yazı "Cümhuriyət" qezetinin 2015-ci il 
29 ve 31 oktyabr tarixli saylarinda dərc olunub

Azərbaycanı bütövləşdirməyin əsasları (I və II yazı)

Отправлено 1 нояб. 2015 г., 1:08 пользователем Murad Nabibekov   [ обновлено 1 нояб. 2015 г., 1:09 ]











Dos. Dr. Faiq ƏLƏKBƏROV



I YAZI

        Quzey və Güney Azərbaycan yeni bir mərhələyə yaxınlaşır - bütövləşmə mərhələsinə. Bu mərhələdə Azərbaycanın əsil övladlarının kimlər olduğu bəlli olacaqdır. Çünki əsl Azərbaycanpərəstlərin, Azərbaycansevərlərin, 3 rəngli bayrağın fədailərinin kimlər olduğunu bəlirləmək dönəminə daxil oluruq. Bu anlamda yaxın illərdə kimlərin boğazdan yuxarı, ya da səmimi olduğu ortaya çıxacaqdır. Mən əsla şübhə etmirəm ki, bu dönəmdən yalnız və yalnız Azərbaycanpərəstlər qalib gələcək, digərpərəstlər (Ruspərəst, Farspərəst, Amerikan-ingilispərəst vəb.) isə məğlubiyyətə uğrayacaqlar. Çünki ötən illər ərzində Güney və Quzey Azərbaycanda artıq yetkin Azərbaycanpərəstlər, Azərbaycanseverlər, Azərbaycan fədailəri nəsli yetişmişdir və yetişməyə də davam edir!!! Bəlkə, onların sayı bu gün azdır, amma vardır.

        Əgər Quzey Azərbaycan Rusiyaya bir az da dirənməyi bacarsa, Qarabağı və 7 rayonu işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlasa, yalnız Quzey Azərbaycanı deyil, bütöv Azərbaycanı bölgədə yeni bir qüvvəyə çevirə biləcəkdir. Çünki Güney Azərbaycanda Quzey Azərbaycanın addımları həssaslıqla izlənilir. İranın fars-molla rejiminin bütün cəhdlərinə baxmayaraq Güney Azərbaycanda Müstəqil Azərbaycana sevgi durmadan artır. Dogrudur, Quzey Azərbaycandakı bəzi ruspərəstlər, farspərəstlər, ingilispərəstlər bu sevginin artmaması üçün əllərindən gələni edirlər. Ancaq bütün hallarda onlar bunun qarşısını tamamilə ala bilmirlər və bilməyəcəklər də. Adi bir fakt deyim ki, “Traktor” və “Qarabağ” futbol komandaları Bütöv Azərbaycan komandaları durumuna gəlmişdir. Artıq “Qarabağ”a və “Traktor”a bütün Azərbaycan azarkeşlik edir. Bu sıradan bir şey deyildir. Bunu Rysiya və İran rəhbərliyi da yaxşı anlayır, nəticənin onlara görə daha da ürəkaçan duruma gəlməməsi üçün əmək sərf edirlər. Amma bu çox da effekt vermir.
        Rusiya Quzey Azərbaycana davranışında münasibətini sərtləşdirməklə, Ermənistan vasitəsiylə tez-tez atəşkəsi pozmaqla Azərbaycanın güclənməsini əngəlləmək istəyir. Hətta, bu arada Gürcüstana da basqısını artırır. Çünki Azərbaycanın dəmir yolu ilə Türkiyəyə-Qarsa çatması Rusiyanı rahatsız edir. Quzey Azərbaycanın yeni imkanlar əldə etməsi Rusiya və İran üçün eyni dərəcədə təhlükəli hesab olunur. Vaxtilə Ermənistanın əliylə Qarabağ müharibəsində Quzey Azərbaycanı məğlub duruma salan bu qüvvələr, bütün vasitələrdən istifadə edərək, iki Azərbaycanın bir olmasını istəmirlər, bunu heç gizlətmirlər də!
        Artıq Azərbaycan Türkləri iki əsrlik ayrılığa, parçalanmaya son demək üçün yeni bir mərhələyə qədəm qoyublar. Əgər Azərbaycan türkləri Əfşarlar və Qacarların ilkin dönəmlərində olduğu kimi toparlana bilsələr, yalnız Təbrizli, Bakılı, İrəvanlı, Dərbəndli, Xoylu, Urmiyalı, Gəncəli, Qəzvinli Azərbaycana deyil, bütövlükdə İrana sahib çıxa bilərlər. Bəlkə, bu günün reallıqları baxımından yazdıqlarımız xəyalpərəstlik kimi görünür, ancaq biz türklər dəfələrlə xəyal görünənləri gerçəkliyə çevirmişik. Bunun əksi olaraq da gerçək olanları da, bir xəyal kimi əlimizdən vermişik. Bu anlamda Nadir şah Əfşarın ağıllı siyasəti nəticəsində böyük Azərbaycan mərkəzli Türk dövləti qurmaq yolunu davam etdirməliyik.
        Bizcə, Nadir şahın Təbriz mərkəzli Azərbaycan vilayətini qurması Azərbaycan türk tarixində çox önəmli yer tutur. Maraqlıdır ki, Nadir şah Əfşarın bu bölgədə yeni bir Türk dövlətini qurduqdan dərhal sonra (1736) ilk addımlarından biri Səfəvilər dövründə Azərbaycan ərazisindəki bəylərbəlikləri - Şirvan (Şamaxı, Şəki, Dərbənd və b.), Qarabağ (Gəncə, Bərdə, Qazax və b.), Azərbaycan (Təbriz, Maku, Ərdəbil, Urmiya və b.), Çuxursəd bəylərbəyliklərini (İrəvan, Naçxıvan və b.) ləvğ edib Azərbaycan vilayətini yaratması olub. Artıq 1736-cı ildə Azərbaycan ərazisindəki bütün bəylərbəyliklər ləğv edilmiş, onların yerini yalnız Azərbaycan tutmuşdur. Eyni zamanda Azərbaycan vilayətinə Nadir şahın qardaşı İbrahim xan sərdar təyin olunmuşdu. Paytaxtı Təbriz olan Azərbaycan vilayətinin tərkibinə isə Dərbənd, Xoy, İrəvan, Culfa, Maku, Ərdəbil, Gəncə, Naxçıvan, Zəncan, Həmadan, Lənkəran, Astara, Bakı və başqa yerlər aid idilər.
        Bizcə, Nadir şahın vahid Azərbaycan vilayəti yaratması doğru bir addım idi. Bununla da, əvvəllər daha çox Təbriz və ətrafına Azərbaycan deyildiyi halda, Nadir şahın əmrindən sonra tarixi-coğrafi Azərbaycan Azərbaycan vilayəti adı altında rəsmilşədirildi. Yəni Nadir şah tarixi-coğrafi Azərbaycan adlanan bütün əraziləri Azərbaycan vilayəti adı altında birləşdirdi. Ayrı-ayrı xanlıqlar, bəyliklər də Azərbaycan sərdarına tabe edildi. Bununla da, Nadir şah Azərbaycanın rəsmi hüdudlarını, paytaxtını və mövqeyini bəlirlədi. Bu anlamda Nadir şahın Azərbaycan xalqının tarixində çox mühüm yer tutmasını görürük. Çünki Nadir şah Əfşara qədər Azərbaycan daha çox Təbriz və ətrafına aid edilirdi. Yalnız ayrı-ayrı tarixçilərin (Y. Həməvi, Məsudi, Təbəri və b.) əsərlərində Azərbaycan tarixi-coğrafi anlamda Dərbəndən Qəzvinə, Bakıdan Ərzurumadək ərazilərə şamil edilirdisə, Nadir şah Azərbaycan vilayətini yaratmaqla tarixi-coğrafi Azərbaycana siyasi bir status vermiş oldu.
        Nadir şahın yeni qurduğu Türk Əfşarlar dövlətində Azərbaycana bu qədər böyük önəm verməsi təsadüfi deyildir. Çünki Nadir şah Əfşar Azərbaycanı Türk Əfşarlar dövlətinin şah damarı, mərkəzi hesab edirdi. Məhz buna görədir ki, o, Azərbaycanın hər bir qarışı üçün daima savaşmış və qalib gəlmişdir. Ən önəmlisi, Nadir şah yeni Türk Əfşarlar dövlətinin qurulmasını və özünün şah elan olunmasını Azərbaycanda-Muğanda qurultay keçirərək bəyan etmişdir. Bəzi Azərbaycan tarixçiləri nə qədər bunu görməzdən gəlsələr də, bir şey həqiqətdir ki, Nadir şah üçün Azərbaycan Türk dövlətində özəl bir yerə malik idi.
        Azərbaycanın yeni bir status almasıyla, onun əhəmiyyəti daha da artmış, bölgədə önəmli yer tutmağa başlamışdır. Artıq digər ərazilər Azərbaycana tabe etdirildiyi üçün, Azərbaycan tarixi-coğrafi anlamdan birmənalı şəkildə uzaqlaşaraq siyasi, eyni zamanda ideoloji mahiyyət daşımağa başlamışdır. Əgər Səfəvilər dönəmində Azərbaycanla yanaışı, ən azı üç - Şirvan, Qarabağ və Çuxursəd bəylərbəylikləri var idisə, onlar da Qəzvinə, ya da İsfahana bağlıydılarsa, Əfşarlar dönəmində buna son qoyuldu. Bu o demək idi ki, Azərbaycan yeni bir status alır, bu statusa görə bu ərazilərdə baş verən dəyişikliklərin mərkəzində də Azərbaycan və onun paytaxtı Təbriz dayanır. Məncə, Nadir şah bu addımıyla müəyyən qədər Səfəvilər dönəminin başlanğıcına qayıdırdı. Yəni o, Təbriz mərkəzli Türk dövlətinin yaranmasına və inkişafına çalışırdı ki, Azərbaycan vilayətinin təşkili də buna hesablanmışdır.
        Qeyd edək ki, Azərbaycan vilayəti qurulduqdan sonra onun ayrı-ayrı ərazilərinə hakim təyin olunanlar artıq Təbrizdən müəyyənləşirdi. Yəni Azərbaycan sərdarı olan şəxslər İrəvana, Xoya, Naxçıvana, Şəkiyə, Səlmasa, Ərdəbilə, Bakıya bəylər, ya da xanlar təyin edirdilər. Bu anlamda Azərbaycan bəyləri, ya da xanları Nadir şahın, Adil şahın sayəsində bu adı almışlar (Pənahəli xan, Hacı Çələbi xan, Pir Mahmud xan və b.). Bununla da Nadir şah Azərbaycanın Əfşarlar dövləti içində statusunu xeyli dərcədə artırmış oldu. Sadəcə, Nadir şahın faciəli ölümündən sonra Təbrizə bağlı olan həmin Azərbaycan türk xanları Adil xan Əfşarın dövründə özlərinin müstəqilliyini elan etməyə başladılar.
        Yeri gəlmişkən, Azərbaycan tarixçiləri dünya taixçilərinə istinad edərək Almaniyanı birləşdirən Bismarkdan ağızdolusu danışır və yazırlar. Ancaq dünya tarixində Bismarkdan da önəmli yer tutan Nadir şahın yalnız Azərbaycanı deyil, süquta uğrayan Səfəvilər İmperiyasının ərazisini bütövlükdə bərpa etməsi az qala yada düşmür. Halbuki Nadir şah bir Türk övladıdır, Azərbaycan türküdür. Məhz Nadir şahın dövründə də Azərbaycan bütövləşdirildi və Türk Əfşarlar dövlətinin mərkəzinə çevrildi. Eyni zamanda Nadir şah və onun varisləri bacardıqları qədər Azərbaycanın bütövlüyünü qorumağa çalışdılar. Ən azı Nadir şahdan başlayaraq bu günümüzdək Azərbaycan türkləri paytaxtı Təbriz olan Bütöv Azərbaycan ideyasını mənimsədilər. Bəlkə də, Nadir şah türk dövlətində Azərbaycan vilayətini qurmasaydı, Azərbaycan milli ideyası da meydana çıxmayacaqdı. Dogrudur, Nadir şah Azərbaycanla, Türk Əfşarlar dövlətiylə bağlı ideyalarının çoxunu reallaşadıra bilmədi. Ancaq bütün hallarda Nadir şahdan, ümumiyyətlə Əfşarlardan başlayaraq Təbriz mərkəzli bütöv Azərbaycan milli ideayası şüurlarda iz saldı. Artıq Azərbaycan hökmdarının buyruqları Təbriz və ətrafında deyil, İrəvanda, Dərbənddə, Naxçıvanda, Xoyda, Şəkidə, Bakıda və başqa ərazilərimizdə sözsüz yerinə yetirilirdi.
        Bu anlamda Türk Qacarlar dövləti qurulduqdan sonra Əfşarların Azərbaycan vilayəti ideyasına sadiq qalan Ağa Məhəmməd şah Qacar özlərini müstəqil aparan, yəni Təbrizə tabe olmaq istəməyən Azərbaycan Türk Xanlıqlarını mərkəzə tabe olmasını istəyirdi. Bunun üçün Ağa Məhəmməd şah bir neçə dəfə Quzey Azərbaycan xanlıqları üzərinə yürüş də etdi. Ancaq həmin xanlıqlar arasından Qacarlara bağlı olan yalnız üç xanlıq, öncəliklə də Gəncə və Bakı xanları Bütöv Azərbaycan ideyasını dəstəklədilər. Ancaq Ağa Məhəmməd şah Qacarın Şuşada faciəli ölümüylə Azərbaycanın parçalanmasının əsası qoyuldu. Daha doğrusu, Nadir şah Əfşarın faciəli ölümündən sonra, Ağa Məhəmməd şah Qacarın da öldürülməsi Azərbaycanın parçalanmasını labüd etdi.

* * *

II YAZI

        Biz burada daha çox Azərbaycanın bütövləşdirməyin əsaslarını, yəni bütövləşdirmə yolundakı əsas prinsiplərimizi ortaya qoymaq istəyirik. Bizcə, Azərbaycanı bütövləşdirməyin əsasları aşağıdakı məsələlərin aydınlığa qovuşmasıyla birbaşa bağlıdır: 1. Yeni dönəmdə tarixi-coğrafı Azərbaycanın siyasi-ideoloji Azərbaycana çevrilməsi yolundakı ilk addımlar – Əfşarlar dönəmində Azərbaycan vilayətinin qurulması: 2. Azərbaycanın Qacarlar dönəmindəki yeri və mövqeyi; 3. Azərbaycan Cümhuriyyətinin qurulması və Azərbaycanın bütövlüyü məsələsinin yeni qoyuluşu; 4. Sovetlər Birliyi və İran-Pəhləvilər dönəmində Azərbaycanın bütövlüyü məsələsinin siyasi və milli aspektləri; 5. Quzey Azərbaycanın müstəqilliyi dönəmində Güney Azərbaycanda yüksələn “İstiqlal” ideyası.

        Əgər biz birinci və ikinci məsələlərə bir bütün şəkildə yanaşsaq görərik ki, yeni dönəmdə “tarixi-coğrafi Azərbaycanı” siyasi-ideoloji Azərbaycana çevirən və ona rəsmi status verən Nadir şah Əfşar, onun yolunu davam etdirən Ağa Məhəmməd şah Qacar və Abbas Mirzə olmuşdur. Dogrudan da, bu üç Türk dövlət xadimi Azərbaycanın bütövləşməsi ugrunda çox mücadilə vermiş, bu yolda önəmli işlər görmüşlər. Ancaq əgər bugünkü “Azərbaycan tarixi” kitablarında onların adları yalnız başkəsən, yadelli işğalçı, qaniçən hökmdarlar kimi yazılırsa, deməli Azərbaycan milli ideyasının, Azərbaycanın bütövlüyünün mahiyyətini sözqn həqiqi mənasında dərk etməmişik. Bu məsələylə bağlı hökmən deməliyəm ki, nə vaxta qədər “Azərbaycan xalqının tarixi”ni deyil, “Azərbaycan taixi”ni, yəni yalnız coğrafi bir ərazinin tarixini yazacaq, buna uygun olaraq sinkretik bir tarix uyduracağıqsa, o zaman Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr bizlər üçün doğma deyil, yad olacaqlar. Bu məsələnin burada geniş izahına yol vermədən deyə bilərik ki, xalqın deyil, coğrafi ərazi tarixini yazmağa davam etidyimiz üçün mövcud “Azərbaycan tarixi” kitablarında da bizə bəlli səbələrdən, əsasən Azərbaycanın bütövləşməsindən çox Azərbaycanın parçalanmasını təbliğ edlir. Çünki bu gün Azərbaycan tarixçilərinin əksəriyyətində cəsarət və iradə yoxdur ki, Azərbaycan türklərinin tarixini yazsınlar.
        Halbuki bu gün biz Azərbaycan türk xalqının tarixi çərçivəsində tariximizi öyrənsək görərik ki, Nadir şah, Ağa Məhəmməd şah, Abbas Mirzə kimi Türk böyükləri Azərbaycan üçün mücadilə vermiş və bu yolda şəhid olmuşlar. Bu gün onları türk, qacar, əfşar, azərbaycanlı və sair adlandırmağımızdan asılı olmayaraq onlar bu torpaqlarda savaşlar vermiş, özlərini şah elan etmiş Azərbaycan türkləridir. Əgər biz bunu doğru şəkildə övladlarımıza çatdıra bilmiriksə, deməli Azərbaycanın bütövlüyü söz olaraq qalacaqdır. Ancaq bugünkü yeni nəsil bilsə ki, Nadir şahlar, Ağa Məhəmməd şahlar, Abbas Mirzələr onların ata-babalarıdır, özləridirlər, onların müstəqil və azad yaşamaları üçün çar Rusiyası, İngiltərə, Fransayla mübarizə ediblər, o zaman yeni nəslin özünə inamı da artacaq, bütövlük ideyasına daha da möhkəm sarılacaqdır. Bu anlamda Azərbaycanın bütövləşməyin ilk prinsipi bugünkü nəslin Nadir şahlara, Ağa Məhəmməd şahlara, Abbas Mirzələrə sahib çıxmaları və onların törəmələri, davamçıları olduğunu bilməlidirlər.
        Quzeyli-güneyli yeni nəsil bilmlidir ki, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacardan sonra Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan Türk Qacar dövlətinin vəlihədi, Azərbaycan hökmdarı Abbas Mirzə də olmuşdur. Dogrudur, Abbas Mirzə Azərbaycanın bütövlüyü ugrunda çar Rusiyasına qarşı apardığı iki müharibənin ikisində də yenilmişdi. Həmin müharibələr isə “Azərbaycan Türk xalqının tarixi”nə Gülüstan (oktyabr 1813) və Türkmənçay ( fevral 1828) sülh müqavilələri kimi yazılmışdır. Bəs, bugünkü quzeyli-güneyli Azərbaycan türk xalqı Abbas Mirzənin məğlubiyyətinin əsas səbələrini bilirmi?! Yoxsa, hələ də hesab edirik ki, yalnız çar Rusiyasının qoşunları Abbas Mirzəninin Azərbaycan türk ordusundan hərbi texnologiyada üstün olduqları üçün hər müharibədən qalib çıxdı?! Bizcə, indiyə qədər “Azərbaycan tarixi” kitablarında, eyni zamanda başqa kitablarda şüurlarımıza yeridilmiş “akademik tarix”in əsil mahiyyətini dərk etmədikcə “Gülüstan” və “Türkmənçay” barış müqavilələrinə münasibətimiz dəyişməyəcəkdir. Əgər bir xalqın tarixində onun hökmdarının - Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsinə mədhiyyələr yazılmışdırsa, hələ də bu davam edirsə, təbii ki, Azərbaycan hökmdarı Abbas Mirzənin də bütövlük uğrunda apardığı müharibələrini bəzilərinin dili ilə desək, özümüzdən “İran adılanan ölkə”nin adına yazmaqla kifayətlənəcəyik. Halbuki “İran adılanan ölkə” farslardan, farsdililərdən çox türklərə, türksoylulara bağlıdır.
        Burada onu hökmən qeyd etməliyik ki, “İran adılanan ölkə”ni ən azı son min ildə Türk sülalələrinin idarə etdiyini yazan Azərbaycan Cümhuriyyətinin qurucusu, milli ideoloqumuz Məhəmməd Əmin Rəsulzadə hesab edirdi ki, Azərbaycana İran dövlətində qardaş və arxadaş kimi baxmalıdırlar. Bu sözləri Rəsulzadə o zaman yazırdı ki, artıq çar Rusiyasının işğalı altında olan Quzey Azərbaycan müstəqilliyinə (1918-1920-ci illər) qovuşmuşdursa, buna ən çox sevinən İran-Türk Qacarlar dövləti olmalıdır. Halbuki bunun tərsinə, Quzey Azərbaycanın müstəqillik əldə etməsini Türk Qacarlar dövlətində başqa yerə yozanlar tapılır. Rəsulzadə işarə edirdi ki, Quzey Azərbaycanın müstəqillik əldə etməsini İran Azərbaycanın gələcəkdə onunla birləşməsi kimi yozanlar spekulyasiyaya yol verirlər. Çünki o dönəmdə Qacarlar dövlətinin yetkililərindən bir qismi, özəlliklə İran türkləri Azərbaycan Cümhuriyyətinin qurulmasına sevindiyi halda, digərləri daha çox da farsdilli təbqbə bundan rahatsız idilər. Bu isə öz əks-sədasını indi olduğu kimi, mətbuat səhifələrində tapırdı.
        Bizcə, həmin dövrdə Rəsulzadənin həm yeni Türk Cümhuriyyətinə Azərbaycan adının verilməsində israr etməsi, daha sonra Türk Qacarlar dövlətinin bu məsələdəki rahatsızlığına gətirdiyi izahlar bu gün üçün də çox önəmlidir. Əslində Rəsulzadə apardığı milli mücadilə yolunda heç bir zaman İranı idarə edən Türk Qacarlar dövlətinə qarşı kəskin mövqe tutmamışdır. Sadəcə, Rəsulzadə daima İranın demokratikləşməsi, konstitusiyalı və parlamentli bir ölkəyə çevrilməsinə çalışmışdır. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra da Rəsulzadə İranla-Türk Qacarlar dövlətiylə münaqişələrə girməkdən yan qaçmış, Türk-Müsəlman-demokratik Azərbaycan dövlətinin müstəqilliyinin İran üçün də zəruriliyindən bəhs etmişdir. Bizcə, Rəsulzadənin bu mövqeyi Azərbaycanın bütövləşdirilməsi yolunda əsas prinsiplərdəndir. Yəni öncə İrana “Türk İranı” kimi baxmaq və Azərbaycanı “Türk İranı”na düşmən deyil, tam əksinə qardaş və arxadaş olaraq görmək. Şübhəsiz, Rəsulzadənin Irana baxış açısı çox doğru idi. Bu baxış hər hansı bir formada gələcəkdə quzeyli-güneyli Azərbaycanı gücləndirməyə, bütövləşdirməyə hesablanmışdır.
        Ümumiyyətlə hesab edirik ki, 20-ci əsrin əvvəllərində Quzey və Güney Azərbaycan türkləri, onun tanınmış simaları Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və başqaları, əsasən Azərbaycanın mənəvi, daha sonra fiziki birliyi ugrunda çox mühüm işlər görmüşlər. Təbii ki, burada müəyyən yanlışlıqlar və kənara çıxmalar olmuşdur, amma bu məsələyə bir bütün kimi yanaşsaq, bütövlük yolunda ciddi addımlar atılmışdır. Onlar bu mübarizəni apararkən indi olduğu kimi, Azərbaycanı İrandan müdafiə etməyi deyil, bütün İrana sahib çıxmağı düşünmüşlər. Yəni Quzey Azərbaycanın müstəqilliyi var olduqca İran Azərbaycanı özünü daha güclü hesab edəcək, İranda Azərbaycan mühüm və mərkəzi yer tutacaqdır.
        Amma etiraf etməliyik ki, Sovetlər Birliyi və İran-Pəhləvilər dönəmində Rəsulzadənin və digərlərinin bu ideyasına qarşı antitəbliğat maşını işə düşdü. Belə ki, Quzey Azərbaycanın müstəqilliyini əsasən itirməsi (1920 aprel), çox keçmədən İranda Türk Qacarlar dövlətini Fars Pəhləviləri əvəz etməsi Güney Azərbaycanda Quzey Azərbaycana olan münasibəti dəyişməklə yanaışı, onun statusu da aşağı düşdü. Bu isə Azərbaycanın bütövlüyü yolunda müəyyən dəyişiklikəri özüylə bərabər gətirdi. Burada əsas məsələ birbirinə yaxın iki Türk dövlətinin – Azərbaycan Cümhuriyyətinin və İran Qacarlar dövlətinin mahiyyətinin dəyişməsi, bunun əvəzində zahirini qoruyub saxlaması idi. Belə olduğu təqdirdə, artıq iki Azərbaycanın bir olması məsələsi başqa aspektlərdən gündəmə gəlməyə başladı. Yəni Azərbaycanın bütövləşməsi məsələsi SSRİ tərəfindən milli məsələdən kənara çıxarılaraq “beynəlmilələşdirildi”.
        Bu anlamda, özəlliklə SSRİ rəhbərliyinin başçılığıyla 2-ci Dünya müharibəsi illərində Azərbaycan SSR ilə İran Azərbaycanının birləşdirilməsi olayı, Azərbaycanın bütövləşdirilməsi yolunda müsbət cəhətləriylə yanaşı, mənfi məqamları ilə də tarixə iz saldı. Hər halda Güney Azərbaycanda Milli hökumətin yaranması həm buradakı Azərbaycan türklərinin Pələvilərə qarşı özünü ifadəsinin bir örnəyi, həm də Quzey Azərbaycanla birləşə bilməsi ideyasını daha da gücləndirdi. Sadəcə, Azərbaycanın bütövlüyü ideyasının SSRİ tərəfindən ortaya atılması, daha sonra Moskvanın bunun arxasında dayanmaması kimi fikirlər də btün Azərbaycan türklərinin yaddaşında mənfi iz buraxdı.
        Bu gün Quzey Azərbaycanın müstəqilliyi Güney Azərbaycanın müstəqilliyi üçün əsas prinsiplərdən biri olmaqla yanaşı, bütövlüyə doğru gedən yolda bir mayakdır. Doğrudur, İran türkləri arasında yalnız Azərbaycana deyil, bütövlükdə İrana sahib çıxmaqla bağlı da ideya vardır. Təbii ki, İrana sahib çıxmaq üçün də öncə güclü, bütöv və yenilikçi Azərbaycan olmalıdır!!! Yəni bütün hallarda Azərbaycan bir olmalıdır ki, ondan sonra digər ideyalarımızı həyata keçirək.
Mənbə: Karabakhmedia.az

“2 saat 40 dəqiqəyə dörd kəndimizi azad etdik”

Отправлено 17 авг. 2015 г., 3:41 пользователем Murad Nabibekov   [ обновлено 17 авг. 2015 г., 3:42 ]

“Cəbhə xətti”ndə Qarabağ qazisi Əkbər Rüstəmovdur.

 

        Əkbər bəy 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə Sənaye Pedaqoji Texnikumunu bitirərək, 1967-1969-cu illərdə sovet ordusunda xidmət edib. Sonralar gimnastikayla məşğul olub, müxtəlif cempionatlarda uğurlu çıxışlar edib. Bir müddət peşə məktəbində idman müəllimi işləyib. Bugünkü “Qarabağ” futbol komandasının yaradıcısıdır.  Hacı Əkbər Rüstəmov həm də “Qapımı vətən döydü”, “Qalx ayağa vətən oğlu”, “Sənan əfsanəsi” adlı kitabların da müəllifidir. Oğlu Sənan Qarabağ savaşında şəhid olub. Hazırda müəllimlik edir.

        Əkbər bəy Qarabağ savaşında ilk döyüşündən son döyüşünəcən keçdiyi yolu “Cəbhə xətti”nə danışır

 


        Xocalı hadisəsi gözümüzün qabağında oldu

 

        İlk dəfə “Daşlaşma dövrü”ndə başladı bu hadisələr. Biz ilk şəhidlərimizi verdik. Məni daha çox kövrəldən 6-7-ci sinif uşaqlarının əllərinə taxta parçası götürüb gəlməsiydi. Onların qarşısını almaq olmurdu. Artıq bütün rayonlardan Qarabağa yardım gəlirdi. Bu yardımları mən kəndlərə çatdırırdım. Bizim əlimizdə müdafiə üçün ancaq ov tüfəngləri vardı, amma ermənilərə silah vermişdilər. Bütün yollar bağlanırdı yavaş-yavaş. 1991-ci ildə artıq Ordumuzu formalaşdırmağa başlamışdıq. İlk dəfə Şirin Mirzəyevi dəvət etdik. O, oktyabrın 4-də Ağdam rayon 50 nömrəli peşə məktəbində 700-dən çox mülki əhalini hərbiyə qeydə aldı. Həmin adamların 80 faizi Xaçınıstroy deyilən yerdə məskunlaşdı. Şirin Mirzəyev də briqada komandiri oldu.

 

        1000 nəfərə 32 avtomat

 

        1992-ci ildə Əsgəran istiqamətində böyük hücum zamanı 8 şəhid verdik, 5 yaralımız oldu. Xoramurd kəndini ermənilərdən azad etdik. Sonra Xocalı hadisəsi (gecə saat 11-də) gözümüzün qabağında oldu. Bizim 1000 nəfərlik batalyonun 32 avtomatı, bir pulemyotu vardı. Bu silahı da döyüşdə öldürdüyümüz rusdan, ermənidən götürmüşdük. Gəldik camaatı şumluqdan xilas etməyə. Gördük ki, yüzə yaxın adamı, əsas da qadınları ayağından vurublar. Onları kürəyimizə atıb, atəş aça-aça gətirib maşınlara təhvil verirdik. Oradan da Ağdama aparırdılar. Məni duyğulandıran bir şey oldu orda...

 

        Hələ bu gün də heç kimə məlum deyil ki...

 

        Bir yaşlı adam məni görüb sevincək boynuma sarıldı. Nə də olsa, qorxu pis şeydi də... Biz həmin vaxt bir evdən 4 nəfər döyüşürdük – 3 oğlum, bir də mən. Oğlumun biri Şirin Mirzəyevin dəstəsində döyüşürdü. Sonra ermənilər Abdal-gülablıya hücum elədilər, 60 evi yandırdılar. Həmin döyüşlərdə Şirin Mirzəyevin batalyonu xeyli erməni məhv etmişdi. Bir BMP ələ keçirmişdilər. Ermənilərsə bizim  helikopteri vurub pilot Şivaryovu əsir almışdılar, onu əlibağlı aparan yerdə oğlum Sənan erməniləri tərksilah edib, onu xilas etmişdi. Sənan qayıdandan sonra demişdilər ki, bəs ikinci pilot girov qalıb. Gedib onu gətirəndə şəhid olmuşdu!.. Hələ bu gün də heç kimə məlum deyil ki, Sənan erməniləri necə məhv edib Şivaryovu onlardan alıb gətirib. Mən özüm indi mayor sayılıram, öncə rota komandiri, sonra batalyon komandiri olmuşam. Bu gün də əsgərlərimlə münasibətim var.

 

        84 günün hər günü

 

        Daha sonra iyunun 12-də Azərbaycan Ordusu hərtərəfli hücuma keçdi. Biz həmin hücumlarda iki saat 40 dəqiqəyə Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulağı azad etdik, 84 gün də orada qaldıq. Orada itkimiz az oldu. Ancaq Allahverdi Bağırov minaya düşüb şəhid oldu. 84 günün hər günü hücumlar oldu. Ermənilər nə qədər güclü hücumlar etsələr də, onları məhv etdik.

 

        Komandir, evinin işığı yanır...

 

        Sizə bir xatirəmi danışım. Balaca bir qızım vardı. Ağdamda evlərimizi dağıtmışdılar deyə, qızımı oğlumla göndərdim, dedim, bunu Bakı qatarına mindir, qayıt. Özümün vaxtım yox idi hərəkət etməyə. Həmin vaxtlarda da əsgərlər gedib bizim həyətdən meyvədən-zaddan yığıb gətirirdilər. Bir də eşitdim ki, əsgərlər deyir, komandir, evinin işığı yanır. Dedim, axı orada kimsə yoxdur. Bir də xəbər tutduq ki, qardaşı bunu qatara mindirib qayıdan kimi qızım qaçıb gəlib evə. Qardaşı yenidən bunu yolladı Bakıya. Bir gün mən də 6 aydır uşağı görmürəm deyə, Bakıya gəlmişəm. Mənə deyirlər ki, qızın getdi Ağdama. Ondan sonra avtovağzaldan hansı avtobusla getdiyini öyrənib taksiylə qabağlarını kəsdim. Avtobusdan düşürdüm.

 

        Bax belə xatirələr olub. Bu, məni çox duyğulandırmışdı.

 

        Əkbər müəllim, oğlumu ver!

 

        İki qardaş vardı - Şakirlə, Zeynal. İkisi də mənim tələbəm olmuşdu. Ermənilər Çıraqlı kəndini vurdular. Kənd 3 saat qaldı ermənilərdə. Sonra mən bütün batalyonlara müraciət etdim. Köməkləşib erməniləri oradan çıxardıq. Bizdən Cəfər adlı oğlanın sol qolun kəsdilər, bir nəfər həlak oldu, amma Şakiri çıxara bilmədik. Çünki bizim ən güclü silahımız avtomatdı, erməni isə tanklarla idi. Orada Şakirin anası gəldi, tutdu yaxamdan, dedi “Əkbər müəllim, oğlumu ver!” Anadı da, nə deyim ona.. Ağlaya-ağlaya məni qucaqladı. Birdən baxdı üzümə. Öpdü üzümdən, dedi, sən komandirsən, sənin günahın yoxdu, ancaq oğlunun da, oğlumun da qanını al.

 

        Məni arxadan vurun, basdırın...

 

        Sonra ermənilər güclü hücumlar edib bizi Qərvəndən çıxaranda qarşısını ala bilmədik. Deməli, gecədi, üzüm bağlarındayıq. Baxdım ki, ayağım getmir. Uşaqlara dedim ki, dayanın, burda dayanaq, gedə bilmirəm. Şagirdlərimdən biri yanımda döyüşürdü, mənə dedi ki, müəllim, qoy səni belimdə aparım. Qayıtdım ki, Bayram, oğul, ayağım gedir e, ürəyim getmir! Yanımda da bir əsgərim vardı, ayağından vurulmuşdu. Mənə dedi ki, müəllim, bizi qırğına verirsən Dedim, yox, sizi qırğına vermirəm, amma burdan da getmək istəmirəm, məni arxadan vurun, buradaca basdırın. Ya da gəlin, burda səngər qazaq, post quraq. Doğurdan da uşaqlar 10 gün idi ac-susuz idilər, onların haqlı olduğunu bilirdim, nə edim, oraları da tərk edə bilmirdim. Anidən özümdən asılı olmayaraq, əyilib yerdən palçığı götürüb yedim, dedim ki, bu, vətən torpağıdı, bunu çörək əvəzi yeyib, yağış suyu içəcəyik, amma buradan geri çəkilməyəcəyik!

 

        Baxdım ki, əsgərin başı yoxdur...

 

        Avtomatı bunlara tuşladım, dedim, gedən olsa, vuracam. 30 nəfər olardıq. Ya orda ölməliydik, ya da geri çəkilməyəcəkdik. Gecəylə Bərdəyə gedib onlara yemək-içmək gətirdim. Döyüşlərin birində tank atəşi eşidildi. Səsi eşitdım, dönüb baxdım ki, yanımda vuruşan əsgərin başı yoxdur! Bu, dəhşət idi.

 

        Son güllə

 

        1994-cü ildə ikinci kantuziyamı almışam - Cavahirlidə. Olduğum yerə 6 raket mərmisi düşdü. Məni nətəhər tulladısa, gedib düşdüm kolluğa. Amma sonra da ordan necə çıxdığımı bilmədim. Yadımda bircə o oydu ki, torpaq altda qalmış bir əsgərimi ordan çıxarmışam. Məni, yaralı idim deyə, Papanin hospitalına gətirdilər, amma həkimi aldadıb yenidən səngərə döndüm. Bizim hər birimizin boynunda bir patron vardı, yaralansaq, əsir düşməyək deyə, özümüzü o patronla vuracaqdıq. Bu, əsir düşməkdən daha yaxşı idi! Bir dəfə Ergi düzündə ermənilər güclü hücum etdilər, orda mühasirəyə düşəcəkdik. Fikirləşdim ki, özümü vurum, onlara əsir düşməyim. Amma ordan salamat çıxdıq.

 

        Xanımlardan biri makinamda yazmışdı ki...

 

        Sıralarımızda qəhrəman xanımlar olub. Onlardan Familə, Atlas, Çimnaz, Yasəmən xanım (rəhmətlik) vardı. Hamısı da ziyalı idi. Onlar doğurdan da qəhrəman idilər.

Deməli, biz xanımları səngərə qoymurduq deyə, bir dəfə gəldim ki, otağımdakı makinaya xanımlardan biri belə bir şey yazıb “Əkbər bəy, məni bağışla! Mən arxa cəbhədə qala bilmərəm, buna ürəyim razı olmur”. Bu məni həm əsəbiləşdirdi, həm də kövrəltdi. Bax, belə xatirələr olub! Sonra o xanımı səngərdə görüb, yaxın getmədim, dedim, qoy vuruşsun.

 

        İçimdən ikinci bir səs gəldi...

 

        1992-ci ildə Əsgəranda böyük döyüşümüz oldu. Nizami həkim kiçik oğlum Kənanı da ora gətirmişdi. Əsəbiləşib, əvvəl həkimi ordan uzaqlaşdırmaq isdədim. Sonra dedim, bu uşaqdı, bunu niyə bura gətirmisən Sən özün də həkimsən, gərək yaşayasan ki, əsgərləri də yaşadasan. Bunları ordan qaytardım. Orda bir anlıq bir şey düşündüm. Görəsən mənim övladlarım haradadır, içimdən ikinci bir səs gəldi ki, burdakılar hamısı sənin övladın deyilmi

 

        Balakənli qızı qaçırtdırdım...

 

        Rövşən adlı bir əsgərim vardı. Balakən rayonundandı. Sevdiyi qızı ona vermirdilər. Bir başqa balakənli uşağı yolladım, qızı ordan qaçırtdırdım Ağdama. Amma Rövşənə bir şey olmasın deyə, oğlum Sarvanı onun yerinə qoydum. Dedim, bunların toyunu da Ağdamda edəcəm. Rövşəni də, qızı da ailəsinə verdim, getdilər toy eləməyə. Onların toyunda iştirak etdik.

 

        Sentyabrın 5-də

 

        Sonuncu döyüşüm 1995-ci il sentyabrın 5-də olub. Həmən döyüşdə ermənilər çox güclü idi. Əslində, ruslar idi bizə qarşı döyüşən. Nəmirli Şotlantı istiqamətindəki  yolu da vururdu ermənilər. Xeyli atışıb sakitləşdik.

        1997-ci ildə tərxis olmuşam. Ağdam Şəhər Sovetinin müavini idim. Ailəmlə 7-ci mikrorayonda yerləşmişik. Dövlətin heç bir imtiyazından yararlanmıram. 


Mənbə: Moderator.az

15/08/2015

 


 

Azərbaycan xalqının vicdanına səslənirəm!

Отправлено 7 июл. 2015 г., 13:30 пользователем Murad Nabibekov   [ обновлено 8 июл. 2015 г., 0:57 ]





Dos., Dr. Faiq ƏL
ƏKBƏROV, 
Azərbaycan xalqının vicdanına səslənirəm!
AMEA Fəlsəfə və Hüquq İnstitutunun
aparıcı elmi işçisi


Azərbaycan xalqının vicdanına səslənirəm!

Qarabağın, işğal altındakı torpaqlarımızın geri qaytarılması barədə zaman-zaman şaiyə yayanların və həmin şaiyələri mətbuatda verənlərin vicdanları olsa belə etməzlər. Milli dəyəri şouya çevirmək, bunu utanmadan və həyasızcasına etmək şərəfsizlikdir. Hər şeyi, amma hər şeyi şouya çevirdniz yetmədi mi? Qanımız tökülmədən, şəhid və qazi olmadan bir qarış torpağın belə geri qayıtmayacağını bildiyimiz halda, Azərbaycan xalqının vicdanı ilə oynamaq olmaz! Qarabağ Azərbaycan xalqının (güneyli-quzeyli) son vicdan və şərəf yeridir. Bizim Azərbaycan kimi varlığımız və yoxluğmuz Qarabagdan asılıdır. Qarabağ Azərbaycanın gələcəyi, ya da gələcəksizliyi yolunda son açardır...

Azərbaycan xalqının vicdanına səslənirəm!

Bizlər itirilmiş Basarkeçərə, Göyçəyə, İrəvana, Borçalıya, Dərbəndə göz yummaqla çox şeylərimizdən keçmişik. Məncə, Qarabağ son qalamızdır ki, onu da itirmək təhlükəsiylə üz-üzəyik. Daha dogrusu, de-fakto itirdiyimiz Qarabağın de-yure təsdiqinə şərait yaratmaqla vicdanımıza tüpürəcəyik. Bu şayiələr də məhz çirkin niyyətlərə xidmət edir. Yəni Qarabağsız Azərbaycana hazırlamaq üçün bu oyunlar oynanılır. Hətta, bəziləri deyirlər ki, 7 rayon qaytarılsın, Qarabağ onsuz da itirilib. Bədəbəxtlər! Zavallılar!

Azərbaycan xalqının vicdanına səslənirəm!

Bəs hanı o milyonlar ki, Avropa Oyunlarında olduğu kimi, bu gün Qarabağ üçün bir araya gəlmir. Axı Qarabağı hər zaman Vicdanımız, Azərbaycanın vicdanı kimi qəbul etmişik. Yoxsa Vicdanımızdan, Azərbaycanın Vicdanı olan Qarabağdan artıq imtina etmişik?! Hanı on minlər, milyonlar ki, onların ürəyi Qarabağ üçün döyünmür. İrəvan, Göyçə, Dərbənd, Borçalı kimi Qarabağada mı arxa çevirək?! Əgər çeviririksə Qarabağ üçün ya oluma, ya da ölümə hazırq mı?!

Azərbaycan xalqının vicdanına səslənirəm!

Əslində hamımız öz içimizdə bilirik ki, bu gün Dağlıq Qarabağ və 7 rayonun işğaldan azad olması istiqamətində aparılan işlər nəinki qənaətbəxş deyil, ümumiyyətlə bizlər üçün arzuolunmaz durumdadır. Bütün bunlara baxmayaraq, Azərbaycanda “Qarabağ” deyilən bir anlayış ya işğal günlərində, ya da hansısa görüşlərdən sonra simvolik bəyanatlar zamanı yada düşür. Sadəcə, yada düşür. Sonra da bir neçə cümləlik bəyanat, vəssalam. Halbuki Vətən torpağı param-parçadır, Vətən torpağı düşmən tapdağı altındadır! Hər birimiz hiss edirik ki, Qarabağın taleyinin Zəngəzur, Göyçə, Dərələyəz, Dərbənd, Basarkeçər, İrəvan və digər ellərimizin taleyinə çevrilmək təhlükəsi hər il daha da artır. Hər il özümüzə olan inamımız zərbə altına düşür. Çox şükürlər olsun ki, yalnız Mübaraiz İbrahimov kimi dəyərli övladlarımızın fərdi qəhrəmanlıqları, fədəkarlıqları ümidlərimizin tamamilə sıfıra düşməsinə əngəl olur. Amma nə zamana qədər bu cür nadir qəhrəmanlıqlarla yetinəcəyik?! Nə zamana qədər müstəqil dövlət olduğumuz halda, tarixi torpaqlarımızın tamamına olmasa da, onun dünya dövlətlərinin əksəriyyəti tərəfindən tanınan ərazisinə sahib çıxmayacağıq?! Daha doğrusu, torpaqlarımıza çıxmaq borcumuzu yerinə yetirməyəcəyik. Nə vaxta qədər uşaqlarımıza işğal günlərini öyrədəcyik?! Bir qaşıq qanımızdan ötrü mü....

Azərbaycan xalqının vicdanına səslənirəm!

Bunun müqabilində Azərbaycan insanı neçə illərdir ümidini, artıq adını belə unutmağa başladığı ATƏT-in Minsk Qrupunun (Rusiya, Fransa və ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın dövlət başçılarının böyük fasilələrlə apardığı danışıqlara bağlamışdır. ATƏT-in Minsk Qrupunun əksər həmsədrləri müəyyən istisnalarla, Azərbaycana münasibətdə yuxarıdan aşağı, yəni aşağılayıcı mövqe tutmuşlar, tutmağa da davam edirlər. Etiraf etməliyik ki, onların bu cür münasibətləri təsadüfi deyildir. Birincisi, məğlub tərəfik. İkincisi, məğlubiyyəti silahla deyil sülhlə çözmək yolunda Ermənistandan daha çox canfəşanlıq edirik. Üçüncüsü, bəlkə də ən əsas odur ki, Qarabağ məsələsində Azərbaycan xalqının iradəsi hər il daha da zəifləmişdir. Kim xatırlayır, axırıncı dəfə Qarabağ üçün meydanlara on minlər nə zaman çıxmışdır?! Məncə, heç olmasa 10 min Azərbaycan insanı Qarabağ üçün meydanlara çıxmırsa, nə ATƏT-in Minsk Qrupunun üzvlərində, nə Türkiyədə, nə İranda, nə də Turanda günahkar axtarmamalıyıq. Hər birimiz bir Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Xankəndi, Ağdərə olmadıqca, hər birimizin ailəsində bu torpaqlar üçün şəhid və qazilər olmadan onları sənə - Azərbaycan insanına nə Rusiya, nə də ABŞ verəcək.

Azərbaycan xalqının vicdanına səslənirəm!

Sən isə, Azərbaycan insanı, yalnız Bakını Azərbaycan biləcəksən! Elə biləcəksən ki, Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Xankəndi, Ağdərə və başqa torpaqlarımız da Bakıdadır, Bakı da Azərbaycandır. Çünki Bakıda 170 metrlik Azərbaycan bayrağının ucaldığı, Azərbaycanın adı bu anlamda nə zamansa Qərbin Ginnes rekordlar kitabına düşdüyü halda, bir əsgərimiz öz əlləriylə Şuşaya, Xankəndinə Azərbaycan bayrağını hələ qaldıra bilməmişdir. Bir kəndi işğaldan azad etmədən az qala bütün Qarabağı şaiyəylə geri qaytarmaq da Ginnesin rekordlar kitabına düşmək kimi bir şeydir. Bu cür nam Azərbaycan insanına yaraşmaz! Azərbaycan insanı öz qanı və canıyla torpaqlarına sahib çıxmalıdır. O torpağa ki, heç olmasa bədəninin eyiblərini bir gün örtəcəkdir.

Azərbaycan xalqının vicdanına səslənirəm!

Biriləri Azərbaycanda şaiyələrlə xalqın vicdanıyla oynadığı, Qarabağı şouya çevirdiyi halda, Ermənistan Rusiyanın və Qərbin yardımıyla işğal altında tutduğu Qarabağ və 7 rayonda yeni məktəblər, kilsələr xəstəxanalar tikir, ya da təmir etdirir. Bax gerçəklik budur! Gerçəklik odur ki, Azərbaycan insanı, sən öz torpaqlarına sahib çıxa bilmirsən! Sənin torpaqlarında ermənilər, erməni kimlilər, xristianlar at yox, tank yox, nə gəldi “oyna”dırlar... Avropadan da bir neçə özləri kimilərini də gətrirlər. Səni çörəklə, işsizliklə imtahana çəkərlər dözərsən. Amma torpaq son şərəf yerindir...Torpağın yoxdursa heç nəyin yoxdur, heç nəyin...

Azərbaycan xalqının vicdanına səslənirəm!

Mən, Sən və O, yəni BİZLƏR şəhid və qazi olmadan Qarabağ düşmən tapdağından azad olmayacaqdır!!! Bəs o zaman nəyi gözləyirik?! Yoxsa, ümid edirik ki, harınlaşmış bir çox məmurların övladları da əsgərliyə getsinlər, ondan sonra müharibəyə başlayaq? Amma bildiyimiz kimi bu heç zaman baş verməyəcəkdir. Çünki Vətən sevgisi torpağın dəyərini pul-parayla dəyərləndirənlərə görə deyil, onu namus və şərəfi kimi bilənlər üçündür... Məmurların əksəriyyətinin işi torpaqlar zəbt edib hasarlar çəkmək və villalar tikməkldir. Sonra da deyirlər ki, o villalar bizim deyil... Villalarına sahib çıxmağa belə cəsarət edə bilməyən məmurların övladlarından əsgər olar mı?! Ona görə də, sabah müharibə başlasa, bütün ədalətsizliklərə, haqsızlıqlara baxmayaraq yenə də cəbhəyə, torpağına namus və şərəf kimi baxanlar gedəcəklər. Onsuz da, zorən vətən sevgisi ola bilməz. Bu anlamda Torpaq, Vətən, El deyəndə ağzında dili, cismində ürəyi yananlar üçün müharibə ölüm deyil, olumdur...

Azərbaycan xalqının vicdanına səslənirəm!

Sonda üzümü Azərbaycan ziyalılarına (o ziyalılara, ki hələ də beləl
ərində ziyalılıq əlamətləri vardır) tutaraq deyirəm ki, Qarabağla bağlı durumun hansı mərhələdə olmasıyla, yayılan şayiələrin Azərbaycan xalqında yaratdığı xoşagəlməz vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmək lazımdır. Yəni dövlət başçısından xahiş etmək lazımdır ki, Azərbaycan ziyalılarını qəbul edərək, Qarabağla bağlı son durumu onlarla bölüşsün. Çünki bu gün Azərbaycan xalqının iradəsini İlham Əliyev ifadə edir. Bizlər də bilməliyik ki, Qarabağla bağlı vəziyyət nədir, Qarabağın tezliklə işğaldan azad olunması yolunda dövlət başçısına nə kimi dəstəyimiz ola bilər. Hər halda dünya da bilməlidir ki, Qarabağ məsələsi Azərbaycan ziyalılarını daima narahat etmişdir və etməyə da davam edir. Məncə, indiki durumda buna çox ciddi ehtiyac vardır. Həm də çox.....

1-10 of 17